Araz İmanov restoran açıbmış, dava salıbmış, dindarlara qoşulubmuş...

15-05-2014, 18:24   

Azərbaycanda tanınmış, yüksək vəzifə tutan bəzi şəxslərin övladlarının adı heç də həmişə yaxşı işlərdə səslənmir. Əlbəttə, həm çalışdığı sahədə qazandığı uğurlarla, həm də Azərbaycanın dünyada təbliğatının aparılmasında müsbət yöndən fərqlənən isimlər də var.

Amma Milli Elmlər Akademiyasın İqtisadiyyat İnstitutunun yeni direktoru, sabiq AMİP-çi deputat Nazim İmanovun diplomat oğlu heç də adı yaxşıya çəkilə biləcək cavanlar arasında deyil.

Azərbaycanda qeydiyyatdan keçmiş ilk siyasi partiya olan AMİP-in yaradıcılarından biri, sabiq deputat Nazim İmanov uzun müddət yanaşı addımladığı siyasi lideri Etibar Məmmədovdan siyasi əxlaqa uyğun olmayan bir tərzdə üz çevirib. O, 2005-ci ildə müstəqil namizəd kimi Etibar Məmmədovla eyni dairədən parlament seçkilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktiv siyasi fəaliyyətini dayandırıb.İmanov daha sonra Bakıda fəaliyyət göstərən xarici şirkətlərdə çalışıb. 7 may 2014-cü ildə isə Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib.

Nazim İmanovun 2 oğlu var.

31 yaşlı Araz İmanov Nazim İmanovun böyük oğludur. Modern.az saytında yayınlanmış bir bilgiyə görə, Bakıda doğulub-böyüyən Araz İmanov orta məktəbi başa vurandan sonra Bakı Dövlət Universitetində iqtidadiyyat üzrə ali təhsil alıb, amma atası kimi iqtisadçı ola bilməyib. Daha sonra o, ali təhsilini Londonda davam etdirib. Daha sonra- 2012-ci ildən Araz İmanov fəaliyyətə diplomatik sahədə başlayıb. Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb, səfirliyin 3-cu katibi vəzifəsini tutub.

Teleqraf.com-a daxil olan məlumata görə, Araz İmanov diplomatik xidmətdə çalışanlara yasaq olsa da, Çexiyadakı səfirliyimizdə işlədiyi müddətdə biznesə baş vurub. Onun Praqadanın mərkəzində restoran, daha doğrusu qəlyanxana açdığı deyilir. Həmin obyektdə Türkiyədən olan dindarların tez-tez toplaşması Araz İmanovun Azərbaycan üçün qeyri-ənənəvi olan dini təriqətlərdən birinə qatılması kimi yozulur.

Diplomatik korpusda vətənpərvər, təcrübəli və qanunpərəst şəxs kimi qiymətləndirilən Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bu yöndə ona dəfələrlə xəbərdarlıq etsə də, atasına güvənən Araz İmanov nəinki biznes fəaliyyətini dayandırıb, hətta restoranda dava da salıb. Adətən xırda çəkişmələrə önəm verməyən Çexiya polisinin işə qarışması “razborka”nın heç də sadə məsələyə görə başlanmadığını güman etməyə əsas yaradır.

O da təsadüfi sayıla bilməz ki, Araz İmanov həmin hadisədən sonra səfirliyi və Praqanı tərk etmək məcburiyyətində qalıb.

Bütün bu deyilənlər düzdürmü?

Məsələ ilə bağlı Nazim İmanovun, onun diplomat oğlunun mövqeyini yayınlamağa hazırıq.

Araz İmanovun hazırda harada diplomatik xidmətdə olduğunu isə Xarici İşlər Nazirliyindən dəqiqləşdirəndən sonra yazıya əlavə edəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.