ABŞ-ın 16 senatorunun prezident İlham Əliyevə sərt tonda məktubu ən çox Anar Məmmədovun ayağına yazılmalıdır; Amerikada iqtidarın lobbiçiliyi üçün fantastik paralar xərcləmiş gənc oliqarxdan hesab sorulacaqmı?
ABŞ-ın 16 senatoru Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb. Kifayət qədər sərt tonda olan məktub həm də hakimiyyətə ittihamedici notlar üzərində qurulub və rəsmi Bakı faktiki surətdə ölkədə repressiyaları, avtoritarizmi gücləndirməkdə suçlanıb.
Məktubun girişində deyilir ki, senatorlar müraciəti Azərbaycanda vətəndaş cəmiyyəti və mətbuat azadlığı üçün məkanın daralmasına görə getdikcə artan narahatlıq hissi ilə yazıblar. Sitat: “Avqustda bir neçəmiz sizə yazaraq siyasi motivli həbslərin artmasından narahatlıq ifadə etdik. Həmin məktubda Anar Məmmədli, Leyla və Arif Yunuslar və İntiqam Əliyevin saxlanmasından bəhs olunurdu. Məktubdan sonra Rəsul Cəfərov, xeyli sayda insan haqları fəalı və jurnalist ya həbs olunub, ya da ölkədən çıxışlarına qadağa qoyulub. Bundan başqa, Azərbaycanın üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ofisinin bağlanması, ”Amnesty International" beynəlxalq insan haqları təşkilatı təmsilçilərinin ölkəyə girişinə qadağa qoyulması barədə eşitmişik".
Senatorlar daha sonra bəyan ediblər ki, Azərbaycan hökuməti konkret işlər görməklə ABŞ-Azərbaycan münasibətlərinin güclənməsi yolunda mühüm maneəni aradan qaldırmış olar. Müraciətdə Azadlıq Radiosunun Bakı ofisinin fəaliyyətinin dayandırılmasından da söz açılır: “Ötən dekabrda hakimiyyət Azadlıq Radiosunun Bakı bürosunu möhürləyib. Bu, açıq-aşkar mətbuat azadlığını boğmaq məqsədilə, şübhəli ittihamlarla edilib. Ofisin açılması üçün bir neçə aylıq danışıqlardan sonra radio bu yaxınlarda ofisini tamamilə bağladığını elan edib. Azadlıq Radiosunun missiyası əhaliyə azad informasiya və xəbər axını çatdırmaqdır, əks halda, əhalinin yalnız rəsmi mediaya çıxışı qalır".
Qeyd edək ki, məktub senator Richard Durbinin təşəbbüsü ilə hazırlanaraq göndərilib və aşağıdakı senatorlar tərəfindən imzalanıb: Barbara Boxer, Benjamin Cardin, Dianne Feinstein Ron Johnson, Mark Kirk, Patrick Leahy, Markey, John McCain, Robert Menendez, Chris Murphy, Gary Peters, Jack Reed, Marco Rubio, Jean Shaheen və Sheldon Whitehouse.
Əlavə edək ki, ABŞ-ın “Freedom Now” insan haqları təşkilatı da senatorların bu təşəbbüsünü alqışlayıb.
***
Göründüyü kimi, məktubda Azərbaycan hakimiyyəti beynəlxalq qınaqları və çağırışları ciddiyə almamaqda da günahlandırılır. Müraciət eyni zamanda rəsmi Bakı ilə Vaşinqton arasında soyuq ruzigarların əsdiyi dönəmə təsadüf eləməsi ilə diqqət çəkir. Bütün hallarda onun Azərbaycan rəhbərliyində yumşaq desək, məmnunluq yaratmayacağı dəqiqdir.
Ümumiyyətlə, ABŞ Konqresi hakimiyyətə münasibətdə Ağ Ev administrasiyiasından (hökumətdən) fərqli olaraq, bir qayda olaraq, qat-qat sərt mövqeyi və ritorikası ilə seçilib. Ancaq məsələ ondadır ki, iqtidar bu ritorikanı yumşaltmaq üçün necə vaxtdır Birləşmiş Ştatlarda, o cümlədən Konqres üzvləri arasında məsul elədiyi adamları vasitəsilə lobbiçilik fəaliyyəti aparır. .
Söhbət öncəliklə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədovdan gedir. Bu barədə bir neçə dəfə yazmışıq və yeri gəlib bir daha yada salmağa zərurət var ki, Anar Məmmədov amerikalı konqresmenlər və senatorlara lobbiçilik adı altında fantastik paralar xərcləməsi ilə, onlara, həmçinin diplomatlara və qəzet redaktorlarına Azərbaycan pulları hesabına bahalı ziyafətlər, qonaqlıqlar təşkil eləməsi ilə vaxtaşırı həm Azərbaycan, həm də ABŞ mətbuatının diqqətinə gəlib.
Bir sıra konqresmenlər və senatorlar da daxil, 500 amerikalı üçün sonuncu belə havayı yeyib-içmək məclisi Vaşinqtonda təşkil olunmuşdu. Belə bahalı ziyafətlərin reallaşması üçün “Fabiani & Company” lobbi şirkətinə təkcə son illərdə üst-üstə 5 milyon dollar pul ödənib. Deyilənlərə görə, qeyri-rəsmi məbləğ daha çoxdur.
Bəs nəticə? Nəticə niyə yoxdur? Bu paraların hesabı sorulacaqmı?
***
Deyilə bilər ki, bu qəbildən müraciətlər indiyədək də olub, bu da onlardan biri. Bəzi müşahidəçilərə görə isə bu məktub da o birilər kimi Azərbaycanda insan haqlarının durumuna görə narahatlıqdan daha çox, Əliyev hökumətindən nələrisə, hansısa siyasi güzəştləri qoparmağa hesablanıb. Nələri?
Yəqin ki, bunu zaman göstərəcək. Bir şey dəqiqdir ki, Ziya Məmmədovun “lobbist” oğlunun növbəti fiaskosu ortadadır.
/musavat.com/
Siyasət şöbəsi