Məmmədovlar klanının kriminal bioqrafiyası

18-05-2014, 13:48   
Məmmədovlar klanının kriminal bioqrafiyası
Ziya Məmmədovun “qoçuları”, döyülən sürücülər və jurnalist...; Ziya Məmmədov, Elton Məmmədov, Anar Məmmədov və Aynar Məmmədovun serial qəhrəmanlarını xatırladan əməlləri; onların adı qətldən tutmuş quldurluğa qədər, bir çox qanunsuzluqlarda hallanır; bu klan niyə hər kəsin hədəfindədir?

Deputat Elton Məmmədov teleqraf.com saytına açıqlama verib. Həmin açıqlamada o, guya müxalifyönümlü “Yeni Müsavat” qəzetinin onun tayfasına qarşı kampaniya apardığını iddia edib. “Biz ziyalı adamlarıq. Mən xoşum gəlmədiyi adama qarşı uzaqbaşı sözlə cavab verərəm. Nə mən, nə mənim övladım, nə də qardaşım övladları elə tərbiyə almayıblar ki, kiməsə əl qaldırsınlar və ya döydürsünlər. Biz mafiya deyilik axı... Ziyalı adamlarıq. Hər gün yazırlar, bizi söyürlər, tirajlarını artırırlar. Kim kimə haqsızlıq edirsə, Allah onun bəlasını versin.

Mənə desələr ki, səni həbs edirik, 50 il türmədə yatacaqsan, yenə də "Yeni Müsavat"ın baş redaktoruna zəng edib “barəmdə yazmayın” xahişini etmərəm. Qoy, yazsınlar. Allah yuxarıdan görür. Əməllərinə görə, bu dünyada olmasa da, o dünyada cavab verəcəklər".
E.Məmmədov “Yeni Müsavat”ın müxbirinin döyülməsində oğlunun adının
hallandırılmasına da münasibət bildirdi: “Bu söhbətlər məni bezdirib. Cavan uşaqdır da, sözləri çəp gəlib vuruşublar. Cavan vaxtı heç dalaşmamısız?”

Millət vəkili son günlər mətbuatda yazılanlarla bağlı mətbuat konfransı keçirmək niyyətində olmadığını dedi: “Heç bir mətbuat konfransı keçirməyəcəyəm. Bu gün parlamentdə də bu barədə söhbətimiz oldu. Dedim ki, barəmizdə yazılanlar sağlam məntiqə sığmır. Mən Vidadi İsgəndərlinin adını birinci dəfə sizdən eşitmişəm. Mənim və ya qardaşım oğlunun onunla nə işi var? Xahiş edirəm ki, bu cür söhbətləri, ümumiyyətlə, qabartmayasız. Hərdən mənə elə gəlir ki, jurnalistlərimiz yazmağa mövzu tapmayanda, fantaziyalarını işə salırlar”.

Deputatın bu iddialarına “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun tutarlı cavabı qəzetimizdə dərc olunur. Biz isə “ziyalıyıq” iddiasını darmadağın edən, ortaya quldur, yırtıcı xislətini çıxaran bir sıra faktları yada salaq.

* * *
Dərhal mətləbə keçərək, qeyd edək ki, media Elton Məmmədov və onun “ziyalı” yaxınlarının şəxsiyyətindən yox, qanunsuz əməllərindən yazır və yazacaq da. Burada deputatın xahişi və iradları heç nəyi həll etmir. İşin gülünc tərəfi isə budur ki, özlərini “ziyalı” adlandıran Məmmədovların adları həmişə məhz kriminal olaylarda, korrupsiya və meşşan həyat tərzində hallanıb və hallanmaqdır. Elton Məmmədovun oğlu Aynar Məmmədovun “Yeni Müsavat”-ın müxbiri Fərahim İlqaroğlunun döydürməsini sifariş verməsi barədə informasiyalar o qədər ciddidir ki, hətta deputatın özü də “cavan uşaqdır da, sözləri çəp gəlib vuruşublar, cavan vaxtı heç dalaşmamısız” deyərək sifarişi dolayısı ilə etiraf etmiş olur. Bu Məmmədovların adı hallanan ilk kriminal deyil, heç sonuncu da deyil. Sonuncu dəfə hüquq-müdafiəçisi Vidadi İsgəndərlinin Məmmədovların təhdidlərinə məruz qalması barədə məlumat yayılıb. Ümumiyyətlə, Məmmədovlar ölkənin ən kriminal məmur ailəsi sayılır. Bu barədə mediada gedən məlumatların qısa xülasəsini diqqətinizə çatdırırıq.

Türkiyəli cangüdəni kim güllələyib?

2013-cü il iyulun 17-də Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer məqaləsində adını gizli saxladığı mənbələrə istinadla “ziyalı” Elton Məmmədovun qardaşı oğlu, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türk cangüdənini güllələdiyi, eləcə də onun Bodrum yaxınlığında 40 milyon dollara ada aldığını yazmışdı. Bunun ardınca Anar Məmmədov qəzetə təkzib göndərmişdi. A.Məmmədovun rəhbəri olduğu “Amerika-Azərbaycan Alyansı” adından verilən təkzibi də yazar Bayer 19 iyul tarixli köşəsində dərc etdirib.

Təkzib məktubunda məlumatların doğru olmadığı bildirilir.
Məktubun ardınca Bayer qeyd edib ki, A.Məmmədovla bağlı əldə etdiyi məlumatları ictimailəşdirəndən sonra mövzu ilə bağlı çoxlu məktublar alıb. Ondan dəqiqləşdirilmiş təfərrüatlar istəyiblər. Lakin o, məlumat verməyi doğru bilməyib. Yalçın Bayer məsələylə Türkiyənin Azərbaycandakı səfirliyindən də maraqlandıqlarını yazıb: “Bakıdakı Türkiyə səfirliyindən arayan konsul Behzat Erdəmə məlumatlar verdik. Konsul maraqlananda xarici işlər naziri Əhməd Davudoğlu da Bakıda idi”. Bu məsələnin Davudoğlunun Bakı səfərində ayrıca müzakirə edilməsi ilə bağlı məlumatlar var.

“Adam döydürmək Məmmədovlar üçün adi hal alıb; hər gün sürücüləri döyənlərin arada jurnalistləri də "yada salması" təbii görünməlidir"


A.Məmmədovun məşhur ayı qalmaqalı da yəqin yaddaşlardan silinməyib. Onun qeyri-təvazökar həyat tərzindən qidalanan bu olay bir müddət ölkə gündəminin əsas mövzusu oldu. A.Məmmədovun zədələnmiş imicini bərpa etmək üçün bir neçə media quruluşunu, o cümlədən də qəzetimizi məhkəməyə verdilər.

Elton Məmmədov “Lyuks-Sönməz” MMC-nin torpağını zəbt edib

“Ziyalı” Elton Məmmədovun Türkiyə vətəndaşına məxsus “Lyuks-Sönməz” şirkəti ilə uzunmüddətli məhkəmə çəkişməsi olub. Çəkişməyə səbəb deputata məxsus “Bakı XX? ƏSR” MMC-nin sərəncamında olan torpaq sahəsinin 0,47877 hektarının “Lyuks-Sönməz” MMC-yə məxsus olmasıdır. Təsisçilərindən biri Türkiyə vətəndaşı Nacı Uzun olan şirkət ərazidə xeyli tikinti işləri də aparıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı (2008-ci il, 10 yanvar, 9 nömrəli) ilə xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsi “Bakı-XXI Əsr” MMC-yə verilib. Bu MMC-nin təsisçisi isə Britaniyanın Vircin adalarının hüquqi şəxsi olan “Trans -Eyransan Leasinq Group Ltd” şirkəti olsa da, Bakı Beynəlxalq Avtovağzal və onun ətrafına sahib olan həmin MMC-nin Elton Məmmədova məxsus olması ilə bağlı təkzibolunmaz məlumatlar var. Ən başlıcası isə bu faktı E.Məmmədovun özü də mediaya açıqlamalarında etiraf edib.

Maraqlısı budur ki, aradan ötən 5 ildə Elton Məmmədov məsələni qanuni yolla həll etmək əvəzinə istər torpaq sahəsini, istərsə də onun üzərində olan mülkiyyətləri qarşı tərəfdən məcburi almağa çalışıb. Buna görə də ortaya o vaxtdan problem çıxıb. Sonda Türkiyə səfirliyinin müdaxiləsi ilə məsələ həllini tapıb.

“Ziyalı”nın offşor şirkətləri

Azərbaycan qanunvericiliyinə görə, deputat bizneslə məşğul ola bilməz. Ancaq Elton Məmmədov hlə də nümayişkəranə şəkildə bizneslə məşğul olmaqla, Azərbaycan qanunlarını tapdalayır. Onun xarici ölkələrdəki offşor şirkətləri barədə təkzibolunmaz məlumatlar var. Offşor şirkətlər və onların sahibləri haqda məlumatların cəmləndiyi http://www.datatracker.org saytında azərbaycanlı oliqarxlarla bağlılığı olan “Global Transport Group S.A.” şirkət haqda məlumatlar yer alıb. Bu şirkət 1998-ci ilin dekabrında qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min ABŞ dollarıdır.

Şirkətin qeydiyyatı haqda sənəd Panamanın offşor şirkətlərin qeydiyyatına dair məlumat bazasından götürülüb. Sənəddə göstərilir ki, şirkətin prezidenti Dəmirov Elyar, xəzinədarı Məmmədov Elton, katibi Cavad Cavanşirdir. Şirkətin direktorlar şurasının üzvləri də bu şəxslərdən ibarətdir.

Eyni zamanda Bakı Beynəlxalq Avtovağzalının sahibi olan və Elton Məmmədovun təsisçisi olduğu “Bakı XXI Əsr” MMC şirkətinin də izi offşor zonalara gedib çıxır. Belə ki, həmin şirkətin mülkiyyətçisi Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “Trans European Leasing Group” şirkətidir.

Yeri gəlmişkən, “offşor zona” kapitalı vergidən yayındırmaqla dövriyyədə saxlayan dövlət və ya ərazidir. Vergidən yayınmaq istəyən pullular öz kapitalını belə zonalarda saxlayır. Bura çirkli pulların yuyulması üçün əvəzsiz məkandır. Görünür, nəqliyyat sektorundan oğurlanan pulların yuyulması üçün “ziyalı-oliqarx” belə addım atmağa məcbur olub.

Ziya Məmmədovun “qoçu dəstələri”

Nəqliyyat Nazirliyinin nəzdində olan Nəqliyyat Müfəttişliyinin əməkdaşları mediada artıq birmənalı şəkildə “Ziya Məmmədovun qoçuları” kimi tanınır. Onların sürücüləri döyməsi, təqib etməsi, nömrəsini açması kimi kriminal məlumatlar mütəmadi olaraq mediada dərc edilir. Hətta onların quldurluq etməsi ilə bağlı məlumatlar da yayılıb. Ötən il noyabrın 7-də sabiq deputat, iqtisadçı Nazim Məmmədovun qardaşını Ziya Məmmədovun “qoçuları” soyublar. Bu barədə musavat.com-a məlumat verən sabiq deputat bildirib ki, qardaşı Tovuzdan Bakıya qohumlarının toyunda iştirak etmək üçün yola çıxıb: “Mersedes-Vita” markalı avtomobili ilə geri qayıdanda Lökbatan dairəsində dayanıb, içməyə su alıb, yerinə əyləşəndə bir nəfər onun yanına oturub, hara getdiyini soruşub, “Tovuza” cavabı alınca onu da o istiqamətə aparmağı xahiş edib. Sürücü “yox” cavabı versə də, həmin adam maşının saxlanc qutusunda onun sənədlərini və 5 min manat pulunu götürərək qaçıb.
N.Məmmədov bildirib ki, qardaşına qarşı bu aşkar soyğunçuluğu edənlər 3-4 nəfər olublar. Onları yaxınlıqdakı polislər də görüb. Polislər bu olaya qarışmaq istəməyərək deyiblər ki, o şəxslər nəqliyyat müfəttişləridir və polislər onların işinə qarışmırlar. Bu cür faktlar yüzlərcədir. İnternetin “google.az” axtarış sistemində “Ziya Məmmədovun qoçuları” yazmaq kifayətdir ki, ayrı-ayrı vaxtlardan törədilən bu qəbildən olan yüzlərlə informasiyalarla tanış olasan. Ən pisi də odur ki, indiyə qədər bu qanunsuzluğa görə heç bir nəqliyyat müfəttişi cəzalanmayıb. Çünki onlar Z.Məmmədov səviyyəsində himayə edilirlər. Əgər E.Məmmədov qardaşının bu hərəkətini “ziyalı hərəkəti” hesab edirsə, onda onun psixoloji problemləri var.

Ziya Məmmədovun korrupsiya əməlləri barədə danışmaq isə artıqdır. O artıq ölkədəki korrupsiya simvollarından birinə çevrilib. Bu barədə hər gün yazıldığından təkrarçılığa yol vermək istəmirik.

Elton Məmmədovun avtoş oğlu

Sonda əməkdaşımız Fərahim İlqaroğlunun döyülməsinə səbəb olan olay haqda. Bir qədər öncə Elton Məmmədovun oğlu Aynar Məmmədovun paytaxtın “Zığ-Hava limanı” şossesində sürət yarışına çıxmağı ilə bağlı məlumat və onu müşayiət edən videolar yayıldı. E.Məmmədovun bu xəbərləri “böhtan” adlandırdı. Ancaq “virtualaz.org” xəbər saytının rəhbəri Eynulla Fətullayev araşdırmalarına görə, DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, “10 LZ 100" dövlət nömrə nişanlı avtomobilin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik "10 LR 100" dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib.

Bunun ardınca yeni avtoşluq videoları yayıldı və iddia olundu ki, həmin kadrlarda görünən maşının sahibi də Elton Məmmədovun kiçik oğludur. Oxuculardan birinin Musavat.com-a göndərdiyi videoçarxda avtomobillərin çox sürətlə hərəkət etdiyi görünür. Hətta bəzi vaxtlarda sürət saatda 260 kilometrə qədər çatır.

Videonu göndərən oxucu iddia edir ki, kadrlarda görünən dövlət nömrə nişanı (10-AZ-458) aydın şəkildə görünən “Mersedes S class” avtomobili nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun digər oğlu Elnura məxsusdur. Həmin videonu öz facebook səhifəsində Fərahim yaymış və bununla bağlı material hazırlamışdı (ttp://musavat.com/news/g%C3%BCnd%C9%99m/Avto%C5%9Fluq-ed%C9%99n-Por%C5%9Fenin-sahibi-bilindi_192451.html.). E.Məmmədovun oğlunun da bunun əvəzini çıxmaq üçün Fərahimin döyülməsini sifariş verməsi versiyası artıq təsdiqlənmək üzrədir. Prinsipcə, burada qeyri-adi heç nə yoxdur. Adam döydürmək Məmmədovlar üçün adi hal alıb. Gündə sürücüləri döyənlərin arada jurnalistləri də “yada salması” təbii görünməlidir.

Bütün bunlar Məmmədovların qanunsuz əməllərinin çox kiçik bir hissəsidir. E.Məmmədov deyir ki, “Allah yuxarıdan görür, bu dünyada olmasa da, o biri dünyada cəzasını verəcək”. Bəli, Elton müəllim, Allah görür, ancaq cəzaların əksəriyyətini elə bu dünyada verir, o dünyaya saxlamır. Döyülən, söyülən sürücüləri də, əmlakı zorla əlindən alınan insanların naləsini də, nəqliyyat sektorundan oğurlanan pulların xaricə daşınmasını da, dövlətin nəqliyyat sektorunu şəxsi mülkiyyətinizə çevirməyinizi, yaratdığınız monopoliyaları da Allah görür və cəzanızı mütləq verəcək. Özü də bu dünyada. Ancaq siz tövbə edib üzr istəmək əvəzinə bizi günahkar çıxartmaq istəyirsiniz. Ayıbdır. Bu ölkədə başqa nazirlər, onların qardaşları, oğlanları, qardaşı oğlanları var. Düşünün ki, niyə məhz Məmmədovlar hədəfdədir?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.