Qobustan sakini Habil Bayramovun ölkə başçısına ünvanladığı müraciətdə şok faktlar
Qobustan rayon sakini Habil Bayramov ölkə başçısı Ilham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokurorun birinci müavini Rüstəm Usubova, Ombudsman aparatının rəhbəri Elmira Süleymanovaya və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova müraciət edib. Habil Bayramov müraciətin bir surətini də “Azadlıq” qəzetinə göndərib.
Şikayətçi yazır ki, 2008-ci ildə qardaşı Qürbət Bayramov Abşeron rayon ərazisində cinayət törədib. Qürbət Bayramov Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunur. Habil Bayramov yazır ki, Ramin adlı həmkəndlisi onun Nizami Ibrahimov adlı şəxsə tanış edərək bildirib ki, Qürbət Bayramovun həbsdən qurtulmasına yardımçı ola bilər. Bu şəxs prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla qohum, Baş prokurorun birinci müavini Rüstəm Usubovla isə dost olduğunu bildirib: “Biz, 4 nəfər 20 yanvar metrostansiyasının yanındakı çayxanada oturub məsələni müzakirə etdik. Bizimlə yanaşı söhbətdə Niyazi, Nadir və Ramin adlı mənə tanış olan şəxslər də iştirak edirdilər. Nizami Ibrahimov da tanımadığım bir şəxslə gəlmişdi. Nizami qardaşımın tam qurtarıb azad olunması üçün 15000 (on beş min) ABŞ dolları lazım olduğunu bildirdi. Mən Qobustan rayonunda olan mal-qaranı satdım, qohum-qardaşdan borc aldım. Qalan pulu da ACSSES bankdan kredit götürüb 15000 dollar düzəltdim və yenə də ”20 Yanvar"da görüşüb pulu şahidlərin yanında Nizami Ibrahimova verdim. O pulu aldı və qeyd etdi ki, mən elə bu saat məsələni danışmaq üçün birbaşa Baş prokurorun birinci müavini Rüstəm Usubovun “Memar Əcəmi” metrosunun yaxınlığında yerləşən ofisinə gedirəm, pulu da aparıb orda verəcəyəm".
Bu söhbətin üstündən bir müddət keçəndən sonra Habil Bayramov müstəntiqlə görüşərək işdə yenilik olub-olmadığını soruşub: “Qeyd etdi ki, heç bir yenilik yoxdur və qardaşına həbs hökmü oxunacaq. Nizami ilə əlaqəyə girib məni aldatdığını bildirdim. Pulun geri qaytarılmasını istədim. O isə məni hər dəfə bir bəhanə ilə süründürürdü. Ona görə də Yasamal rayon Polis Idarəsinə şikayətlə müraciət etdim. Iş müstəntiq Əli Məsimovda idi. Müstəntiq onu çağırdı. Yazdığı izahatında bir daha etiraf etmişdi ki, o məndən pul alıb. Və müstəntiqin yanında ilkin olaraq 2500 dollar pulumu qaytardı. Sonralar isə hissə-hissə 2500 dollar da ödədi. Bundan sonra ”yox"a çıxdı. Mən yenidən şikayətlər etsəm də xeyri olmadı. Bu ilin yanvarın 13-də Baş prokuror cənab Zakir Qaralov Şamaxı rayonunda vətəndaşları qəbul edərkən qəbula düşdüm. Başıma gələnləri dedim. Cənab Zakir Qaralov işi şəxsi nəzarətinə götürəcəyini bildirdi və şikayətin araşdırılmasını dərhal yanındakı baş köməkçisi olan prokuror Mübariz Əhmədova tapşırdı. O da öz növbəsində Yasamal rayon Prokurorluğuna bu məsələnin araşdırılması barədə tapşırıq verdi. Iş yenidən araşdırılması üçün Yasamal Rayon Polis Idarəsinin müstəntiqi (əvvəlki müstəntiq) Əli Məsimova həvalə edildi. Lakin çox təəssüflər olsun ki, aradan xeyli müddət keçsə də müstəntiq bilə-bilə ki, iş Baş Prokurorun nəzarətindədir heç bir iş görməyib. Heç zənglərimə də cavab vermir. Dələduz Nizami Ibrahomov isə öz qanunsuz əməllərini davam etdirməkdədir.
Xatırladım ki, 2009-cu ildə mən həmkəndlim olan Raminə dedim ki, N,Ibrahimovu sən mənimlə tanış etdin ki, qardaşının işini bu adam görə bilər. Görə bilmədi və qardaşım həbs olundu. Indi Nizamini çağır pulumu qaytarasın. O da Nizamini mənim yaşadığım Abşeron rayonundakı Nübar qəsəbəsindəki evimə dəvət etdi. Fevral ayı idi. Axşamın qaranlığında Nizami evimizə gəldi, əlindəki tablet silahı ilə ailəmin yanında məni hədlədi ki, bir də sənin Raminlə işin olmasın, yoxsa öldürərəm. O bu hədə-qorxu ilə istəyirdi ki, mən ondan pulu geri istəməyim.Ailəm bərk qorxmuşdu. O hadisədən sonra Nizami gözə görünmədi. Yalnız bu ilin mart ayında onu təsadüfən “20 yanvar” metrosu yaxınlığında gördüm. Gedib tutub pulumu istədim. O isə verəcəyəm deyərək qaçıb aradan çıxdı.
Cənab Prezident ! Sizə ona görə müraciət etmək məcburiyyətində qalmışam ki, Cənab Baş Prokuror Z.Qaralovun nəzarətində olan bu məsələdə son 7 ayda heç bir irəliləyiş yoxdur. Yəni, bu işin həllinə Baş Prokurorun gücü çatmır. Ona görə də bu işin tezliklə həll edilməsi üçün göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
Daxili Işlər naziri Cənab Ramil Usubovdan da xahişim budur ki, Yasamal Polis Idarəsinin müstəntiqi Əli Məsimov bu işi ikinci dəfə araşdırmaqda maraqlı deyil. Ona görə də iş materiallarının digər peşəkar, savadlı, nəfsi təmiz zabit müstəntiqə verilməsinə, məni evimə gecə vaxtı hücum çəkib silahı ilə öldürməklə hədələyən dələduz haqqında qanuni ölçü götürülməsi, və ailəmin təhlükəsizliyinə zəmanət verilməsi barədə göstəriş verəsiniz.
Ombudsman Aparatının rəhbəri xanım Elmira Süleymanovadan da xahişim budur ki, mənim hüquqlarımın müdafiəsinə yardım göstərsin".