Raqub Məmmədovun keçmiş müavini, prezidentin fərmanından sonra vəzifəsini itirən Allahverən Əliyev hələ də öz statusunu qoruyub saxlamaqdadır
Allahverən Əliyev hazırda şöbə müdirinin müavini olsa da, faktiki olaraq Ağdamda Raqub Məmmədovdan sonra ikinci adam və başçının bütün məsələlər üzrə «səlahiyyətli nümayəndəsi» hesab olunur.
Bir müddət əvvəl ölkə prezidentinin fərmanına əsasən rayon icra hakimiyyətlərində «Aqrar məsələlər şöbələri» ləğv edildi. Bütün rayonlarda olduğu kimi, həmin fərman əsasında Ağdam Rayon İcra Hakimiyyətinin müavini, Aqrar Məsələlər şöbəsinin müdiri Allahverən Əliyev öz vəzifəsini itirdi. İcra başçısı Raqub Məmmədov bundan sonra Əliyev Allahverən İdris oğlunu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini təyin etdi. Başçının müavinliyndən şöbə müdiri müavinliynə qədər vəzifə və səlahiyyət itkisinə baxmayaraq realda Allahverən Əliyev demək olar ki, bütün səlahiyyətlərini qoruyub saxlamaqdadır. Bu barədə AzMedia.info-ya daxil olan məlumata əsasən hazırda Allahverən Əliyev Ağdamda ikinci adam hesab olunur və əslində Ağdamda baş verən hər şey ondan sorulur. Bu səlahiyyətləri isə ona verən təbii ki, Raqub Məmmədovdur.
Mənbə bildirir ki, Nizami Sadıqovun zamanıda Ağdamda ikinci güc sahibi birinci müavin Zülfi Qasımov olsa da, Raqub Məmmmədovdan sonra vəziyyət fərqli oldu. Raqub Məmmədov Ağdama gəldikdən sonra Allahverən Əliyev Ağdamın «boz kardinalına» çevrildi. Demək olar ki, Raqub Məmmədovun bütün «qara işlərini» görən Allahverən Əliyev struktur dəyişiklikləri nəticəsində öz vəzifəsini itirsə də, bu onun statusunda heç bir dəyişiklik yaratmayıb. İddiaya əsasən Allahverən Əliyev hazırda şöbə müdirinin müavini olsa da, faktiki olaraq Ağdamda Raqub Məmmədovdan sonra ikinci adam və başçının bütün məsələlər üzrə «səlahiyyətli nümayəndəsi» hesab olunur. Belə ki, Ağdamda başqçıyla hansısa «iş görmək» istəyən şəxs başçıyla görüşsə belə «son söhbətini» Allahverən Əliyevlə etməlidir.
Məlumatda qeyd olunur ki, Allahverən Əliyev vəzifədən çıxarılsa da, o yenə də dövlətə məxsus 02-AA-003 nömrəli xidməti maşından istifadə edir və Raqub Məmmədov onun əvvəlki sürücüsünü belə dövlət hesabına ştatda saxlamaqdadır. Halbuki, indiki vəzifəsinə görə Allahverən Əliyevin nə sürücüsü, nə də xidməti maşını ola bilməz.
Mənbə onu da bildirir ki, hazırda Raqub Məmmədovun əsas məqsədi tez bir zamanda Allahverən Əliyevi birinci müavin gətirməkdir. Bununla bağlı icra başçısının Prezident Adminstrasiyasında müəyyən danışıqlar apardığı qeyd olunur.
Qeyd edək ki, AzMedia.info-ya daxil olan məlumatlarda həmçinin Allahverən Əliyevin biznes strukturları da qeyd olunur. Xüsusilə Allahverən Əliyevin Çəmənli kəndində fəaliyyət göstərən və hər gün 10 ton süd istehsal edən pendir sexi barədə məlumatlar maraqlı və ilgincdir. Bu barədə növbəti yazımızda.
Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.
AzMedia.info