“Qanuni fəaliyyətini bərpa etmiş “Atahan Dəmir Sənaye” MMC-yə bu gün saat 12:00-də yenə də “qoçu dəstəsi”nin hücumu oldu”.
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı özünün facebook səhifəsində həmin MMC-nin həmtəsisçilərindən biri olan sabiq deputat Nazim Məmmədov paylaşıb.
N.Məmmədov bildirib ki, Binəqədi Mühafizə Polisinin, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının hadisə yerində olmasına baxmayaraq DİN-in mayor, polkovnik rütbəli zabitləri və əlavə 20 nəfər polis nəfəri “reket dəstəsi”nin Fariz, Çingiz, Vüqar adlı üzvlərinin qabağında aciz qalıb: “Biz təbii ki, rəsmi ərizələrlə müraciət etdik. Buradan çoxhörmətli daxili işlər naziri Ramil Usubova səslənirəm: xahiş edirəm ki, polislərin qorunması üçün tədbir görün!
Əlavə olaraq onu da qeyd edim ki, 20 nəfər polisin yanında mənim telefonum da əlimdən alındı ki, heç yerə zəng etməyim”.
Yada salaq ki, həmin müəssisəyə, ümumən metallurgiya sahəsində gəaliyyət göstərən 20 belə özəl istehsalat obyektinə belə bir hücum 2012-ci ilin avqust ayında da olmuşdu. Məqsəd metal inhisarçılarının bu sahəni bir ələ cəmləmək istəkləri idi. Xatırladaq ki, hazırda ölkənin metallurgiya sahəsinə “Baku Steel Company” nəzarət edir. O, bu sahədə tam monopoliya qurub.