Nuşirəvan Səfərovun işçiləri pensiya işinə də baxırmışlar

14-05-2015, 00:27   
Nuşirəvan Səfərovun işçiləri pensiya işinə də baxırmışlar

«Burununu hər yerə soxma, yoxsa pensiyanı ləğv etdirərəm»

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşlarının təkcə yol hərəkət qaydalarına nəzarət etmədiyi məlum olub. Daha doğrusu, idarənin rəisi Nuşirəvan Səfərovun işçiləri həmçinin pensiya işlərinə də baxırmışlar.

JAM.AZ xəbər verir ki, belə bir hadisə sabiq polis işçisi Balakişi Hüseynovun başına gəlib. Belə ki, mayın 1-də Nəqliyyat Nazirliyinin yaxınlığında 10 YP 426 dövlət nömrə nişanlı DYP maşınının ekipaj üzvləri Masallı rayon sakini, 10 HS 006 dövlət nömrə nişanlı «Hyundai Sonata» markalı avtomobilin sürücüsü Natiq Əliyevi saxlayıblar. Natiq Əliyev hansı səbəbdən saxlanıldığını soruşduqda isə DYP əməkdaşları bildiriblər ki, məsələ cərimə meydançasında aydınlaşacaq. Və ona görə də, maşını qeyd olunan yerə sürmək lazımdır. Yəni, BŞBDYPİ-nin cərimə meydançasına.

Masallı sakini Gülhüseyn adlı polis əməkdaşına bildirib ki, məsələni aydınlaşdırmaq üçün vaxtıyla polisdə çalışmış yaxın qohumuna müraciət etmək istəyir. Və məqsədi də qanunu dəqiq bilmək istəyidir. DYP əməkdaşları buna etiraz etməyiblər və telefonun dəstəyini sürücüdən alaraq sabiq yol polisi əməkdaşı Balakişi Hüseynovla danışıblar. Saxlanılmanın səbəbini izah edə bilmədikdə isə Hüseynovu təhdid etməyə başlayıblar: «Sən hər yerə burununu soxma. Yoxsa, aldığın pensiyanı da kəsdirərik» deyə bildiriblər.

Maraqlı məqam odur ki, Natiq Əliyevin idarə etdiyi avtomobili BŞDYPİ-nin cərimə meydançasına apardıqdan sonra nə protokol tərtib olunub, nə də cərimə yazılıb. Bildirilib ki, sürücü heç bir yol hərəkət qaydasını pozmayıb və maşınını götürüb apara bilər. Ondan yalnız 5 manat pul alınıb. Ki, bu pulun da nə üçün alındığı məlum deyil.

BŞDYPİ-nin əməkdaşlarının təhdid dili ilə danışması, xüsusən də hansısa bir vətəndaşın pensiyasını kəsdirmək səlahiyyətinə malik olması ilk haldır. Görünür, Nuşirəvan Səfərovun işçiləri artıq bu səlahiyyətə də sahib olublar. Və bu səlahiyyəti də onlara elə idarənin rəisi verib. Əks təqdirdə, DYP-nin heç bir əməkdaşı cürət edib, başqa bir nazirliyin komptensiyasında olan işlərə burun soxmazdı.

Balakişi Hüseynov isə özünün təhqir olunduğunu və hədələndiyini deyir. O bildirir ki, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Məsələni araşdıran BŞDYPİ-nin rəsmiləri isə 10 YP 426 dövlət nömrə nişanlı DYP maşınında Gülhüseyn adlı şəxsin olmadığını bildiriblər. Lakin maraqlıdır ki, tarix məlum, avtomobilin dövlət nömrə nişanı məlumdur, amma ekipaj üzvlərini tapmaq mümkün olmur. Belə başa düşmək olar ki, idarənin rəhbərliyi öz işçisini ayağa vermək və qanunu pozmuş DYP işçisini cəzalandırmaq fikrindən uzaqdır. Və bunun hansı maraqlarla tənzim olunduğu da məlum deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.