“Rəqsanə xanımın halı pisləşəndə, ürəyi gedəndə mən yerə yıxılmasın deyə, qucağıma qaldırdım. İnsan niyə belə bir şeylə zarafat etsin ki?” Bu sözləri Axar.az-a aktyor Şamil Süleymanov ATV kanalında yayımlanan “Öz aramızda” verilişində müğənni Rəqsanə İsmayılovanın halının pisləşərək özündən getməsi barədə danışarkən bildirib. Ş.Süleymanov qeyd edib ki, dünəndən bununla bağlı ona dəfələrlə zəng ediblər: “Hamı bu sualı verir ki, həqiqətən halı pisləşdi, ya yalandan etdi? Belə də yalan olar? Verilişi efirdən izləyən tamaşaçı onun həqiqətən də halının pisləşməsinə niyə inanmır, başa düşə bilmirəm. Mən o veriliş zamanı da xanımın rəng-ruhunun yaxşı olmadığını gördüm. Halı əvvəldən pis idi. Sonra da özündən getdi”. Efirdə tez-tez belə halların təkrarlanmasına da münasibətini bildirən aktyor qeyd edib ki, canlı efir xətaları qəbulediləndir: “Mənim indi o yaşım deyil ki, efirdə halı pisləşən, ürəyi gedən bir qadın üçün nə isə söz deyim. Saqqalımın ağ vaxtında mənə yaraşmaz axı. Efirdə tez-tez belə şeylərin təkrarlanması ilə bağlı heç nə deyə bilmərəm. Xanımdır, qadındır, zəifdir, halı pisləşə bilər, özündən gedə bilər. Belə hadisə baş veribsə, mətbuat bunu niyə belə böyüdür ki! Canlı yayımda çox olur belə şeylər. Mən özüm də çox pis oldum, qorxdum Rəqsanə xanımın yıxılmağından. Çox şükür, həkimlər vaxtında gəldi”. Qeyd edək ki, dünən ATV kanalında yayımlanan "Öz aramızda" verilişində müğənni Rəqsanə İsmayılovanın ürəyi gedib. Sosial şəbəkələrdə isə bunun əvvəlcədən qurulan ssenari olduğu barədə iddialar səsləndirilir. [media=https://www.youtube.com/watch?v=s78OeBgoAj4]