Qarabağda savaş riskləri artır; Amerikalı vasitəçinin, NATO yetkilisinin “müharibə hər an alovlana bilər” əndişələri boşuna deyil; ordumuzun torpaqları qısa zamanda işğalçılardan təmizləmək əzmi hər gün daha qabarıq görünür; prezidentin “Bir həftəyə işğalçının daşı daş üstdə qalmaz” xəbərdarlığı həm də ermənilərin havadarlarına mesajdır ki...
Qarabağ danışıqları alanında bir canlanma müşahidə edilməkdədir. Xüsusən də ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik səviyyəsində fəallıq diqqət çəkir ki, bu da ümidverici olmaqla yanaşı, rəsmi Vaşinqtonun problem ətrafındakı situasiyadan, konkret olaraq yeni müharibə ehtimalından ən çox narahatlıq keçirdiyi təəssüratını yaradır.
Azərbaycan və Ermənistan prezidentlərini tezliklə ABŞ-da görüşdürmək üçün amerikalı diplomatın hamıdan çox təşəbbüs göstərməsi də ilk növbədə savaş risklərini zəiflətməyə hesablanıb. Uorlik son müsahibələrində bunu dönə-dönə vurğulayır. Qeyd edir ki, prezidentlərin görüşü heç olmasa, təmas xəttində gərginliyi azaldardı. Bu haqda ətraflı az sonra.
***
Azərbaycan isə daha neçə il gözləyə bilməz və o üzdən görüş xətrinə görüşləri təqdir eləmir. Son olaraq prezident İlham Əliyev 2015-ci ilin 1-ci yarısının yekununa həsr olunmuş müşavirədə bunu - konfliktlə bağlı Azərbaycanın rəsmi mövqeyini növbəti dəfə ortaya qoyub. Xüsusi qeyd edib ki, torpaqlarımızı işğal edən təkcə Ermənistan yox, həm də onun havadarlarıdır. Söhbət təbii ki, öncəliklə Rusiyadan gedir.
Sitat: “Tərəflər arasında atəşkəs rejimi elan olunandan sonra münaqişənin həllinə cəlb olunmuş vasitəçilərin mənasız görüşləri, beynəlxalq təşkilatların qeyri-ciddi bəyanatları və sair... Azərbaycan xalqı illərdir bunları eşidir. Artıq hər kəs beynəlxalq aləmin ermənilərin havadarı olduğunu anlayır. Münaqişənin həllinin də məhz bu səbəbdən acı bağırsaq kimi uzanmasını, dünyaca məşhur diplomatların, siyasətçilərin məhz erməniləri qoruyaraq problemin həllini qaranlıq dalanlarda ”axtardıqlarını" çox yaxşı başa düşürlər. Görəsən, hətta məktəb partası arxasında əyləşən uşağa belə bəlli olan adi, sadə, bəsit həqiqət - Azərbaycan dövlətinin torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu bu siyasət adamları, dünyanı idarə edən bilim insanları dərk edə bilmirlərmi? Çox gözəl bilir və dərk edirlər. Sadəcə, anladıqlarını bəyan etmək onlara sərf etmir. Çünki bu dərk erməni havadarlarının maraqlarına toxunur, saxta siyasətləri ilə üst-üstə düşmür və Azərbaycana qarşı həyata keçirdikləri məkrli planlarının icrasına mane olur".
Dövlət başçısı Azərbaycan Ordusunun vəziyyəti ilə bağlı çıxışında qeyd edib ki, Milli Ordu üçün ən müasir silah, texnika alınır və alınacaq: “Ordu quruculuğu bizim üçün daim prioritetdir. Gələcəkdə də hərbi potensialımızın gücləndirilməsi bir nömrəli vəzifə olacaq. Nəzərə alsaq ki, müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır”.
Ordumuz isə müdafiə naziri Zakir Həsənovun da açıqlamalarından və əmrlərindən göründüyü kimi, torpaqların işğaldan azad olunmasına artıq hazırdır. Bunu ermənilər və onların havadarları çox gözəl bilirlər. İlham Əliyev çıxışında bu nüansa da toxunaraq vurğulayıb ki, Ermənistan hələ ki yalnız xarici maliyyə, hərbi və siyasi dəstək hesabına torpaqlarımızı işğal altında saxlaya bilir: “Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş-daş üstündə qalmaz. Bu da reallıqdır və yenə deyirəm ki, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.
“Real dünya” dedikdə şübhə yox ki, ölkə başçısı Azərbaycan üçün uğurlu müharibə şərtlərini, öncəliklə də Rusiya, Türkiyə amillərini nəzərdə tutur. Odur ki, ziyanın yarısından qayıtmaq da işğalçı tərəf üçün xeyirli sayıla bilər. “Üzümü tutub onlara xitab etmək istəməsəm də, sözüm ermənilərədir. Nə qədər gec deyil, yanlış yoldan geri dönün. Onsuz da istənilən halda uduzan siz olacaqsınız”, - deyə Ali Baş Komandan həm də ermənilərin havadarlarına xitab və xəbərdarlıq edib.
***
Silahlı qüvvələrimizin hərbi-texniki potensialı isə doğrudan da işğalçı qüvvələrlə müqayisəyə belə gəlməz. Məsələn, Bakı təkcə Belarusdan az qala bir ordunun silahını alıb - 153 tank, 11 “Su-25" hücum-bombardmançı təyyarəsi, 60 ədəd BTR, 120 ədəd qaubitsa, 12 özüyeriyən ”Pion" qaubitsası (dünyanın ən güclü və ən uzaqvuran artilleriya sistemi hesab olunur), 130-dan çox top. Bu barədə Belarusun adi silahların ixracına dair BMT-nin Xüsusi Reyestrinə təqdim etdiyi arayışda bildirilir.
Bütövlükdə Minskin ən çox silah və hərbi texnika satdığı ölkə Azərbaycandır. Ermənistana isə praktiki olaraq Belarusdan silah ixracı olmayıb. Bura son dövr ərzində Azərbaycanın Rusiya, Ukrayna, Türkiyə, İsrail və hərbi-texniki tərəfdaşlıq etdiyi digər ölkələrdən idxal etdiyi silah və hərbi texnikanı da əlavə eləsək, ordumuzun hərbi gücünün hansı səviyyəyə qalxdığı, Ermənistanın işğalçı qüvvələrinin hərbi potensialını necə dəfələrlə üstələdiyi haqda təsəvvür yaranar.
***
Məhz elə bu reallıqdan - mənasız danışıqlardan bezən Azərbaycanın silahlı qüvvələrinin qısa zamanda düşməni əzmək potensialını nəzərə alan beynəlxalq vasitəçilər və güclər deyəsən, artıq ciddi şəkildə narahatlıq keçirməyə başlayıblar. Rusiyanın Ermənistana silah almaq üçün 200 milyon dollarlıq kredit ayırmaq zorunda qalması da eyni təlaşla izah edilə bilər.
Uilyam Lahyu
“Həll edilməmiş Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır”. Bunu NATO-nun Cənubi Qafqaz üzrə koordinatoru Uilyam Lahyu deyib. Onun sözlərinə görə, münaqişənin sülh yolla həlli çox çətin prosesdir və tərəflər arasında vasitəçilik NATO-nun səlahiyyətlərinə daxil olmasa da, alyans münaqişənin nizamlanması ilə bağlı Minsk Qrupunun səylərini tamamilə dəstəkləyir.
Qarabağ zonasında xüsusən də yay aylarında müharibə riskinin yüksək olmasını amerikalı və rusiyalı hərbi analitiklər də zaman-zaman dilə gətiriblər. Son olaraq bu əndişəni həmsədr Ceyms Uorlik Moskvaya təzəcə başa çatan səfəri çərçivəsində bəyan edib. “Vedomosti” nəşrinə geniş müsahibəsində vasitəçi “Hər cür əsas var deyək ki, konflikt alovlana və genişlənə bilər” - deyib.
Nəzərə alsaq ki, Uorlik təcrübəli diplomat sayılmaqla yanaşı, Amerikanın yetərincə informasiyalı şəxslərdəndir, o zaman yeni müharibə riskinin həqiqətən də ciddi olması qənaəti möhkəmlənər.
Sitat: “Ona görə də biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik... Biz əldə olunanların əsasında diskussiyanı davam etdirməyə səy edirik. Bu, bir sıra məqamlara aiddir. Onların arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin nizamlama çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı situasiya, təhlükəsizlik zəmanətləri məsələləri var”.
Uorlik konfliktin 22 ildə həll edilməməsinin böyük məyusluq yaratdığını etiraf edib: “Həqiqətən də böyük məyusluq var - o cümlədən regionda. Tərəflər atəşkəs rejimini gözləmir ki, bu da bizdə narahatlıq yaradır. Qanlı münaqişə istənilən an baş verə bilər”.
Sonda amerikalı diplomat iddia edib ki, Rusiya ilə Qərb arasında gərginlik yaşansa da, “fikir ayrılıqlarının Qarabağ məsələsinə aidiyyəti yoxdur və bu məsələdə Moskva ilə Vaşinqtonun mövqeyi üstü-üstə düşür”.
***
Ancaq belədirsə, o zaman məntiqli sual yaranır: bəs postsovet məkanının ən üzücü konfliktini nəhayət, dinc yolla nizamlamağa nə mane olur bu güclərə? Azərbaycan prezidentinin təbiri ilə desək, ermənilərə havadarlıqmı? Axı belə ikili standartın özü ən böyük müharibə riski deməkdir, çünki Azərbaycan öz ərazilərinin itirilməsi ilə, danışıqların sonsuzadək davam eləməsi ilə heç vaxt barışmayacaq. İndi müharibəni kim istəyir, Azərbaycan, yoxsa...
O da unudulmamalıdır ki, yeni müharibədə Qərbin də, Rusiyanın da maraqları eyni dərəcədə ziyan görəcək, çünki Dağlıq Qarabağ Cənubi Osetiya deyil və Türkiyə, nüvə Pakistanı amili var. Bu müharibə o müharibədən olmayacaq...
Siyasət şöbəsi /musavat.com/