3 gün öncə qalmaqal baş vermiş "Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib.
ANS PRESS xəbər verir ki, bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.
İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.
K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: “Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.
Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.
"Günaydın" verilişində müğənni Mətanət Əsədova ilə yazar Əziz Musa arasında baş verən qalmaqalın qismən səbəbkarı verilişin aparıcısı Vüsalə Kərimova göstərilir. İttiham edən isə M.Əsədovadır.
Məsələylə bağlı verilişin ailə məsələləri üzrə eksperti Hacı Quliyev mətbuata açıqlama verib:
“Vüsalə Kərimova “Günaydın” verilişinin aparıcısı təyin olunandan bu günə qədər verilişdə bir çox qalmaqallar olub. Amma burada Vüsalə xanımın heç bir təqsiri yoxdur".