Dayaq dirəklərinin yenisi ilə əvəzlənməsi üçün ayrılan büdcə vəsaitləri havaya sovrulub Ölkəmizdə aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunub. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaradıb. Müasir mərhələdə ölkəmizin davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Respublika ərazisinin, xüsusilə də ucqar ərazilərdəki əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi universal telekommunikasiya xidmətlərinin və universal poçt xidmətlərinin təşkili və göstərilməsi üçün müvafiq tədbirlər görülüb. Sektorda dövlət qurumlarının iştirakı ilə yaradılmış birgə müəssisələrin özəlləşdirilməsi davam etdirilməkdədir. Bu sahə üzrə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır. Həyata keçirilən bu qədər müsbət işlərə baxmayaraq, yerlərdə fəaliyyət göstərən bəzi vəzifəli şəxslər özbaşına əməllər törətməklə sözügedən sahədəki uğurlara kölgə salmağa çalışırlar. "Aztelekom" İstehsalat Birliyinin Cəlilabad rayon Telekommunikasiya Qovşağında cərəyan edən qanunsuzluq və rəis Zaur Məmmədovun törətdiyi özbaşınalıqlar barədə redaksiyamıza müdhiş məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən mənbənin sözlərinə görə, qovşaq rəisinin səbəb olduğu xoşagəlməz hadisələr yerli sakinlərin rabitə xidmətlərindən istənilən səviyyədə istifadəsinə imkan yaratmır: "Cəlilabad rayon Telekommunikasiya Qovşağında özbaşınalıq o qədər çoxdur ki, hansı birindən başlayacağımı bilmirəm. İlk növbədə onu demək istəyirəm ki, qovşaq rəisi telefon çəkdirmək və digər məsələlər üçün bura müraciət edən vətəndaşları süründürməçiliyə məruz qoyur. Vətəndaşlardan nəysə gözləyirlər. Cari dövriyyə borcu adı altında yığılan vəsaitlər bir neçə il bundan əvvəl yığılıb qalmış borclar kimi təqdim olunur. Əgər vətəndaş bir il bundan öncə evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu ödəmədən qeydiyyatdan çıxırsa, borc evi alan şəxsin üzərində qalır. Belə ki, həmin evi alan digər vətəndaş yeni telefon xətti çəkdirərək abunəçi statusu alır. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə almış vətəndaşdan tələb edirlər. Əks halda onun telefon xətti kəsilir. Baxmayaraq ki, vətəndaşın köhnə nömrəyə və abunəyə, eyni zamanda danışıq qiymətinə aidiyyəti yoxdur. Ümumiyyətlə, Cəlilabad rayonunda rabitə xidmətləri ürəkaçan səviyyədə deyil. Yerli əhali internetdən istədiyi kimi istifadə edə bilmir. Çünki internetin nə sürəti normaldır, nə də keyfiyyəti. Bunların hamısı qovşaq rəisinin uğursuz fəaliyyəti ilə bağlıdır. Uzun müddətdir yaşanan eyni problemlərin həlli məsələsi qovşağın rəhbərliyi üçün artıq qeyri-mümkün hesab oluna bilər. Hətta problemlər o qədər dərinləşib ki, bəzi aylar ərzində Cəlilabad rayonunda internet istifadəçiləri gündəlik norma ilə, yəni 4-5 saat verilən internet əlaqəsi ilə kifayətlənməli olurlar. Problemin həlli üçün vətəndaşların müraciətlərini qəbul edən qovşağın işçiləri isə yalnız quru vədlər verməklə kifayətlənirlər". Redaksiyamıza daxil olan başqa bir informasiyaya əsasən, Zaur Məmmədov ötən müddət ərzində "Aztelekom" rəhbərliyinin etimadını doğrultmağı bacarmayıb: "Qovşaq rəisi ancaq özü üçün çalışır. Bu müəssisə hazırda özünün ən çətin dövrünü yaşayır. Onun adı indiyə kimi bir çox qalmaqallı məsələdə çəkilib. Bir müddət əvvəl işçilərin rüblük mükafatları, müalicə xərclərini və 13-cü maaşlarını kəsmişdi. İşçilər rəisin bu özbaşınalığına ən kəskin formada etirazlarını bildirmişdilər. Həmin vaxt qovşaq rəisi bərk narahat oldu, hətta onun işdən xaric ediləcəyi gözlənilirdi. Lakin rəhbərlik ona güzəştə getdi və özünü doğrultması üçün şans verdi. Görünən odur ki, Zaur müəllim həmin şansı boşa verib. Cəlilabad Telekommunikasiya Qovşağında hələ də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur, əmək müqaviləsi bağlanılmadan işə adam götürülür və ikili mühasibat aparılır. Rəis rayonda stasionar telefon xətti çəkilişinin qiymətini özbaşına olaraq qaldırıb. Vətəndaşlardan dövlət rüsumundan başqa ödənişlər tələb olunur. Sakinlər buna etiraz edəndə isə əlavə problemlə üzləşməli olurlar. Rayonda dayaq dirəklərinin yenisi ilə əvəzlənməsi üçün kifayət qədər vəsait ayrılır, amma kabellər köhnə, qəza vəziyyətinə düşmək təhlükəsi daşıyan şalbanlara bağlanılıb". Gələn saylarımızda Zaur Məmmədovun qovşağa ayrılan vəsaitlər hesabına qurduğu biznes, o cümlədən rayondakı "İran bazarı" deyilən ticarət mərkəzindəki mobil telefon dükanı, obyektləri və Sabirabad kənd bələdiyyəsinin möhürünü niyə cibində gəzdirməsi haqda qandonduran faktları dərc edəcəyik. Növbəti sayımızda Zaur Məmmədovun özünün məclislərin birində dediyi kimi təzə gələn prokurora 3 min manat verməsindən, Aztelekom İstehsalat Birliyi tərəfindən keçirilmiş yoxlamanın nəticələrindən, Zaur müəllimin Heydər Əliyev Mərkəzinin tikilməsi üçün başçıya verdiyi pullardan və Mərkəzinin tikintisində işləyən 10 nəfər fəhlənin bütün xərclərini öz üzərinə götürməsindən söhbət açacağıq. Hətta jurnalistə qarşı işlətdiyi ifadələrin səs yazısını sizlərə təqdim edəcəyik. İnanırıq ki, Aztelekom rəhbərliyi bizim ortaya qoyacağımız faktlardan sonra Zaur Məmmədovla bağlı ciddi addımlar atacaqlar. Çünki ötən günlərdə keçirilən kollegiya iclasında Zaur Məmmədovla bağlı heç bir tədbir görülməyib. Görəsən nəyə görə? Qarşı tərəfin də münasibət bildirmək hüququ var. (Davamı olacaq)