Azərbaycan hakimiyyəti Qərblə açıq qarşıdurmaya gedir
Vaşinqton vətəndaş cəmiyyəti və demokratiya məsələləri ilə bağlı Azərbaycan hakimiyyətilə dialoqu dayandırıb. Bu barədə “Turan”ın Vaşinqton müxbirinə məlumatlı diplomatik mənbə bildirib.
Ötən həftə ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovski vətəndaş cəmiyyəti və qərb institutlarına təzyiqlərin davam etməsini müzakirə etmək üçün Bakıya gəlməyi planlaşdırırdı. Lakin son anda Azərbaycanın görüşdən imtina etməsilə bağlı şayiələrin fonunda səfər ləğv edilib. Bundan öncə, 2013-cü il prezident seçkiləri ərəfəsində, rəsmi Bakı ABŞ Dövlət Departamentinin digər yüksək vəzifəli nümayəndəsi Tomas Melianı da ölkəyə buraxmamışdı.
Səfərin ləğvini “Turan”a şərh edən Dövlət Departamentinin nümayəndəsi səfərin Azərbaycan tərəfdən ləğv edilməsinin mümkünlüyünü qəbul etməyib. “ABŞ və Azərbaycan bu ilin fevralında dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri zamanı belə dialoqa başlamaq barədə razılığa gəlmişdi. Lakin biz düşünmürük ki, bu cür dialoq indiki vəziyyətdə səmərəli olsun. Bu, bizim fikrimiz və bizim qərarımızdır”, - Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Bu fonda Bakı və Vaşinqtonda bəzi müşahidəçilər əgər siyasi məhbuslar azad edilməsə və amerikalıların Azərbaycanda sabitliyi pozmaq istəməsi barədə kampaniyaya son qoyulmasa, Obama Administrasiyasını Azərbaycanın rəsmi şəxslərinə qarşı “sərt addımlar” atmağa çağırırlar.ÿ
Vaşinqtonda bir çox müşahidəçilər ehtimal edirlər ki, Malinovskinin səfərinin ləğvi düzgün qərardır, çünki indiki durumda Bakı ilə dialoq mənasızdır.
Əslində hazırda baş verənlər təsadüfi deyil. Çünki ötən müddət ərzində hakimiyyət yürütdüyü siyasət ilə Qərblə, xüsusilə ABŞ-la münasibətlərin pozulmasına xidmət edən addımlar atır. Əslində, səfərin ləğvi münasibətlərin hansı səviyyədə olduğunu da göstərir. Malinovskinin səfəri insan haqları, demokratiya ilə bağlı problemlərin müzakirəsi məqsədi daşıyırdı. Hakimiyyət dəfələrlə atdığı addımlarla bu məsələlərin müzakirəsinə hazır olmadığını nümayiş etdirib. Belə olan halda isə ABŞ-ın yüksək çinli diplomatının səfəri heç bir məna daşımır. Amma hakimiyyətin bu ritorikanı davam etdirməsi, ABŞ-la münasibətləri daha da gərginləşdirməsi iqtidara yaxşı heç nə vəd etmir.
Siyasi ekspertlər baş verənləri şərh edərkən bir məqama da diqqət yetirməyi əhəmiyyətli sayırlar. Belə ki, fevral ayında Viktoriya Nuland Bakıya səfər edərkən ABŞ-la Azərbaycan arasında dialoq qrupunun yaradılması haqqında razılığa gəlindiyi bəyan olundu. Bu razılığa əsasən iki ölkə arasında demokratiya və insan hüquqları ilə bağlı müzakirələr başlamalı idi. Ötən müddət ərzində Azərbaycan hakimiyyəti əslində repressiya siyasətindən imtina etməli, demokratiya məsələləri ilə bağlı ABŞ-la ciddi təmasa başlamalı idi. Biz isə bunun əksinin şahidi olduq. Bir tərəfdən repressiya siyasəti davam etdi, digər tərəfdən isə antiABŞ kampaniyası yeni sürət qazandı. Bir müddət bundan öncə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisi (demokratiya və insan hüquqları üzrə Dövlət Departamentinin baş məsul şəxsi) Malinovskinin Bakıya gəlmək niyyətində olduğu bildirildi. Indi isə bəlli olur ki, bu səfər baş tutmayacaq. Siyasi şərhçilər də vurğulayırlar ki, Malinovskinin yalnız bir missiya ilə - Azərbaycan rəsmiləri ilə demokratiya və insan hüquqları məsələsini müzakirə etmək üçün gəldiyi bəlli idi. Səfərin baş tutmamasının başlıca səbəbinin məhz bu olduğu artıq aydındır. Bu isə o deməkdir ki, Azərbaycan hakimiyyətinin ABŞ-la demokratiya və insan hüquqları sahəsində dialoq aparması mümkün deyil.
Elə dövlət başçısının Riqa sammitinə getməkdən imtina etməsi də Avropa liderləri ilə gözlənilən gərgin danışıqlardan yayınmaq məqsədi daşıyır. Ona görə Riqa sammitində iştirakdan imtina və Malinovskinin səfərinin qarşısının alınması bir siyasi xəttdir.
Hikmət