Azərbaycan hakimiyyətinə ayın sonunadək vaxt verildi: Siyasi dustaqlar azad olunmalıdır FOTO
Mayın 12-də Avropa Parlamentində “Bakı oyunları: İnsan haqları uğrunda mübarizə” adlı tədbir keçirilib. Tədbiri Avropa Parlamentindəki bütün fraksiyalar birgə təşkil ediblər. Azərbaycanla bağlı insan haqları təşkilatlarından ibarət yaradılmış beynəlxalq koalisiya da tədbirin təşkilində iştirak edib.
Avropalı deputatlar Azərbaycan hakimiyyətini Avropa Oyunları başlayana qədər siyasi dustaqları azad etməyə çağırıb. Bundan başqa onlar Avropa liderlərini Oyunların 12 iyunda keçiriləcək açılış mərasiminə getməməyə çağırıblar.
Avropa Parlamentinin vitse-prezidenti Aleksandr Qraf Lambsdorff bəyan edib ki, Azərbaycan hökuməti öz vətəndaşlarının Avropa İnsan Haqları Konvensiyasında və BMT-nin İnsan Haqları Bəyannaməsində nəzərdə tutulan hüquq və azadlıqlarını təmin etməlidir.
Tədbirdə Avropa Parlamentinin digər vitse-prezidenti Unrike Lunaçek də iştirak edib.
Avropa Parlamenti iyunda keçiriləcək sessiyasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməni qəbul etməyə hazırlaşır. Buna görə də ilk növbədə jurnalistlərin və hüquq müdafiəçilərinin, eləcə də digər siyasi dustaqların azadlığa buraxılmasını tələb edir.
Avropalı deputatlar hesab edirlər ki, 28 may İstiqlaliyyət günündə İlham Əliyev siyasi dustaqları azad edə bilər.
Tədbirdə məruzəçı kimi çıxış edən “Human Rights Watch” təşkilatının araşdırmaçısı Giorgi Qogia deyib ki, son 15 ildə Azərbaycanda əməkdaşlıq etdiyi şəxslərin bir çoxu ya həbsdədir, ya gizlənir, ya da xaricə qaçmalı olub. O, deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün faktiki meydan qalmayıb.
Tədbirə Azərbaycanda həbs edilən tanınmış insan haqları müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus da məruzəçi kimi qatılıb. O, çıxışında deyib ki, anası şəkər xəstəliyi və HepatitC xəstəliyindən əziyyət çəkir. Həbs ediləndən sonra 16 kiloqram arıqlayıb və getdikcə görmə qabiliyyətini itirir.
D.Yunus deyib ki, avqustun 5-də həbs ediləndən bəri atası haqda heç nə eşitməyib: “Onu sadəcə, diri-diri basdırıblar”.
O, Qərb ölkələrinin Azərbaycanda insan haqlarının vəziyyətinə münasibətini “səssiz diplomatiya” adlandırıb. Onun fikrincə, vəziyyəti düzəltmək üçün çox az iş görülür. “Hələ ki mən vəziyyətin yaxşılığa dəyişməsini müşahidə etmirəm. Mən valideynlərimi sağ görmək ümidimi getdikcə itirirəm. İndi onların azad edilməsinə çağırmaqdan yox, onların həyatını xilas etməyə çağırmaqdan söhbət gedir. Onların xaricdə xəstəxanaya yerləşdirilməsinə, müalicə almasına ehtiyac var”, - deyə D.Yunus bildirib.
Tədbirin getdiyi müddətdə Avropa parlamentinin binası qarşısında Azərbaycanda siyasi məhbuslara azadlıq tələb edən aksiya keçirilib.