Ötən gün axşam saatlarında “Kapital Bank”ın Xırdalan filalında baş verən hadisənin təfərrüatları açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında söyləyib ki, hadisəni törədən şəxs bankın sürücü-inkassator vəzifəsində çalışan 1962-ci il təvəllüdlü Hikmət Əliyev olub. Nazirlik rəsmisi qeyd edib ki, o, banka basqını əvvəlcədən planlaşdırıb.
"Hikmət Əliyev gizlincə bankın filialına daxil olub. Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin mülki əməkdaşı Hamlet Şıxəliyev içəridən səs gəldiyini eşidib və bundan şübhələnib. Mühafizəçi içəriyə baxış keçirərkən Hikmət Əliyevi aşkar edib. Soyğunçuluq etmək istəyən Hikmət Əliyev bıçaqla mühafizəçiyə hücum çəkib və onlar əlbəyaxa çıxıblar. Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və o, diz nahiyəsindən yaralanıb. Mühafiəzəçinin yaralandığını görən Hikmət Əliyev vəziyyətdən istifadə edərək hadisə yerindən qaçıb. Ancaq axtarışları davam etdirən Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi ələ keçiriblər".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir.
Əldə etdiyimiz məlumata görə, hadisəni törədən vaxt əslində inkasator məzuniyyətdə olub. Onun hansı səbəbdən çalışdığı yeri soyması hələlik bilinmir.
Hadisə yerindən fotolar: