Ekspertlər Rusiya ilə aparılan danışıqları təhlükəli sayırlar
Hazırda hakimiyyət mətbuatında Qarabağda “ildırım sürətli müharibə” təbliğatının aparıldığı bir dönəmdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfəri maraq doğurur. Özü də bu səfər nüfuzlu beynəlxalq təşkilatların - ATƏT-in, Avropa Parlamentinin, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanat verdiyi ərəfəyə təsadüf edir. Bundan başqa, Almaniya Budestaqının, ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlikin bəyanatı Qərbin Azərbaycanın haqlı mövqeyinə dəstəyin ifadəsi sayılmalıdır. Amma hakimiyyət adı çəkilən instansiyalarla əlaqəni möhkəmləndirmək əvəzinə Rusiyanı seçir.
Məmmədyarovla Lavrov arasında təkbətək görüş bir neçə aspektdən maraq doğurur. Verilən xəbərlərə görə, görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub.ÿAzərbaycanlı həmkarını Moskvada görməkdən məmnunluğunu ifadə edən S.Lavrov ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından razı qaldığını da söyləyib. S.Lavrov görüşün ölkə prezidentlərinin xarici işlər nazirləri qarşısında qoyduğu tapşırıqları yerinə yetirmək üçün keçirildiyini vurğulayıb.
“Rusiya ilə əlaqələr intensivləşəcək”
Diplomatik mənbələrin məlumatına görə, tərəflər bütün istiqamətlər üzrə: “regional sahədə, BMT, ATƏT-də, Xəzərdə və digər formatlarda” ikitərəfli münasibətləri dərinləşdirmək niyyətlərini ifadə ediblər.
Görüşdə Lavrov qeyd edib ki, əlaqələrin intensivləşdirilməsi “yay tətilindən sonra” başlayacaq - sentyabrda Yekaterinburqda ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası və regionlararası forum keçiriləcək. “Sentyabrda Rusiya Sverdlovski vilayətində böyük silah və hərbi texnika sərgisi təşkil edəcək. Azərbaycan nümayəndələrini də gözləyirik”, deyə Lavrov bildirib.
Bundan başqa, Sankt-Peterbuqrda sentyabrda Arktikanın Rusiya hissəsində kontinental şelfdə neft-qaz yataqlarının mənimsənilməsi məsələləri üzrə konfrans keçiriləcək. “Konfransımızda Azərbaycanın energetika nazirini də gözləyirik. Onun bu mühüm tədbirdə iştirak edəcəyinə ümid edirik”, deyə Rusiya XIN-in rəhbəri bildirib.
“Açıqlanmayan Qarabağ nizamnaməsi”
Öz növbəsində, Məmmədyarov “Rusiya və Azərbaycanın ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə mövqelərinin yaxınlaşdırılmasının” əhəmiyyətini qeyd edib. “Rusiya və Azərbaycanın mövqeyinin siyasi tərəfi çox bənzərdir. Xüsusən, biz Rusiya sayəsində Iran nüvə proqramı üzrə saziş imzalamaq yoluna çıxmağın mümkün olmasının müsbət tərəfini qeyd edirik”, deyə o diqqət çəkib.
“Rusiya rəhbərliyinə ŞƏT-də Azərbaycana müşahidəçi statusunun verilməsinə görə minnətdarıq. Iranla bağlı belə ciddi qərar əldə olunduqdan sonra Dağlıq Qarabağ mövzusu danışıqlarımızda tezliklə irəliləyiş əldə etmək üçün ”yoluna düşür", deyə Məmmədyarov qeyd edib.
Məmmədyarovla danışıqlar başa çatdıqdan sonra Lavrov Ermənistan XIN rəhbərinə zəng edib və onunla da Qarabağ nizamlanmasını müzakirə edib. Detallar barədə isə məlumat verilməyib.
Elxan Şahinoğlu: “Lavrovun Məmmədyarovu dəvət etməsinin arxasında şantaj elementləri görünür”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəriÿ Elxan Şahinoğlu “Azadlıq” radiosuna müsahibəsində qeyd edib ki, Məmmədyarovun dəvətinin arxasında şantaj elementləri görünür: “Lavrovun Elmar Məmmədyarovu Moskvaya dəvət etməsinin arxasında mən də şantaj elementləri görürəm. Azərbaycan ordusu cəbhə bölgəsində axır vaxtlar xeyli fəallaşıb. Işğalçı qüvvələrin postları, Dağlıq Qarabağ tərəfdən uçan hərbi vertolyotlar vurulur, cəbhə bölgəsində üstünlük ələ alınıb. Fikir verin, əvvəllər ancaq snayper müharibəsindən danışılırdısa, indi artıq iriçaplı pulemyotlardan atəş açılır. Bu da Rusiyanı narahat edir. Təsadüfi deyil ki, bu arada Rusiya Ermənistana 200 milyon dollar kredit verib ki, özünə silah-sursat alsın. Mən başqa bir ölkə tanımıram ki, digər ölkəyə silah-sursat almaq üçün kredit verə. Aydındır ki, həmin silahların bir qismi sərhəddə yerləşdiriləcək, digəri Dağlıq Qarabağ ərazisinə göndəriləcək. Bu mənada Rusiya Azərbaycanın planlarından narahat idi və onlarda da belə bir ehtimal vardı ki, yaxın aylarda Azərbaycan ordusu bəzi rayonların azad olunması ilə bağlı hansısa lokal əməliyyat həyata keçirə bilər”.
E.Şahinoğlunun fikrincə, Məmmədyarovu məhz ona görə Moskvaya çağırıblar ki, Azərbaycan ordusunun torpaqları azad etməyə başlayacağı halda hansı problemlərin yarana biləcəyini ona izah etsinlər: “Inanmıram ki, Lavrov Məmmədyarovu Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir aktivlik gözləndiyinə görə Moskvaya dəvət etsin. Guya Lavrov belə bir ifadə də işlədib ki, münaqişənin həlli vaxtı yetişib. Amma bu ifadəni biz illərdir ki, eşidirik. Lavrov bütün açıqlamaları, fəaliyyəti ilə göstərir ki, Rusiya hələ də münaqişənin ədalətli həllində maraqlı deyil və Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistana heç bir təzyiq göstərməyəcək. Bu yoxdursa, təkcə Azərbaycana anlatmaq qalır ki, müharibəyə başlayacağı təqdirdə onu hansı çətinliklər gözləyir. Bununla yanaşı, Rusiya başqa bir siyasətə də əl atıb. Bölgədə güclü silahlanma gedir. Ermənistana silahı kreditlə verir, amma Azərbaycana pulla satır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan ölkə qarşıdurma tərəflərinə silah ötürməz. Ötürürsə, deməli, münaqişənin idarə olunmasında maraqlıdır və göstərmək istəyir ki, hər iki tərəfə təsir imkanı var. Elə səfərin də əsas məqsədi budur”.
Hikmət Hacızadə: “Rusiya ”sülhməramlılarını" Qarabağa yerləşdirməklə Azərbaycanın müstəqilliyini məhdudlaşdırmaq istəyir"
Politoloq Hikmət Hacızadə isə qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan hakimiyyəti Qarabağı yalnız Rusiyanın köməyi ilə qaytarmağın mümkün olduğunu düşünür. Məhz buna görə hakimiyyətin Rusiyanın təkliflərini qəbul edərək, Qərbə qarşı ittihamlar səsləndirdiyini deyən H.Hacızadə vurğuladı ki, yürüdülən bu siyasət olduqca təhlükəlidir: “Rusiya Azərbaycana göstərə biləcəyi yardımın müqabilində Bakıdan müəyyən güzəştlər tələb edə bilər. Rusiya hətta Azərbaycandan heç nə tələb etməsə belə Qarabağda hərbi əməliyyatlar başlayan kimi regiona öz ”sülhməramlılarını" yeridəcək. Bu isə Azərbaycan üçün böyük təhlükə mənbəyi deməkdir. Burada çoxgedişli bir plan var. Azərbaycan müharibəni başlayır, bir neçə rayonu geri qaytarır. Amma daha sonra cəbhədə vəziyyət dəyişir və Rusiya “sülhməramlıların” Qarabağa yerləşdirilməsini vacib sayır. Bu addımdan sonra Azərbaycan Qarabağla tam formada vidalaşa bilər. Eyni siyasət vaxtilə Gürcüstanda aparılıb. Şevardnadze vaxtında Rusiyaya Abxaziya və Cənubi Osetiya ilə təmas xəttində rus qoşunlarına dayanmağa icazə verildi. Illər sonra həmin ərazilər Gürcüstanın nəzarətindən çıxdı".