İcra başçısı, prokuror və idarə rəisinə 300 min manatlıq rüşvət ittihamı

4-06-2015, 09:17   
İcra başçısı, prokuror və idarə rəisinə 300 min manatlıq rüşvət ittihamı
“Dövlətim bu şərəfli məmurlarına böhtan atıramsa, niyə bu vaxta qədər susublar? Məni oğlumu tutmaqla, öldürməklə hədələyirlər”
rusvet2Kəlbəcər rayonundan məcburi köçkün, Gəncə şəhər Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasında müvəqqəti məskunlaşan Bayramov Əli Aslan oğlu prezidentdən tutmuş aşağı dövlət qurumlarına qədər yolladığı müraciətin bir surətini də redaksiyamıza gətirib. Müraciətdə deyilir:
“4 nəfərlik ailə üzvlərimlə birlikdə məlum hadisələr zamanı Kəlbəcər rayonundan məcburi köçkün düşüb Gəncədə məskunlaşmışıq. Bu müraciətimlə hamınıza başıma gətirilən və bu gün də ailəmin təhlükə altında olmağını çatdırmaqla, məndən alınmış pulun geri qaytarılmasına və ailəmin təhlükəsizliyinə təminat almaq istəyimdir.
Oğlum Qalib Bayramov 2006-cı ilin oktyabrında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsində məsləhətçi kimi işə başlayıb. Işlədiyi müddətdə heç bir hüquq pozuntusuna yol verməyib. Amma təzə gələn müdir Elşən Əlizadə yaxşı işinə və yerli kadr olduğuna görə irəli çəkilən oğlumu həbs təhlükəsiylə üz-üzə qoyub. Bunu yaradan səbəblərisə sadalamaqla bir qədər vaxtınızı alım.
DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri 2013-cü ilin sentyabr ayında dünyasını dəyişəndən sonra boş qalan həmin vəzifəyə ən real namizəd mənim oğlum idi. Bu barədə yerli camaat da danışırdı, rayonun rəhbərliyi səviyyəsində də söhbət gedirdi. Bu ürəkaçan, hər bir atanı sevindirə biləcək xəbəri eşitmək mənim üçün qürurverici idi…
Bir gün Kəlbəcər rayon Icra Hakimiyyətinin başçısı Aqil Məhərrəmov məni qəbuluna çağırdı. Söz-söhbətlərin həqiqiliyinə məni Aqil müəllim mehriban qarşılamasıyla inandırdı. Oğlumun DSMF-nin Kəlbəcər rayon şöbəsinə müdir təyin edilməsi reallığına tam əmin oldum. Bunun üçün nələr etmək lazım olduğunu Aqil müəllim məni “başa” saldı. Bildirdi ki, yuxarılardakı razı salmaq, oğlumun təsdiqi üçün “nəsə” etməlisən. Mən bu “nəsə”nin nə qədər olacağını soruşdum. Aqil müəllim mənə 90.000 (doxsan min) manat gərək olduğunu bildirdi. Düzü, imkanımın olması, bu sevinci yaşamaq üçün tərəddüdümü də heç etdi. Fikirləşərəm, deyib Aqil müəllimin qəbulundan çıxdım. Bir neçə günün içində 70.000 (yetmiş min) manat düzəldib Aqil Məhərrəmovun qəbuluna gəldim. Gətirdiyim 70000 (yetmiş min) manatı Aqil müəllimə verdim. Aqil müəllim pulun azlığından şikayət edib qalanının da tezliklə çatdırılmasını tapşırdı. Bu minvalla Aqil müəllim hər 5-10 gündən bir mənə qalığın çatdırılmasını, bir az da üstünün düzəldilməsinı tapşırırdı. Birinci dəfə istənilən 90.000 (doxsan min) manatın qalığını – 20.000 (iyirmi min) manatı aparanda evdə də 10.000 (on min) manat saxlamışdım. Aqil müəllim narazılıq edəndə 10.000 (on min) manat da gətirə biləcəyimi deyib həmin pulu gətirmək üçün icazə alıb çıxdım. Aqil müəllimə bu pulu da verib vaxtı-vədəni gözləməyə başladım. Bir müddətdən sonra Aqil Məhərrəmov məni qəbuluna çağırtdırıb hər şeyin həll olunduğunu, yuxarılardan kiminsə iştahasının böyük olduğundan əmrin gecikdiyini söylədi. Buna görə 50ÿ000 (əlli min) manat da gətirməyi söylədi. Hər dəfə Aqil müəllim pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi. Bir neçə gündən sonra deyilən 50ÿ000 (əlli min) manatı da, ümumilikdə, 150ÿ000 (yüz əlli min) Aqil Məhərrəmova çatdırdım. Bir müddətdən sonra eşitdim ki, şübhəli ali təhsilli, tələbə qəbulundan sonra Gəncədəki ali məktəblərin birində təhsil almış, yəni Gürcüstan Respublikasında ali məktəbə köçürülərək təhsilini başa vuran Elşən Əlizadə adlı biri DSMF-nin Kəlbəcər rayon şöbəsinə müdir təyin olunub. Bunu eşidib Aqil Məhərrəmovla danışdım, məsələnin niyə bu cür alınmasını soruşdum. Aqil müəllim məni arxayın etdi ki, bu müvəqqətidir. Bu yandan da təzə müdir Elşən Əlizadə oğluma bildirib ki, bu yer sənlikdir, mən müvəqqəti bura təyin olunmuşam. Oğlumsa öz yeni müdirinə bildirib ki, mənim heç o yerdə gözüm yoxdu, əl-ələ verək işləyək. Prosesin bu cür aldadıcı manevri məni bir az sakitləşdirdi.
Amma demə bu sakitlik tufanqabağı sakitlikmiş. Verdiyim 150.000 (yüz əlli min) manatın istənilməməsi üçün yeni müdir oğlumun işlədiyi dövr ərzində pensiya təyinatında sənədlərini hazırladığı şəxslərin işlərini təftiş etdirib, onların pensiyasını dayandırmaqla oğlumun əleyhinə ərizələr toplayırmış.
Bir gün oğlum haqqında topladığı sənədləri mənə göstərib bunları rayon prokurorluğuna göndərəcəyini bildirdi. Bunun prokurorluğa göndərilməməsi üçün məndən 100.000 (yüz min) manat pul istədi. Mən əlimdə-ovcumda olan, bütün malımı-mülkümü satıb icra başçısı Aqil Məhərrəmova verdiyimi səmimi ona danışdım. Elşən Əlizadə elə oradaca mənə bildirdi ki, bəs onda niyə Aqil Məhərrəmov ondan bu sənədlərin toplanıb prokurorluğa verilməsini tələb edib? Bu sual qarşısında aciz qaldım. Aqil Məhərrəmovun qəbuluna getdim. Lakin məni qəbula buraxmadılar. Elşən Əlizadə tərəfindən isə məsələni tezliklə həll etməsəm sənədləri prokurorluğa verəcəyi ilə məni təhdid etdi. Mən məcburiyyət qarşısında qalıb ailə üzvlərimin, yaxın qohum və tanışların adına banklardan kredit götürüb 80ÿ000 (səksən min) manat düzəldib Elşən Əlizadəyə verdim. Lakin bir gün Elşən Əlizadə oğluma bildirdi ki, DSMF-nin müdiri Elman Mehdiyev şəxsən özü tapşırıb ki, adı prokurorluqda hallanan işçinin mənim idarəmdə qalması yolverilməzdi. Mən işi prokurorluğa göndərib səni də işdən azad edəcəm. Mən bu proseslər ərəfəsində ölkə başçısına, onun xanımı, H.Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş prokurorluğa məktub yazıb, teleqram vurmuşdum. Buna görə də respublika prokurorluğunda izahatım alınıb, dindirilmişdim. Mən verdiyim pulların qaytarılması üçün cəhd etdikcə ailəmə təhdidlər artırdı. Lakin yenə işin sakit həll olunması üçün istənilən məbləği ödəməyə belə gedirdim ki, təki sakitlik olsun, Aqil Məhərrəmova verdiyim pulu geri alım. Bütün bunlardan sonra dövriyyəyə rayon prokuroru Ariz müəllim buraxıldı. Ariz müəllimə 90.000 (doxsan min) manat pul verdim ki, sakit olsunlar. Lakin bunlar məndən əl çəkmədilər. Bu işlə bağlı 300.000 (üç yüz min) manatdan yuxarı xərcim çıxıb.
Hörmətli Prezident! Mən dövlətim bu şərəfli məmurlarına böhtan atıramsa, niyə bu vaxta qədər susublar? Məni oğlumu tutmaqla, öldürməklə hədələyirlər… Bu özbaşınalığa son qoyulması, mənə dəymiş ziyanın ödənilməsi, bu hadisələri başıma gətirənlərə qarşı cinayət işinin qaldırılmasını xahiş edirəm. Sizlərdən bir daha xahiş edirəm, bu məsələdə mənə köməklik göstərib, ailəmin təhlükəsizliyini nəzarətə götürəsiniz.
Hörmətlə, Əli Bayramov”.
P.S.Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.