Vəkil Adəm Məmmədov onu məhkəməyə verməyə hazırlaşan müğənni Röyaya cavab verib.
O, aznews.az-a bildirib ki, Röya xanımın insanlarla hədə-qorxu formasında deyil, hüquq dilində danışması sevindirici haldır:
“Artıq Röya xanım öz hüquqlarını başa düşməyə başlayıb. Bu da sevindirici haldır. Belə hesab edirəm ki, olanlardan sonra Röya xanım islah olunub. Müğənni dərk edib ki, insanlarla problem varsa, onu məhkəmə müstəvisində və hüquq-mühafizə orqanlarına müraciət əsasında etmək lazımdır”.
Vəkil məhkəməyə müraciət etmək istəyinə görə Röya xanımı alqışladığını deyib: “Hər bir Azərbaycan vətəndaşı kimi onun da belə bir hüququ var”.
Xatırladaq ki, Röyanın “vorzakon” olayını şişirdən vəkil Adəm Məmmədovu məhkəməyə verəcəyi haqda xəbəri müğənninin prodüseri Kənan Bayramov yayıb.