Hakimiyyət daxilində yeni skandal FOTO

3-06-2015, 21:29   
Hakimiyyət daxilində yeni skandal FOTO
Səfirin “üsyankar” facebook qeydləri onu hədəfə gətirdi; Arif Məmmədovu həbslə hədələdilər; YAP-çı deputat diplomata təhqirlər yağdırdı



Azərbaycan hakimiyyəti daxilində yeni skandal baş qaldırıb. Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsi vəzifəsini daşıyan Arif Məmmədov “satqınçılıqda” və “xəyanətdə” ittiham olunur. Səbəb onun facebook səhifəsində yazdığı bir neçə qeyddir.

Bakıda mayın 19-da penoplast üzlüklü binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra A.Məmmədov belə bir status paylaşıb.



“Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.




Onun daha bir qeydi Avropa Oyunları məşəlini Bakıda İlhamə Quliyevanın daşıyacağı haqa saytlardan birinin xəbərinə reaksiyasından ibarətdir. Diplomat yazır:




“Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzovu (idmançı və millət vəkili), Əhəd Abıyevi (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyevi (nəhəng partiyanın rəhbərini) niyə əlavə olunmasın? Ölkənin parlaq “dostları”nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar”.

Hakimiyyət dəhlizlərində A.Məmmədovun bu statusları dərhal “üsyankarlıq” və “düşmən əməli” kimi qarşılanıb. Artıq ona qarşı kampaniyaya da start verilib.

YAP icra katibinin müavini, deputatı Siyavuş Novruzov diplomatın ünvanına çox ağır ittihamlar, təhqiramiz ifadələr işlədib. Hakimiyyətin nəzarətində olan saytlardan birində isə onun “ifşasına” həsr olunmuş geniş məqlə dərc edilib. Məqalədə A.Məmmədovu yazdıqlarına görə MTN-in zirzəmisində çürütməyə çağırış belə, yer alır.

A.Məmmədovu “xalq düşməni” elan etmək üçün isə (Axı mövzunu hakimiyyətdaxili təlatüm kontekstindən çıxarıb, milli məsələ kimi təqdim etmək lazımdır) onun öz şəkillərindən birinə yazılmış komplimentə bu cümlələrlə cavab verməsi bəs edib: “Komplimentlərə görə sağ olun. Təxminən 20 ildir Avropada normal adamların arasında və düzgün qidalanma. 3 gün Bakıda oldum və artıq qocaldım...”.



YAP-çı deputat S.Novruzov diplomatın bu qeydini “xalqa hörmətsizlik” kimi şərh edib və onu “erməni” adlandırıb. Deputat “Trend” agentliyinə deyib:





“Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır.
Bu adamın qanında erməni qanı var. O deyir ki, "3 gün Azərbaycanda qaldım, mən qocaldım". 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər.
Bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən antiazərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir. Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalmağı barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq uşaq bağçasını ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var.
Arif Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir. Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də, o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.
Əlbəttə, ola bilər ki, deputatın bu mövzuda hiddətini artıran həm də A.Məmmədovun onu məşəldarlığa təkilf etməsi olub. Lakin A.Məmmədovla bağlı bu “ifşaedici” materialların işıq üzü görməsilə eyni gündə yayılan bəzi başqa xəbərlər onu deməyə əsas verir ki, diplomatı “bitirmək” haqqında çox yüksək səviyyədə qərar verilib.



Məsələ burasındadır ki, A.Məmmədovu “darmadağın edən” hökumətyanlı saytdakı yazıda təkcə onun qeydləri təftiş olunmayıb, həm də həmin qeydləri kimlərin bəyəndiyinə də diqqət yetirilib. Bəlli olub ki, A.Məmmədovun Bakıdakı 19 may faciəsi haqda qeydini XİN-in bir neçə əməkdaşı bəyənmib. Onlardan biri də Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanındakı daimi nümayəndəsi Eynulla Mədətlinin oğlu, Belçikadakı səfirliyimizin əməkdaşı Anar Mədətlidir. Bu məlumatların ictimailəşdiyi gündə ölkə başçısı İlham Əliyev Eynulla Mədətlinin geri çağırılması haqda sərəncam verib. Mövzunu işləyən hökumətyönlü sayt isə bu sərəncamın məhz A.Mədətlinin A.Məmmədovun “üsyana çağıran” statusunu like etməsi ilə bağlı olduğunu iddia edib.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.