Bakı Kremlin hədəsini geri çevirdi

14-05-2015, 08:40   
Bakı Kremlin hədəsini geri çevirdi

Prezident İlham Əliyev Avropa Birliyinin Riqa sammitinə qatılmaq qərarı verdi; Rusiyanın Azərbaycan və 5 dövlətə qarşı şantajı keçmədi; qərarın Nikolay Patruşevin Bakı səfərinin sonuncu günü açıqlanması təsadüfdürmü?
Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin (AB) mayın 21-22-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə qatılacağı dəqiqləşib. Sammitdə Ukrayna, Ermənistan, Moldova prezidentlərinin və Gürcüstanın baş nazirinin iştirak edəcəyi də artıq təsdiqini tapıb.

“Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan 6 postsovet ölkəsindən yalnız Belarusun zirvə toplantısına hansı səviyyədə qatılacağı hələlik aydın deyil - bu, prezident Aleksandr Lukaşenko da ola bilər, baş nazir də. Riqa sammitində həmçinin Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və digər Avropa liderləri iştirak edəcək.

* * *
Vurğulayaq ki, AB-nin “Şərq Tərəfdaşlığı” Proqramının, bu proqramın tərkib hissəsi kimi assosiativ üzvlüyün əsas hədəfi adı çəkilən postsovet ölkələrinin Rusiyanın siyasi-hərbi orbitindən uzaqlaşdırmaq və tədricən onların AB-yə inteqrasiyasına və qəbuluna zəmin yaratmaqdır.


Proqram çərçivəsində indiyədək bir neçə ali toplantı keçirilib. Gürcüstan, Moldova, Ukrayna təşkilatla assosiativ sazişi imzalayıb. Azərbaycan və Belarus isə Moskvanın münasibətindən ehtiyatlanaraq daha çox gözləmə mövqeyi tutub. Bakı hələ ki, yalnız viza rejiminin sadələşdirilməsini nəzərdə tutan sənədi imzalayıb.



Ermənistan isə bəlli səbəbdən AB ilə ən ziyansız sənədə belə qoşulmaqdan çəkinib. Hərçənd uzun müddət qurumla inteqrasiya yönündə, bur az da Kremldən gizli formada danışıqlar aparıb. Ancaq Moskvanın qəzəbinə tuş gələndə dərhal “valı dəyişib” və Gömrük İttifaqına, Avrasiya Birliyinə qoşulub.



Onu da yada salaq ki, rəsmi Bakı balans siyasətinə görə indiyədək “Tərəfdaşlıq proqramı”ndan məsafə saxlasa da, sammitlərə bir qayda olaraq ən yüksək səviyyədə qatılıb. Sonuncu dəfə - ötən ilin payızında belə bir zirvə toplantısı Praqada keçirilmişdi və orada da prezident İlham Əliyev şəxsən iştirak eləmişdi.

* * *

Lakin budəfəki iştirak məsələsi yetərincə fərqli, daha mürəkkəb regional vəziyyətə təsadüf etməsi səbəbindən ən çox diqqətdə idi. Məxsusən, Ukrayna böhranına görə Qərblə münasibətləri görünməmiş şəkildə korlanmış, “qılıncının dəstəyinin belə kəsdiyi” Moskva Riqa sammitinə olduqca həssas, aqressiv münasibətdə idi.



Təsadüfi deyil ki, Rusiya XİN-in nümayəndəsi Aleksandr Lukaşeviç bəyanatla çıxış edərək “Şərq Tərəfdaşlığı” sammitinə qatılacaq ölkələri hədələmişdi. Lukaşeviç bildirmişdi ki, Moskva Riqa sammitini anti-Rusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək.

Diplomat əlavə eləmişdi ki, Kreml toplantıya “olduqca mənfi” yanaşır, bununla belə, Rusiya XİN sammitin gedişini izləyəcək. “Lakin artıq aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir” - vurğulamışdı XİN rəsmisi.


* * *

Bu, faktiki Azərbaycan da daxil, 5 dövlətə, eləcə də AB-yə, Qərbə qarşı açıq şantaj siyasəti idi (Ermənistan onsuz da Rusiyanın quberniyası sayılır). Odur ki, 5 dövlətin hansı səviyyədə Riqa toplantısında iştirak edəcəyi analitikləri və medianı ən çox düşündürən mövzulardan idi.
Böyük ehtimalla, məhz prezidentlərin tədbirdə iştirak qərarını yumşaltmaq naminə həmin bəyanatdan az sonra Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan xüsusi açıqlama verməli olmuşdu. Qeyd eləmişdi ki, rəsmi Moskvanın bu cür təhdidi məyusluq doğurur.



“Bununla belə, mən bu bəyanatdan az narahatam, çünki Riqa sammiti göstərəcək ki, dostluq və sülh münasibətləri mümkündür. Biz Rusiyanı beynəlxalq qanunvericiliyə əməl etməklə bu cür münasibətlər saxlamağa dəvət edirik” - demişdi AB yetkilisi. Bugünlərdə isə xəbər yayıldı ki, Riqa sammitinin yekun bəyannaməsi layihəsi Rusiyanı qəzəbləndirməmək üçün qismən yumşaldılıb...

* * *
İstənilən halda, bu, Qərbin nüfuzlu bir qurumunun mötəbər toplantısıdır və hansı sənədin qəbulundan asılı olmayaraq, “Yaxın xaric” ölkələrinin orada ən yüksək səviyyədə iştirakından Kreml əsla məmnun qalmayacaq. Çünki quruca tet-a-tet təmasların özü də ünsiyyət, danışıq, gələcəyə ünvanlı planların müzakirəsi və ilkin razılaşdırılması üçün şans deməkdir.
Odur ki, Moskvanın hədələrinə rəğmən (Gürcüstan, Moldova, Ukrayna üçün bu hədələr onsuz da çoxdan əhəmiyyətsizləşib) Azərbaycan prezidentinin Riqaya getmək qərarı verməsi prinsipial əhəmiyyət daşıyır və əslində Moskvanın məlum təhdidini geri çevirməsi anlamına gəlir.



Nikolay Patruşev

Diqqəti çəkən həmçinin belə bir qərarın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakı səfərinin sonucu günü, onun İlham Əliyevlə görüşündən cəmi bir neçə saat sonra açıqlanmasıdır. Təsadüfmü?..

* * *
Əlavə edək ki, yerli analitiklər də bu ərəfədə Riqa zirvəsində Azərbaycanın dövlət başçısı səviyyəsində iştirakını milli maraqlar baxımından zəruri sayırdılar. Arqumentlər də belə idi ki, bu, xarici təhdidlərə rəğmən, ölkənin müstəqil xarici siyasət yürütməsinin nümayişi olardı. İkinci tərəfdən, hesab olunurdu ki, Rusiyadan ifrat ehtiyatlılığa lüzum yoxdur və bu, Kremli daha da şirnikləndirər.

Nəhayət, belə bir gerçəklikdən çıxış edilirdi ki, Rusiya Avropa Birliyi ilə assosiativ saziş imzalamış zəif Moldova və Gürcüstana nə edə bilib ki, onlardan qat-qat güclü, energetik müstəqilliyi olan Azərbaycana nəsə eləsin?

Qalır indi Rusiyanın Bakıya “nəsə” etməsi...

Siyasət şöbəsi http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.