Abbas Abbasovun Bakıdakı gizli partiyası üzə çıxdı

16-05-2014, 10:44   
Abbas Abbasovun Bakıdakı gizli partiyası üzə çıxdı
Baş nazirin sabiq birinci müavini, “AzerRoss”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Azərbaycanda partiya qurubmuş. Bu sensasiyalı məlumatı verən mənbənin sözlərinə görə, Azərbaycan hakimiyyəti ilə bütün münasibətlərini nöqtələyən A.Abbasov bu partiyanı parlamentin sabiq spikeri Rəsul Quliyevlə birgə yaradıb. Söhbət ötən ilin dekabrın sonlarında yaradıldığı elan edilən, bu ilin fevral ayının 23-də isə ilk qurultayını keçirən Gələcək Azərbaycan Partiyasından (GAP) gedir. Maraqlıdır ki, bu partiyanın əvvəldən Rəsul Quliyevin xeyir-duası və maddi dəstəyi ilə yaradıldığı məlum olsa da, rəhbərlikdə Abbas Abbasovun da olması uzun müddət gizli saxlanılıb. A.Abbasovun partiyanın gizli rəhbəri olduğu mayın 14-də GAP-ın İdarə Heyətinin toplantısında məlum olub. Redaksiyamıza verilən xəbərə görə, toplantıya əvvəl eks-spiker Rəsul Quliyev skayp vasitəsilə qatılıb. Bundan sonra isə əsl sensasiya baş verib. Partiyanın rəhbəri Ağasif Şakiroğlu toplantıya skaypla Abbas Abbasovun da qatılacağını elan edib. Nə baş verdiyindən xəbərsiz olan İdarə Heyətinin üzvləri Abbas Abbasovu da dinləməli olublar. O da partiya rəhbəri kimi çıxış edərək İdarə Heyətinə öz tövsiyələrini verib. Məlumatda deyilir ki, sabiq vitse-premyerin çıxışından da belə anlaşılıb ki, o da partiya rəhbərliyindədir və GAP-ın tezliklə Azərbaycanda müxalifətin yeni güc mərkəzinə çevrilməsini istəyir. Həm Rəsul Quliyev, həm Abbas Abbasov çıxışlarında Respublika günü - 28 may törənlərində GAP-ın mütəşəkkil partiya kimi hakimiyyətin diqqətini çəkməsini istəyiblər. A.Abbasovun qəfil GAP rəhbərliyində peyda olması İdarə Heyəti üzvləri arasında narazılıqla qarşılanıb. Onlar partiya sədrindən izahat tələb ediblər. Məlumata görə, İdarə Heyətinin bir neçə üzvü Abbas Abbasovun GAP-da gizli rəhbərliyinə etiraz ediblər. Onlara tutarlı izahat verə bilməyən A.Şakiroğlu toplantını yarımçıq bitirib. 1996-cı ilin sentyabrından ölkədən kənarda yaşamağa məcbur edilmiş Rəsul Quliyev Azərbaycanda bir neçə siyasi partiya yaratsa da, ciddi uğur qazana bilməyib. Ya onu yarı yolda qoyublar, ya özü həmin partiyalarla yollarını ayırıb. Sülhəddin Əkbərlə yaratdığı ACP-dən də ayrılan Rəsul Quliyevin bu dəfə Kremldə ciddi dayaqları olan Abbas Abbasovla birləşməsi əsl hadisə hesab oluna bilər. Belə məlumat da var ki, R.Quliyev uzun müddətdir ABŞ-dan çıxmaq və mümkün olsa, Rusiyada yerləşmək üçün cəhdlər edir. Bu işdə isə ona ən yaxşı yardımçı elə Abbas Abbasov ola bilər. Mənbəmiz deyib ki, hər iki partiya lideri 2015-ci ilin parlament seçkilərinə hazırlığı əsas məqsəd hesab edir və böyük ümidlərlə yaşayırlar. “Ola bilsin ki, parlament seçkisi ərəfəsi Rəsul Quliyev Moskvada yaşamaq niyyətini gerçəkləşdirsin. O yaxşı başa düşür ki, Azərbaycan sərhədlərinə yaxınlaşmadan onun nəinki hakimiyyətə, hətta ölkəyə qayıdışına inananlar belə qalmayacaq” deyə, qaynağımız izahat verib. Xəbərdə o da deyilir ki, həm Rəsul Quliyev, həm Abbas Abbasov hakimiyyətin daha iki qatı düşməni hesab olunan sabiq səhiyyə naziri Əli İnsanov və Hüseyn Abdullayevi də bu partiya projesinə qoşmaq istəyirlər. Amma hələ ki nə Əli İnsanov, nə də Hüseyn Abdullayev partiya fəaliyyətinə razılıq veriblər. Rəsul Quliyevlə Abbas Abbasov uzun müddət birgə hökumətdə çalışıblar. Hər ikisi zamanında iqtisadi sektoru kurasiya etdiklərindən münasibətləri də normal olub. Sabiq daxili işlər naziri Vaqif Novruzov bir neçə ay bundan əvvəl “Yeni Müsavat”a müsahibəsində Quliyev-Abbasov münasibətlərini ortaya qoyan bir fakt açıqlamışdı. O demişdi ki, 1994-cü il mart ayının 23-də eks-spiker onu evinə qonaq çağırıb və ona öz komandasını formalaşdırdığını deyib: “Günorta gəldim Rəsul Quliyevin evinə. Çox maraqlı mənzərə ilə qarşılaşdım. Evdə Rəsuldan başqa baş prokuror Əli Ömərov, milli təhlükəsizlik naziri Nəriman İmranov və baş nazirin müavini Abbas Abbasov var idi”. 2013 seçkisi ərəfəsində Abbas Abbasovun Milli Şuranın vahid namizədi olacağı xəbəri yayılanda eks-spiker onun haqqında danışmışdı da. Eks-spiker Abbas Abbasovu “yaxşı işgüzar adam” kimi xarakterizə edərək “mənə belə gəlir ki, düşmənləri onun adını vahid namizədlikdə hallandırmaqla hakimiyyətin repressiya aparatını ona tuşlatdırmaq istəyirlər” deyərək, gələcək müttəfiqini müdafiə də etmişdi. Bu münasibətləri vacib edən daha bir mühüm səbəb hakimiyyətin Abbas Abbasovu “qara siyahı”ya salmasıdır. Rusiya Azərbaycan Təşkilatları İttifaqı - Milyarderlər İttifaqını yaradaraq 2013 seçkisi ərəfəsi hakimiyyətə yönəlik sərt bəyanatlar verən Abbas Abbasova çoxdandır Bakıya gəlmək yasağı qoyulub. Son müsahibələrində də o, prezidentlə Bakıda görüşməsinə əngəllər yaradıldığını və biznesini Bakıdan çıxardığını təsdiqləmişdi. İndi iqtidarın Abbas Abbasova münasibəti heç də Rəsul Quliyevdən yaxşı deyil, bəlkə də onunla müqayisədə daha da sərtdir. A.Abbasovun Rəsul Quliyevlə ittifaq yaratması gözlənilən və daha dəqiqi, zəruri idi. Abbas Abbasovla Rəsul Quliyevin ittifaqı sabiq vitse-premyerin Kremlə bağlılığı baxımından daha maraqlı görünür. Bu həm də o anlama gəlir ki, Rusiya Abbas Abbasov vasitəsilə Azərbaycana müdaxilələrə son verməyib, əksinə, bunu partiya səviyyəsində gücləndirib də... Ən son məlumata görə, Abbas Abbasovun partiya rəhbərliyində təmsil olunmasına etiraz olaraq bir neçə nəfər GAP-dan istefa vermək niyyətindədir...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.