“Land of Hafka” və İbadulla
Ana yurdumuzun bir dəstə “dejurnı patriot”u və facebook qəhrəmanı bu dəqiqə öz təbii ölçüsündən çıxıb.
Yox, dərininə getsək, burada “Hafka” ləqəbli “yeni azərbaycanlı” Hafiz Məmmədovun son müsahibəsindəki dayaz fikirlərin qram da rolu yoxdur. Bizim camaatın əksəriyyəti elə “Hafka” fason düşünür - onsuz da heç nə oxumur...
Səbəb ispan klubu “Atletiko”nun Odlar yurdu sakinləri azərbaycanlıları bu dəfə “Topaz”da yox, uzaq Kataloniyada yandırması, qızışdırıb atəşləməsi, odlamasıdır. Səbəb “Hafka”nın Azərbaycan nefti hesabına qazandığı (necəsi başqa söhbət) sərvətdən 20 milyon avro ayırıb maykasının üstünə “Land of Fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) sözlərini yazdırdığı “Atletiko” klubunun İspaniya çempionu olmasıdır...
Hə, nə olsun?! Nə böyük iş olub?! Keçən il də “Barselona” çempion olmuşdu. Samuxlu Əliqulunun qoyunu doğmamışdı?! Yoxsa şərurlu Qulaməlinin kənd dükanına borcu yaranmamışdı?!
Baho, gəl indi bu sualları “Odlar yurdu”nun odlu-alovlu kağızüstü qəhrəmanlarına ver görüm... Ətini didərlər. Bəs necə?! “Atletiko” çempion olub axı.
Cəhənnəmə olub. “Real” və ya “Espanyol” olsaydı, nə olacaqdı, “Atletiko” oldu, nə oldu?! Uşağının təhsil haqqını verə bilməyən zərdablı Əliməmməd kişinin cibi doldu?!
Xəstə atasına dərman ala bilməyən biləsuvarlı Məmmədəlinin dərdinə dava oldu?!
Qusarlı kasıb Xanməmmədin dolanışığı düzəldi?!
Lerikli Məmmədxanın kənd dükanına olan borcları silindi?! Əsgərlikdən təzəcə qayıdan Elnura iş yeri açıldı?!
Azərbaycanın problemi onun “Odlar yurdu” olduğunu ispana-italyana başa salmaq deyil. Qanmırlar, bilmirlər - dünəndən bilməsinlər, srağagündən qanmasınlar. Bu odlar yurdunun onun camaatına od qoyan dərdi-problemi ayrıdır.
“Atletiko”nun çempionluq sevinci bir neçə günlükdür. Bu eyforiyal ovqatın bizdəki ömrü isə uzağı bir neçə saatlıq... Yatdıq-durduq, bitdi-getdi. Hesab edin ki, bu gün avqustun 4-dür. Yaxud sentyabrın 12-si. Siz məktəbli uşağınıza məktəb bazarlığı etməlisiniz. Amma məktəbli forması almağa pulunuz yoxdur, çünki işləmirsiniz. “Hafka” “Atletiko”nun formasının üstünə “Azərbaycan” sözü yazdırmaq üçün verdiyi 20 milyon avronu Azərbaycanda bir iş yeri açmağa sərf eləsəydi və siz o iş yerində çalışıb ayda 500-600 manat alsaydınız, uşağınızı məktəbə gülə-gülə, lazımi formada və forma ilə yola sala bilərdiniz. İndiki (və bənzər) hallarda isə “Atletiko” forması məktəbli formasını inkar edir. Ən azı nəzəri cəhətdən... “Hafka”nın dərindən “bildiyi” məntiq belə deyir.
Qardaşlar, küyə gedib “bizi belə şeylərə görə xaricdə tanıyırlar” deyə oxunacaq moizələrə də qarnımız toxdur - türkün sözü. Çox çürük və lax söhbətdir. Lap elə bizi xaricdə tanıyırlar. Hə, nolsun?! Mən də çox adamı tanıyıram. Elə sən də. Amma həmin adamlar mənim (sənin) onları tanımağımdan bir qəpik də qazanmırlar. Heç tanımamağımdam da qəpik də ziyan görməzdilər.
Yəni bu tanışlıq söhbəti çox debil söhbətdir. Bir vaxtlar AXCP-nin qanadlarının bir-birini tanıyıb-tanımaması qədər mənasız işdir. Tutalım, ABŞ-ın Yuta və ya Men, Merilend, Viskonsin, Kanzas... ştatları da Qarabağı Azərbaycan torpağı kimi tanıyır. Dərindən baxsaq, nə olsun?! Laçın, Şuşa sənin olur onda?! Boş şeydir...
Tutaq ki, Sevilya şəhərində yaşayan və düşüncə barədə təxminən bizim İbadulla səviyyəsində olan İbarruri “Hafka”nın 20 milyonu hesabına Azərbaycanın adını eşidib bizi tanıdı. Gücənə-gücənə, dili dolaşa-dolaşa, ləhcə ilə “o, yes, yes, Azerbayjan” dedi. Cəhənnəmə ki... Bundan Azərbaycanın, azərbaycanlı İbadullanın da qazancını deyin görək...
Qarabağ qazisi Zaur Həsənov dekabrın soyuğunda özünü 20 min manatlıq çayxanadan ötrü yandıranda bütün ölkənin ürəyi yandı. Zaurun bədənini bürüyən o od özünü 20 milyona reklam edilən Odlar yurdunun hər bir sağlam düşüncəli vətəndaşının canına hələ uzun illər od qoyacaq. Qoymalıdır məntiqlə...
Bu 20 milyonluq reklamı görəndə banka soyuducuya görə olan 2 min manatlıq kredit borcunu ödəyə bilmədiyi üçün illər əvvəl özünü reklamsız-filansız asan işsiz-gücsüz Odlar yurdu vətəndaşını - Qarabağ qazisini xatırlayıram. Şirvan şəhərindən idi. İşsiz idi. 200 manata ehtiyacı vardı. Asdı özünü. “Atletiko”nun indi xeyli həmvətənimi bayıldan çempionluğunu görmədən...
Əgər “Hafka” və onun kimilər 20 milyonu sağa-sola, belə mənasız “atletik oyuncaqlar”a səpməyib də Şirvanda (Qusarda, Sumqayıtda, Lənkəranda...) adicə diş çöpü sexi açsaydılar və işsizlikdən dişinin dibinin kirini soran camaatımız da orada işləyib çörək və... soyuducu pulunu çıxarsaydı, hə, bu, başqa məsələ...
“Atletiko” fanatları bizi barı keyfiyyətli diş çöpü qayıran ölkə kimi tanıyardılar. Ölkələr həm də məhsulları ilə tanınır axı. Məsələn, dəqiq bilirəm ki, “Hafka” almanları “Mercedes”ə görə tanıyır, daha Kanta, Hegelə, Heyneyə, Höteyə, Nitsşeyə... görə yox...
Azərbaycanda bütün problemləri həll edəndən sonra “Atletiko”ya da pul qoymaq olar, lap elə “Atletik”ə - Bilbao klubuna da... Yəni əvvəl evin içi, sonra “Atletiko”su. Yoxsa adam kəndçim İbişin gününə düşər. İbiş həftələr, aylar uzunu kolxozda it zülmü ilə işləyib qazandığını bir gecədə kənd toylarında şabaş kimi səpib səhərisi gün ac-yalavac arvad-uşağın üzünə peşman çıxan sarsağın biri idi...
...Mən küyə gedənlərə həmişə gülmüşəm. Onları ağıllı saymamışam. Küyə getməyin. Düşünün ki, bu gün, məsələn, sentyabrın 12-sidir. Nə “Atletiko” var, nə onun çempionluq sevinci, nə də sizin yersiz “ay Bilal, ə, Ardanın formasının üstünə bizim adımız yazılıb eee...” şivəniniz... Heç Azərbaycanın cibindən çıxıb sarsaq işlərə sərf olunan 20 milyon avro da... Onda ürəyiniz istəyən qədər “Odlar yurdu” deyib odlanın...
Bunu mütləq nəzərə almaq lazımdır: nə qədər ki belə gic-gici işlərə pul tökəcəyik, bizi balqabaqlar yurdu saya bilərlər...
P.S. Biznesmenlər boş yerə qəpik də qoymaz. “Hafka” özünü biznesmen sayır. Biznesmendirsə, deməli, o da İspaniyaya, Fransaya boş yerə qəpik də qoymaz. Qoyubsa - orada 100 faiz pul marağı var. Biznesin də siyasəti, diplomatiyası budur. Pulunun işləməyə başlayacağı yerə əvvəlcə ad-sanın, xeyirxah obrazın getməlidir. Yəni söhbət “Land of Hafka”dan gedir. “Land of Azerbaijan” isə...
Nə isə, küyə getməyin. Səsi pis çıxır...