Vaşinqtonda hesab edirlər ki, Tom Malinovskinin Bakı ilə dialoqu indilikdə mənasızdır
Vaşinqton vətəndaş cəmiyyəti və demokratiya məsələləri ilə bağlı Azərbaycan hakimiyyəti ilə dialoqu dayandırıb.
Bu barədə “Turan”ın müxbirinə məlumatlı diplomatik mənbə bildirib.
Ötən həftə ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovski vətəndaş cəmiyyəti və Qərb institutlarına təzyiqlərin davam etməsini müzakirə etmək üçün Bakıya gəlməyi planlaşdırmışdı. Lakin son anda Azərbaycanın görüşdən imtina etməsi ilə bağlı şayiələrin fonunda səfər ləğv edilib.
Bundan öncə - 2013-cü il prezident seçkiləri ərəfəsində Bakı Dövlət Departamentinin digər yüksək vəzifəli nümayəndəsi Tomas Melianı da ölkəyə buraxmamışdı.
Olayı şərh edən Dövlət Departamentinin nümayəndəsi səfərin Azərbaycan tərəfdən ləğv edilməsinin mümkünlüyünü qəbul etməyib.
“ABŞ və Azərbaycan bu ilin fevralında dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri zamanı belə dialoqa başlamaq barədə razılığa gəlmişdi. Lakin biz düşünmürük ki, bu cür dialoq indiki vəziyyətdə səmərəli olsun. Bu, bizim fikrimiz və bizim qərarımızdır” deyə, Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Bu fonda Bakı və Vaşinqtonda bəzi müşahidəçilər əgər siyasi məhbuslar azad edilməsə və amerikalıların Azərbaycanda sabitliyi pozmaq istəməsi barədə kampaniyaya son qoyulmasa Obama administrasiyasını Azərbaycanın rəsmi şəxslərinə qarşı “sərt addımlar” atmağa çağırırlar.
Vaşinqtonda bir çox müşahidəçilər ehtimal edirlər ki, Malinovskinin səfərinin ləğvi düzgün qərardır, çünki indiki durumda Bakı ilə dialoq mənasızdır.