Olya Emelyankonun indiyə qədər Nərimanov və Yasamalda 6 uşağı oğurlayaraq orqanlarını satdığına dair xəbər yayılıb
Az öncə sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, Bakıda uşaqları oğurlayıb, onların orqanlarını satan qadın peyda olub. Hətta həmin qadının fotoşəkili də yayılıb.
Şəkillə birlikdə isə aşağıdakı məzmunda mətn də paylaşılıb: «Bu qadını görənlərdən xahiş olunur ki, polisə xəbər versinlər. Adı Olya Emelyankodur. Rusiya vətəndaşıdır və uşaqları uşaq bağçalarından oğurlayaraq Bakıdakı rus orqan mafiyaların böyük məbləğə satır. Əsas da Nərimanov və Yasamal rayonlarında 6 uşağın qaçırılmasını təşkil edib. Ehtyatlı olun, uşaqlarınızı tək buraxmayın».
Doğrusu, bu məlumatın nə dərəcədə doğru olub-olmadığı məlum deyil. Bu məlumatın səhihliyini şübhə altına sala biləcək məqamlar da az deyil. Məsələn, indiyə qədər Bakıda 6 uşaq itkin düşsəydi, bu barədə dərhal məlumat üzə çıxardı. Hətta rəsmi qurumlar məlumat verməsəydilər belə, uşaqları itən valideynlər bununla bağlı mətbuata üz tutardı.
Amma digər tərəfdən də belə bir halın olması istisna edilmir. Əksinə, Bakıda orqan mafiyasının fəaliyyət göstərdiyi barədə xeyli əvvəl də məlumatlar olub.