Sosial müavinətlər artdı

15-05-2014, 15:51   

1 aprel tarixinə Azərbaycanda 13 min 334 nəfər yaşa görə, 121 min 856 nəfər əlilliyə görə müavinət alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, 39 min 342 nəfər ailə başçısını itirməyə görə, 63 min 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduğuna görə aylıq sosial müavinət alır. Həmçinin müharibə veteranı və qanunvericilikdə nəzərdə tutulan digər güzəştli kateqoriyalardan olan 49 476 nəfər hər ay sosial müavinətlə təmin olunurlar.

Ümumilikdə ölkədə aylıq sosial müavinət alanların sayı 1 aprel tarixinə 324 min 122 nəfərdir. Eyni zamanda, bu ilin ilk rübündə 34 min 171 nəfərə, o cümlədən 28 min 470 ailəyə uşağın doğulmasına görə müavinət ödənilib. Bununla yanaşı 4 min 114 nəfər radiasiya qəzası nəticəsində zərərə çəkərək əlil olmuş şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 971 nəfərə və dəfn üçün 616 nəfərə birdəfəlik müavinət ödənilib.

Ölkədə sosial müavinətlərin orta aylıq məbləği ötən ilin 1 aprel tarixinə olan göstərici ilə müqayisədə 10 faiz artıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanı ilə əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində müavinət bu il aprelin əvvəlindən 22 faiz artırılıb.

Dövlət başçısının müvafiq fərmanına əsasən isə əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara hər ay aldıqları 67 manat sosial müavinətlə yanaşı, bu ilin aprel ayının 1-dən etibarən ayda 60 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü də ödənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.