Türkiyə Rusiya ilə münasibətlərə yenidən baxır
Fuad Qəhrəmanlı: «Azərbaycanın mənafeyi tələb edir ki, ölkəmiz bu məsələdə Türkiyənin yanında olsun»
Rusiya prezidenti Vladimir Putinin qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Ermənistanda keçirilmiş tədbirlərdə iştirak etməsinə görə Türkiyə Rusiya ilə münasibətlərinə yenidən baxa bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tarixçilərlə görüşü zamanı bildirib. “Milliyet” qəzetinin yazdığına görə, Ərdoğan deyib ki, Türkiyə lazım gələrsə, bu ölkədəki səfirini də geri çağıra bilər.
Prezidentin sözlərinə görə, Ankara Rusiya ilə münasibətlərinə ciddi önəm verir, lakin Rusiya və bütün dünya bilməlidir ki, bu, bizim üçün ciddi və həssas məsələdir.
Ərdoğan onu da qeyd edib ki, Rusiya prezidenti ilə telefon danışığı zamanı o, Putinə bu barədə narazılığını bildirib.
Bir neçə il əvvəl Türkiyə Ermənistanla sərhədlərini aça biləcəyini bəyan edən zaman bu addımı Azərbaycan hakimiyyəti sərt qarşılamışdı. Bu müddətdə ikitərəfli münasibətlərə xələl gətirən addımlar belə atılmışdı. Azərbaycan tərəfi Şəhidlər Xiyabanında yerləşən türk şəhidliyindəki türk bayraqlarını endirmişdi. Baş verənlərdən sonra Türkiyə Ermənistanla sərhədlərin yalnız Azərbaycanın işğal altında olan əraziləri azad edildikdən sonra açıla biləcəyini bəyan etdi.
Amma hazırda baş verənlərdə Türkiyə Azərbaycanı yanında görmür. Putinin “erməni soyqırımı” ilə bağlı Yerevana səfəri, orada səsləndirdiyi bəyanatlar rəsmi Bakı tərəfindən heç bir reaksiyaya səbəb olmadı. Hazırda da Türkiyənin Rusiyaya qarşı narazılıq bəyanatları Azərbaycan tərəfindən dəstəklənmir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, əslində Azərbaycan Türkiyəsiz də baş verənlərlə bağlı öz etirazını Rusiyaya çatdırmalı idi. ABŞ-da ermənipərəst axtaran hakimiyyətin Rusiyanın Ermənistanı açıq şəkildə himayə etməsinə reaksiya vermədiyini deyən F.Qəhrəmanlı bildirdi ki, hakimiyyət Kremlin “erməni soyqırımı” məsələsinə dəstək verməsinə sükutla yanaşır: “Əslində Azərbaycan hakimiyyətinin bu cür siyasəti təsadüfi deyil. Çünki Azərbaycan hakimiyyəti Putinin simasında özünə bir himayədar tapıb. Bu, Rusiyanın vasalına çevrilməsi istiqamətində atılan addımların nəticəsidir. Qərbdən gələn demokratiya tələblərindən yayınmaq üçün Rusiya hakimiyyəti Azərbaycan iqtidarı üçün ən etibarlı qoruma vasitəsinə çevrilib. Ona görə rəsmi Bakı öz maraqları naminə Azərbaycan dövlətçiliyinin mənafeyini nəzərə almamaq yolunu tutub. Bu səbəbdən də Rusiyanın atdığı addımlara reaksiya verilmir. Ən azı özünə hörmət edən dövlət Türkiyənin bu məsələdə göstərdiyi münasibəti təkrarlamalı idi. Türkiyə təkcə Rusiyadan deyil, bir çox ölkələrdən səfirlərini geri çağırmaq məsələsini gündəmə gətirib. Bu artıq bir diplomatik təzyiq, siyasi etiraz formasıdır. Azərbaycan hakimiyyəti isə hakimiyyətin koorporativ maraqlarına toxunulmaması kursunu tutub. Bu, hakimiyyət üçün yetər”.
Azərbaycan hakimiyyətinin dövlətə yönəlik fəaliyyətinin heç bir səmərə vermədiyini deyən F.Qəhrəmanlı bildirdi ki, xarici siyasətdə də Azərbaycan barəsində elə fikir formalaşıb ki, bu ölkə dövlət maraqlarının qorunması üçün həssaslıq göstərmir. Nəticədə Azərbaycan dövlətçiliyi hörmətdən düşür, dövlətçiliyə qarşı saymazyana addımlar atılır: “Bütün bunların fonunda isə hakimiyyət daxildə bayağı kampaniya aparır. Və hakimiyyətə qarşı yönələn addımların dövlətçiliyə qarşı olduğu fikri yaradılmağa çalışılır. Hakimiyyət dövlət maraqlarını qurban verməklə öz iqtidarını qorumaqla məşğuldur. Ona görə hakimiyyətin bu məsələdə tutduğu mövqe dövlətçilik maraqlarımıza ziddir. Azərbaycanın milli maraqları, mənafeyi tələb edir ki, ölkəmiz bu məsələdə Türkiyənin yanında olsun”.
Xəyal