Rusiya “sülhməramlılar”ının bölgəyə yerləşdirmək planı ciddi narahatlıq doğurur; həmsədrlərin bölgəyə növbəti səfəri başladı...
”
ABŞ-ın məşhur “Bloomberg” nəşri Azərbaycanın müharibəyə hazırlaşması ilə bağlı məlumat yayandan dərhal sonra xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfər etməsi suallar doğurdu. Qeyd edək ki, Azərbaycan XİN-in başçısı son ay yarımda ikinci dəfədir Rusiyaya səfər edir.
Budəfəki səfərin məram-məqsədi barədə hələlik detallı məlumatlar yoxdur. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı ilə görüşdən sonra Qarabağ probleminin həllinin vaxtının çatdığını deməsi, həmçinin onun İrəvana - Ermənistan XİN başçısı E.Nalbəndiyana zəng etməsi uzaqgedən nəticələrin ortaya çıxmasına səbəb olub.
Müşahidəçilər hesab edir ki, Azərbaycanın son vaxtlar hərbi əməliyyatlarla bağlı ciddi hazırlıqlar həyata keçirməsi, ordudan ənənəvi tərxisin hələlik həyata keçirilməməsi, hərbi hava qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təlimlərə başlaması, müdafiə naziri Zakir Həsənovun növbəti dəfə cəbhə boyu bölgələrdə şəxsi heyətlə görüşməsi, ciddi tapşırıqlar verməsi, həmçinin nazirin düşmənin atəşinin cavabında ermənilərin sıx məskunlaşdığı məntəqələrə zərbələrin endirilməsi barədə əmri həmsədr ölkələri, o cümlədən Rusiyanı hərəkətə keçirib. Hesab olunur ki, Moskva bu səbəbdən də ABŞ-da keçirilməsi planlaşdırılan İlham Əliyev-Serj Sərkisyan görüşünü gözləmədən nazirlər səviyyəsində də olsa, təmasları davam etdirməyə, münaqişə alovunun qarşısını almağa səy göstərir.
Yeri gəlmişkən, ABŞ-ın bu nüfuzlu media qurumu da iddia edib ki, Azərbaycanın Müdafiə Nazirliyi hospitallara “hər an başlaya biləcək hərbi əməliyyatlar”a hazır olmaq barədə əmr yönəldib. Və bütün tibb müəssisələri və onların əməkdaşları Müdafiə Nazirliyindən “xüsusi təlimatlar” alıblar. ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi bir müddət öncə bəyan etmişdi ki, Departament Azərbaycanın hərbi tədbirləri barədə məlumatlıdır və hadisələrin inkişafını diqqətlə izləyir.
Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə boyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. Müdafiə naziri yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb.
Nazir deyib: “Prezidentin ”bir həftə ərzində Ermənistanda daş daş üstündə qalmaz" fikri ən müasir silah-sursat, maddi-texniki təminata malik ordumuzun qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətində olan Azərbaycan əsgərinin dünyanın güclü ordularının hərbçiləri sırasında olduğunu sübut edir. Xalqımız bilməlidir ki, düşmənə müxtəlif istiqamətlərdə zərbə endirərək böyük itkilərə məruz qoyan, əməliyyat şəraitində təşəbbüsə yiyələnən Azərbaycan əsgəri sübut etdi ki, düşməndən hər cəhətdən üstündür. Silahlı Qüvvələrimiz hərbi güc tətbiq etməklə ən əsas və müqəddəs borcunu - işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Silahlı Qüvvələrimiz gecə-gündüz təlim mərkəzlərində, səhra çıxışlarında döyüş vərdişlərini təkmilləşdirməklə bu müqəddəs günün yaxınlaşması üçün inamla çalışır. Ordumuz qısa bir müddətdə şəhidlərimizin qisasını almağa tam hazırdır".
***
Bütün bunlar zahirən müharibənin hər an başlayacağı görüntüsünü yaradır. Lakin bir sıra ekspertlər Rusiyanın vəziyyəti nəzarət altına almaq cəhdinin arxasında ayrı məqsədin dayandığını güman edir. Hesab olunur ki, Moskva əslində münaqişə tərəflərinə silah verməklə - Azərbaycana nağd pulla, Ermənistana isə kreditlə - əslində gərginliyi artırmaq və son nəticədə qısamüddətli də olsa, müharibənin başlamasına göz yummaq, ardınca isə tərəfləri zəif salıb “sülhməramlı” adı altında Dağlıq Qarabağda yerləşdirmək istəyir.
Bu ərəfədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfər etməsi də təhlilçilər tərəfindən müxtəlif cür yozulur. Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində yazıb ki, iyulun 20-də Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcəklər. Həmsədrlər regiona səfərləri çərçivəsində Bakıya da gəlib Azərbaycan rəhbərliyi ilə görüşəcəklər.
Politoloq Hikmət Hacızadə Rusiyanın Qarabağa “sülhməramlı” qüvvələr yeritməsi planının çox təhlükəli məsələ olduğunu vurğuladı: “Mən hamını bu barədə düşünməyə və rəy bildirməyə çağırıram. Son zamanlar mətbuatdan cəbhə xəttində gərginliyin artması haqqında xəbərlər oxuyuram. Azərbaycanın öz torpaqlarını qaytarmaq istəyi və cəhdləri tamamilə qanunidir. Amma biz burada mümkün əməliyyatın axırını da görməliyik. Əgər belə əməliyyat nəticəsində bir neçə rayonun qaytarılmasından sonra Rusiya öz ”sülhməramlı qoşunlarını" cəbhə xəttinə yerləşdirəcəksə, əgər məhz bu planlaşdırılırsa, onda bu, bizim üçün Qarabağın əbədi əldən getməsi demək olacaq! Eyni zamanda bu, rus ordusunun yenidən Azərbaycana qaytarılması olacaq. Bu isə ümumilikdə müstəqilliyimizə böyük zərbədir".
H.Hacızadə Gürcüstan nümunəsini yada saldı: “Baxın, Gürcüstanda vaxtilə ruslar Şevardnadzenin razılığı ilə gürcü-abxaz və gürcü-osetin təmas xəttinə öz qüvvələrini yerləşdirdi. Nəticədə bu gün görürük ki, Abxaziya da, Cənubi Osetiya da Gürcüstanın əlindən çıxıb! Həmin vəziyyət bizdə də ola bilər. Mən hamını bu barədə düşünməyə və səsini ucaltmağa çağırıram! Belə gedişata görə şəxsən mən çox narahatam. Müstəqilliyimiz son 25 ildə əldə etdiyimiz ən böyük milli nailiyyətdir. İndi o, təhlükə altındadır! Biz hamımız buna məsuliyyətlə yanaşaq!”
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovu qəfil Moskvaya dəvət etməsi yumşaq şantaj elementinə oxşayır: “Görünür, Kreml Azərbaycan ordusunun cəbhə bölgəsindəki fəallığından və hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsindən narahatdır. Məmmədyarovu Moskvaya çağırmaqda məqsəd rəsmi Bakını cəbhə bölgəsində hər hansı lokal hücum planından çəkindirmək, toqquşmaların başlayacağı halında bunun Azərbaycana hansı problemlər yaradacağını anlatmaqdan ibarətdir. ABŞ da bölgədə müharibədə maraqlı deyil, ancaq onun Azərbaycan hakimiyyətinə əli çatmır. Ona görə də Lavrovun Məmmədyarovu xəbərdar etməsi Vaşinqtonun da maraqlarına uyğundur. Bütün bunların müqabilində nə Moskva, nə də Vaşinqton Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması mövzusuna əvvəlki tək maraq göstərmirlər”.
E.Şahinoğlu S.Lavrovun “münaqişənin həllinin vaxtı yetişib” fikrini ciddi qəbul etmir: “Belə fikirləri illərdir eşidirik. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev də eyni sözləri deyirdi. Söhbət 7-8 il bundan gedir. Nə dəyişdi ki? Ona görə də Lavrovun bu cümləsinə xüsusi əhəmiyyət vermirəm, növbətçi açıqlamadır. Önəmli olan Rusiyanın münaqişənin həllinə baxışının dəyişib-dəyişmədiyidir. Müsbət dəyişiklik yoxdur. Lavrov amerikalı diplomat Ceyms Uorlik kimi ”Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır" desəydi, onda Kremlin mövqeyində ciddi dəyişiklik baş verdiyini söyləmək mümkün idi. Ancaq biz rusiyalı rəsmilərdən və diplomatlardan belə bəyanat və açıqlamalar eşitmirik. Dağlıq Qarabağda girov saxlanılan iki azərbaycanlıdan biri Rusiya vətəndaşıdır. Lavrova bununla bağlı dəfələrlə sual verib, heç birinə cavab verməyib. Çünki Dağlıq Qarabağ separatçılarını özlərinki sayırlar, onları tənqid etmirlər, dəstəklədikləri Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbass separatçılarından ayırmırlar.
Rusiyalı rəsmilər və ya diplomatlar vətəndaşları olan və Dağlıq Qarabağa köçən keçmiş milyarder German Sterliqovun əməlinə nə hüquqi, nə də siyasi qiymət verirlər. Rusiya silahı Ermənistana kreditlə verir, Azərbaycana isə pulla satır".
Politoloq qeyd etdi ki, problemin qısa müddətdə sülh yoluyla həllində maraqlı olan ölkə qarşı duran tərəflərə silah ötürməz: “Əksinə, bölgənin silahlanmasından narahat olduğunu bildirərək, bunun sülh prosesinə mane olduğunu vurğulayar. Ancaq Kreml hər iki tərəfə silah verir ki, vəziyyət daha da mürəkkəbləşsin. Rusiya Azərbaycanın güclənməsində maraqlı deyil. Əks halda, harda görünüb ki, bir ölkə başqa bir ölkəyə silah almaq üçün kredit versin. Məqsəd Ermənistanın müdafiə qabiliyyətini artırmaqdır. Ermənistan həmin silahların bir hissəsini Azərbaycanla sərhəddə, digərini Dağlıq Qarabağda yerləşdirəcək. Yəni biz gələcək lokal və ya genişmiqyaslı toqquşmada sözün həqiqi mənasında Rusiyanın silah və hərbi texnikası ilə vuruşaraq onları məhv etməyə çalışacağıq. Doğrudur, bizim əlimizdəki silahın da bir hissəsi Rusiya istehsalıdır, ancaq Ermənistandan fərqli olaraq bizdə heç olmazsa başqa ölkələrin də müasir silahları var. Bölgə sürətlə silahlanır.
Bu vəziyyət atəşkəsin daima pozulmasını və lokal toqquşmaları qaçılmaz edir. Məsələn, əgər əvvəllər cəbhə bölgəsində yalnız snayper müharibəsi gedirdisə, hazırda hər iki tərəf mərmilərdən və minomyot atəşlərindən istifadə edir. Ermənistan Tovuzda bizə problem yaradırsa, kəndlərimizi hədəf alırsa, biz ona daha böyük problem yaradırıq, necə ki, açılan atəşlə Ermənistandan keçən qaz kəməri partladıldı. Həmsədr dövlətlər yaxın aylarda Ermənistanı Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasına məcbur etməsələr, vəziyyət daha da gərginləşəcək. Hərbi büdcəmiz artıb, hərbi texnikaya milyardlarla dollar xərclənib, ardınca hərbi strategiyamız dəyişib, düşmən postları onlar üçün artıq təhlükəsiz yer deyil, təyyarələrini Qarabağ səmasında vururuq, hərbi təyyarələrimiz işğal zonasında uçuşlar həyata keçirirlər, hərbi xəstəxanaların boşaldılmasına dair informasiyalar dolaşır”.
E.Şahinoğlunun fikrincə, sanki geri dönüşü mümkün olmayan mərhələyə qədəm qoymuşuq: “Sülhü təmin edə bilməyən həmsədr dövlətlər isə gələcək qarşıdurmanı seyr etməyə hazırlaşırlar. Belə çıxır ki, lokal və ya genişmiqyaslı toqquşma olmadan məcburi sülhə yaxınlaşmayacağıq. Bəlkə bu, həmsədrlərin də işini asanlaşdırdı”.
Elşad PAŞASOY
//musavat.com/