Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş Ağdam Olimpiya İdman Kompleksinin baxımsız vəziyyətə düşməsindən son dərəcə narahat olan yerli idmansevərlər müxtəlif instansiyalara müraciətlər göndərməkdə davam edirlər. Məlum olduğu kimi Ağdam Olimpiya İdman Kompleksi 2008-ci ildə istifadəyə verilib. Yerli ictimaiyyəti düşündürən əsas məqam isə budur ki, bütün bu illər ərzində kompleksin saxlanması üçün dövlət büdcəsindən hər ay kifayət qədər vəsait ayrılsa da, ümumi vəziyyət nəyə görə bu qədər acınacaqlıdır? Kompleksin nəzdindəki stadionun giriş qapısında setkaların olmaması, mərkəzi meydançanı ağuşuna alan alaq otlarının varlığı, meydançanın bəzi yerlərində deşiklərin əmələ gəlməsi və sairə bu kimi problemlərin varlığı, bir daha sübut edir ki, burada baxımsızlıq mühiti hökm sürməkdədir. Bu da nəticə etibarilə, zaman-zaman xoşagəlməz problemlərin əmələ gəlməsinə səbəb olur. Maraqlıdır ki, hələ bir neçə il bundan əvvəl ölkə mətbuatında Ağdam Olimpiya İdman Kompleksinin direktoru Vaqif Balakişiyevin, yarıtmaz fəaliyyəti səbəbindən öz vəzifəsindən azad olunduğuna dair məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda bildirilirdi ki, “Qarabağ” futbol klubunun Quzanlıda ev oyunlarını keçirdiyi zaman, Vaqif Balakişiyev komandanın üzvlərinə olmazın əziyyət verirmiş. Futbolçular yataq yerlərinin narahatlığından, yuyunmaq üçün bəzən su olmadığından gileylənirdilər. Məlumata görə, bundan xəbər tutan icra başçısı Nizami Sadıqov isə, Vaqif Balakişiyevə qəzəblənərək, ondan ərizə yazmağı tələb etmişdi. Lakin görünür bir müddət sonra icra başçısının qəzəbi soyuyub. Vaqif Balakişiyev isə bu gün də öz əməllərinə davam etməkdədir. Məhz bu əməllərin nəticəsi olaraq, hazırda stadionun ot örtüyü və oturacaqlar artıq demək olaki, istifadəyə tam yararsızdır. Ətrafda yaranmış zibilliyin qoxusundan əraziyə yaxın gəlmək qeyri-mümkündür. Kompleksin otaqlarındakı qapı və pəncərə şüşələrinin sınıq olması, soyunub-geyinmək otaqlarının xoşagəlməz vəziyyətə düşməsi, futbolçuların keçirilən yarışlardan sonra soyunub atdıqları corabların stadionda qalması, mərkəzi meydanın kənarındakı ağ xətlərin xoşagəlməz körkəmdə olması ümumi mənzərəni bir qədər də cansıxıcı edir. İdmançıların gecələməyi üçün nəzərdə tutulan motel isə yüngül əxlaqlı qadınların görüş yerinə çevrilib. İddialara görə kompleksin nəzdində olan otaqları direktor kənar şəxslərə bir gecə qalmaq üçün 40-45 manata verir. Əldə olunan gəlirləri isə, kompleksə aid problemlərin aradan qaldırılmasına deyil, yalnız şəxsi məqsədlərinin həllinə yönəldir. Belə ki, aldığımız açıqlamaya görə kompleksin saxlanılmasına ayrılan dövlət vəsaitlərinin müəyyən bir hissəsi də Ağdam RİH-nin binasının yaxınlığında inşa olunan və Vaqif Balakişiyevə məxsus olduğu bildirilən villanın tikintisinə yönəldilib. Digər tərəfdən də son illər ərzində Vaqif müəllimin çoxsaylı kommersiya obyektlərinə, o cümlədən restorana və hətta “Land Cruiser” markalı avtomobilə sahib olması da müəyyən şübhələrə yol açır. Mənbələrin iddialarına görə Vaqif Balakişiyev sahib olduğu var-dövlətə məhz büdcədən ayrılan vəsaitləri və kompleksdən gündəlik əldə etdiyi qeyri-qanuni gəlirləri mənimsəməklə nail olub.Məlumdur ki, bu gün Azərbaycan dövləti ölkəmizdə idmanın inkişafına diqqət və qayğını daim artırır və bu yolda əmələ gələn problemlərin aradan qaldırılması üçün büdcədən külli-miqdarda vəsaitlər də ayrılır. Bunun müqabilində isə Vaqif Balakişiyev kimi məmurlar bilərəkdən dövlətimizin idman siyasətinə qarşı çıxarraq, rəhbərlik etdikləri sahədə xaos yaradır, düşünülmüş şəkildə idmanımızı məhvə sürükləyirlər. Görəsən Ağdam Olimpiya İdman Kompleksinin direktoru bu dağıdıcı fəaliyyəti ilə hansı qüvvələrin maraqlarını təmin etməyə çalışır?