«Rayon əhalisinin problemlərini dinləməyi bacarmayan, siyasi və intelekt cəhətdən savadsız bir insan vəzifədən alınmalıdır»
«Artıq iki ildir Şamaxıda yol, işıq, kanalizasiya və digər sahələrdə vəziyyət dözülməz həddədir. Qədimtarixə malik bir torpağın hansı günahı var ki, onun Asif Ağayev kimi icra başçısı var?» Bu sözlər Şamaxı rayonundan olan bir qrup ziyalının JAM.AZ-a göndərdiyi müraciətindədir.
Rayon ziyalıları bildirirlər ki, Ağayev Şamaxıya icra başçısı təyin olunandan sonra birinci müavini Qasım Qasımov özünün şəxsi ambisiyalarını həyata keçirməyə başlayıb. «Rayon de-fakto idarə edilmir. Şamaxının 1-2 küçəsini, mağistral yolun kənarını (görüntü yaratmaq üçün) çıxmaq şərtiylə bütün küçələrdə vəziyyət bərbaddır. İcra başçısına dəfələrlə etdiyimiz şikayətlərə rəğmən, heç bir iş görülmür. Qışda palçıqdan, yayda toz əlindən bezmişik. Külək əsən kimi, rayonda 1-2 gün elektrik enerjisi olmur».
Şamaxı aydınları sual edirlər ki, həqiqətənmi rayona təmir-tikinti işləri üçün pul ayrılır. «Görəsən, Şamaxıya təmir-tikinti işləri üçün pul ayrılmır? Əgər ayrılırsa, bu vəsait hara sərf olunur. Asif Ağayev iki ildə heç bir iş görməyib».
Onların bildirliyinə görə, hamı rayonda ümidini Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamaya bağlayıb. «Rayonda genişmiqyaslı yoxlama aparılarsa, dəhşətli hallar üzə çıxar».
JAM.AZ vasitəsi ilə dövlət başçısına müraciət edən Şamaxı ziyalıları bildirirlər ki, rayonun turizm potensialı da məhv edilir. Onların sözlərinə görə, rayon əhalisinin problemlərini dinləməyi bacarmayan, siyasi və intelekt cəhətdən savadsız bir insan vəzifədən alınmalıdır. «Onun 2 illik fəaliyyətinin dərindən araşdırılması üçün müvafiq Sərəncam verməyinizi xahiş edirik. Bizim rayona daha səriştəli, daha işgüzar bir başçı təyin edin. Yoxsa, bu insan bütün Şamaxını sanki zəlzələ olmuş kimi viran qoyacaq».