Nikolay Patruşevin Azərbaycana seçim təklif edəcəyi barədə mülahizələr var
Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev mayın 11-12-də Bakıya səfər edəcək. Bu barədə “Interfaks-Azərbaycan”a Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində Nikolay Patruşevin Azərbaycan rəhbərliyi ilə danışıqları gözlənilir. Bakıda o, Sovet Ittifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyacaq.
Nikolay Patruşevin hansı missiya ilə gələcəyi göstərilmir.
Qeyd edək ki, bu səfər Moskvada keçiriləcək Qələbə bayramı mərasimlərindən dərhal sonra baş verəcək. Həmin mərasimlərdə iştirak etmək üçün ölkə başçısı Ilham Əliyev dünən Moskvaya yola düşüb. Onun Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli formatda görüşünün olacağı barədə məlumat yoxdur.
Ekspertlər Azərbaycan hakimiyyətilə Qərb arasında gərginliyin pik həddə çatdığı vaxtda Patruşevin Bakıya səfərini təsadüfi saymır. Onların fikrincə, Azərbaycanda möhkəmlənməyə çalışan Rusiya bu fürsəti əldən vermək istəmir. “Rusiya Azərbaycan hakimiyyətilə Qərb arasında münasibətlərin gərginləşməsindən məmnundur. Zaman-zaman Kreml münasibətləri gərcinləşdirmək məqsədilə Qərbin Azərbaycanda inqilab planlaşdırdığı barədə Bakını ”xəbərdar" edib. Indi Qərblə Azərbaycan hakimiyyəti arasında münasibətlər görünməiş dərəcədə gərgindir. Hətta hakimiyyət Novruz Məmmədovun dililə Qərbin Azərbaycanda inqilab planlaşdırdığı bəyan edir. Rusiya da belə vəziyyətdə hərəkətsiz dayanmaq istəmir. Böyük ehtimallla görüşlərdə Qərblə münasibətlər müzakirə mövzusu olacaq və Azərbaycana seçim təklif olunacaq".