Tanınmış türkiyəli sənətçi İbrahim Tatlısəs həbs edilə bilər. ANS PRESS-in məlumatına görə, müğənni 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Məlumata görə, Tatlısəs hakim Həbibə Aslana Twitter hesabından iftira atma iddiası ilə ifadə verməyə çağrılıb. Tatlısəs müalicəsi bitdikdən sonra məhkəməyə çıxacaq.
Tatlısəs Twitter hesabında üç tvit atıb. O, hakimin məhkəmə tərəflərindən birinin vəkilinin qızı olduğu üçün ədalətsiz qərar verdiyini yazıb. "Bütün musiqiçilər adından deyirəm ki, - yedik qaz ətindən, doyduq ləzzətindən. Artıq bu ölkədə kiminsə xətrinə görülən işlər bitdi".
Bundan sonra hakim və onun qızı müğənniyə qarşı 100 min liralıq təzminat iddiası qaldırıblar. H.Aslan isə Tatlısəsə qarşı yalan məlumat yayma, şəxsiyyətini alçaltma iddiası ilə ikinci iddia qaldırıb.
Ötən gün məhkəmənin ilk iclası olub. Lakin başından güllə yarası aldıqdan sonra illərdir müalicə alan İ.Tatlısəs prosesə qatılmayıb. Hakim onun reablitasiya kursundan sonra məhkəmə kürsüsünə çıxarılması haqqında qərar verib.
İ.Tatlısəs bir neçə il öncə şou proqramdan çıxarkən silahlı hücuma məruz qalıb və başından güllələnib. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni ediblər. Ölümün çaynağından xilas edilən türk sənət musiqisinin imperatoru onlarla əməliyyatdan, uzun müddətli müalicə kurslarından keçməli olub. Lakin o hələ də nə oxuya, nə də sol əlini tərpədə bilir.