“Müğənni Mətanət Əsədovaya “mən aliməm, sən fahişəsən” deməklə gündəmə gələn yazar Əziz Musa Ölkə.Az saytının suallarını cavablandırıb.
– Əziz müəllim, müğənni Mətanət Əsədova sizi məhkəməyə verib və təzminat kimi yüz min manat istəyir. Uduzsanız ödəyə biləcəksiniz?
– Mənim heç on manat da qazancım yoxdur. Hardadır mənim o qədər pulum?
– Bəs uduzsanız, necə olacaq?
– O qalacaq Allahın ümidinə.
– Son günlərdə sənət adamlarından, onların yaxınlarından sizə zəng vurub hədələyənlər olur?
– Hə, elə şeylər olub.
– Mətanət Əsədovanın yaxınlarıdır?
– Heç tanımıram kimdir.
– Zəng vurub nə deyirlər?
– Hər söz deyirlər, təhqir edirlər, hədələyirlər. Mən də susub dururam. Amma mən elə ordaca Mətanət Əsədovadan üzr istədiyimi dedim.
– Əziz müəllim, biri deyir ki, siz ona “fahişə” demisiniz, biri deyir “küçə qızı” söyləmisiniz. Əslində nə demişdiniz?
– Orada özümdə olmamışam. Cumdu üstümə, əlimdən mikrofonu alıb sındırdı. Nə oldusa, sonradan oldu.
– Ondan sonra sizə telekanaldan zəng edib barışdırmaq istədilər?
– Olmayıb.
– Bundan sonra o cür verilişlərə yenə gedəcəksiniz?
– Normal veriliş olsa, gedərəm, elə verilişlərə yox.
– O verilişdə ilk dəfə idi iştirak edirdiniz?
– Əvvəl də iştirak etmişəm.
– İlk dəfə belə bir qalmaqalla üzləşirdiniz?
– Bəli.
– Bildirilir ki, siz şagirdinizi zorlamısınız…
– Keçmişi qurdalamaq lazım deyil. Mən o dövrləri yaşayıb qurtarmışam. İstəyirəm bir az sakit ömür yaşayam.
– Neçə yaşınız var?
– 64 yaşım var.
– Övladlarınız da jurnalistika sahəsindədir?
– Üç övladım var. Biri müəllimdir, biri maliyyəçi….
– Bu qalmaqala reaksiyaları necə oldu?
– Onlar mənə heç nə demirlər.
– Narahat deyilsiniz övladlarınıza nəsə edərlər?
– O barədə heç nə deyə bilmərəm.
– Son günlər yetərincə populyarlıq qazandınız. Bu formada populyar olmaq bir ziyalı və alim üçün nə dərəcədə yaxşı haldır?
– Mən şöhrətpərəst adam deyiləm və istəmərəm ki, belə qalmaqalda adım hallansın. Sakit adamam.
– Qalmaqalı da özünüz yaratmısınız…
– Aydın məsələdir ki, əsəbləşmişdim.
– Verilişdən sonra Manaf Ağayev sizə nəsə dedi?
– Mən efirdən çıxdım gəldim. Orada deyib ki, onun nəslində kişi yoxdur. Heç mən tanımıram Manaf hardandır, necə adamdır.
– Onunla bağlı məhkəmyə müraciət edəcəksiniz?
– Mən hacı adamam, həmişə sakitlik və sülh tərəfdarı olmuşam.
– Neçənci ildə Həcc ziyarətində olmusunuz?
– 2007-ci ildə.
-İbadət edirsiniz?
– Bəli.
– Amma xanımınız bildirib ki, hirslənəndə evdə də söyür…
– Xanımım da dindar adamdı. Evdə heç vaxt nə ağzımdan söyüş çıxmaz, nə də əsəbləşmərəm. Sakit adamam. O da nəysə bir iş idi oldu.
– Alimlik dərəcəniz var, Yazıçılar Birliyinin üzvüsünüz…
– Mənim 30 kitabım var.
– Necə dolanırsınız?
– Məktəbdə müəllim işləyirəm, övladlarım da işləyir. Bir yerdə yaşayıb dolanırıq.
– İşlədiyiniz məktəbin direktoru zəng vurub irad bildirməyib ki?
– Yox, hələlik bir şey yoxdur.
– Sizcə sənət aləmində fahişələr çoxdur. Ümumiyyətlə, bu aləmdə fahişə var?
– Mən deyirəm ki, efirdə hamı mədəni olsun, mədəni geyinsin. Mən o sözü deyə bilmərəm. Axı hacı adamam. Söyləyə bilmərəm ki, sənət aləmində fahişə var. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Bağışlamaq böyüklük əlamətidir.
– Məhkəmə ilə bağlı içinizdə qorxu var?
– Niyə qorxuram ki? Həyatda hər şey ola bilər
– Sonuncu kitabınız neçənci ildə çıxıb?
– Ötən il.
– Kitablarınızı kim maliyyələşdirir?
– Mən şairəm də. Elə öz ailəmin xərci ilə çıxarıram.
– Bilirik ki, əslən Cəbrayıldansınız. Hazırda yaşadığınız mənzil özünüzündür?
– Dar bir evimiz var. Altı nəfər iki otaqda məskunlaşmışıq.
Yenilik.Az