Bakı-Supsa avantürasının qorxulu pərdəarxası; regionun iki işğalçı ölkəsinin – Rusiya və Ermənistanın eyni vaxtda Gürcüstanın içərilərinə doğru irəliləməsi ən əvvəl Bakıya təhdiddir...
Rusiya hərbçilərinin hər hansı ölkənin ərazisində olmasının statusundan asılı olmayaraq, nə demək olduğu Gürcüstanın işğal edilmiş Cənubi Osetiya timsalında bir daha aydın şəkildə ortaya qoyuldu. Bəlli olduğu kimi, bu bölgədə rus hərbçiləri Kremlin göstərişi ilə işğal xəttini hər ay yavaş-yavaş Gürcüstan ərazisinin içərisinə çəkməsilə bp-nin operatoru olduğu Bakı-Tiflis-Supsa neft kəmərinin bir hissəsi faktiki, Moskvanın nəzarətinə keçib.
Rusiyanın beynəlxalq hüquqa növbəti meydan oxumaq nümunəsi olan bu hərəkətinə sözsüz ki, ilk növbədə BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin Gürcüstanın assosiativ üzv olduğu Avropa Birliyi, qonşu ölkəni NATO-dan kənar müttəfiq elan eləmiş ABŞ və bp (İngiltərə) layiqli qiymət verməlidir.
Diqqət edin, Moskva guya Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Amma bu, azmış kimi, bu marionet “müstəqil” dövlətin ərazisini öz kefi istədiyi kimi böyüdür - Gürcüstanın yerdə qalan torpaqları hesabına. Harada, hansı qanunda yazılıb bu, görəsən?
Təbii ki, osetinlər burada “peşka” rolundadırlar. Məlumatlara görə, Moskva təkcə neft kəmərini hədəf götürməyib, məqsəd həm də Gürcüstanın qərbi ilə şərqini birləşdirən avtomobil yolunu nəzarətə götürməklə Gürcüstanın dövlətçiliyini daha ciddi şəkildə təhdid eləməkdir.
***
Tam məntiqli olaraq da Gürcüstan ictimaiyyəti buna etiraz eləmək üçün artıq ayağa qalxıb, küçə-meydanlara axışıb. Gürcüstan müdafiə naziri Tina Xidaşelinin sözlərinə görə, Rusiya daima onun ölkəsinin səbrini sınağa çəkir və bu kimi addımlarla Gürcüstanı təxribata cəlb eləmək istəyir. Sitat: “Rusiya tərəfi gündəlik olaraq bizim səbrimizi yoxlayır. Onlar Gürcüstanı provokasiyaya cəlb edərək, müharibəyə qatmaq istəyirlər. Amma biz buna getməyəcəyik”.
Maraqlıdır ki, o yandan da işğalçı Ermənistan öz ağası Rusiyanın aşkar anneksiya siyasətindən ruhlanaraq həmsərhəd ərazidə Gürcüstana məxsus 10 hektar ərazini zəbt edib. Beləcə, regionun bu iki işğalçı ölkəsi regionun normal inkişafı yolunda əsas maneə olaraq qalır. Aydındır ki, beynəlxalq birlik ABŞ və NATO vasitəsilə onların cilovunu yığmayınca regionda heç vaxt əmin-amanlıq olmayacaq. Əfsus ki, dünya birliyi Avropa və ABŞ Ermənistana da Rusiya kimi işğalçı kimi baxmır. İkili standart? Əlbəttə ki.
***
Rusiyanın heç bir beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinə sığmayan son hərəkətləri isə bilavasitə Azərbaycana və Qərbə, sonuncunun regiondakı maraqlarına təhdiddir, Gürcüstanı demokratiya yolundan sapdırmağa vadar edib, ardınca bütövlükdə Güney Qafqazı öz hərbi-siyasi nəzarətinə qaytarmaqdır.
Eyni zamanda son vaxtlar Donbasda situasiyanın gərginləşməsi ilə bağlı Qərbə, ABŞ-a bir təhdiddir. Ki, Ukraynada Kremlin maraqları ciddiyə alınmazsa, dünya Krımın ilhaqı ilə barışmazsa, Kreml postsovet məkanının başqa bir konfliktli zonasında situasiyanı kəskinləşdirə bilər.
Azərbaycan isə konkret faktı hesaba alıb da, bir daha əmin olmalıdır ki, heç bir halda və heç vaxt Rusiya hərbi kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsinə razılıq verməməlidir. Çünki harada rus əsgəri var orada qan-qada, başıpozuqluq, xaos, qurbanlar var. Normal, dinc inkişaf və tərəqqi isə yoxdur...
***
Kremlin Bakı-Supsa avantürası ilə əslində ilk növbədə Azərbaycanı hədəfə almaq istədiyi barədə yazmışdıq. Belə bir ölkənin -Rusiyanın Dağlıq Qarabağ məsələsində ədalətli münsif olacağını gözləməyə dəymir təbii ki. Bunun daha bir təsdiqi odur ki, necə vaxtdır Bakı-Moskva münasibətləri heç vaxt olmadığı qədər isti bir dövrünü yaşasa da, Rusiya Qarabağ məsələsində heç bir konstruktivlik göstərmir, konstruktivlik göstərməyə hazırlaşmır. Təkcə bu fakt öz-özlüyündə çox şeyi deyir və Moskvanın əsl niyyətlərinə işıq salır. Niyyət faktiki, heç bir qarşılıqlı və ciddi güzəşt edilmədən Azərbaycanı özünün orbitinə gətirməkdir.
***
Rusların yeni Gürcüstan avantürasının daha bir pərdəarxasını NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun açıqlamasından görmək olar. O da əmindir ki, Kreml Bakıya nəzarətini qaytarmaq istəyir, çünki Rusiya üçün Cənubi Qafqazda ən önəmli ölkə daima Azərbaycan olub və ölkəmiz üzərində nəzarət bütöv regiona nəzarət deməkdir (axar.az): “Buna səbəb isə ölkəmizin yerləşdiyi coğrafi mövqe və təbii sərvətlərdir.
Rusiya bu dövlətə sahib olarsa, demək olar ki, nəinki Cənubi Qafqaz, həmçinin Asiya ölkələri üzərində nəzarətini daha da artırmış olacaq. İran danışıqlarının nəticəsinin də Moskva üçün arzulanmaz olması onu Bakı üzərində nəzarəti artırmağa vadar edəcək. Rusiya yaxşı anlayır ki, İranın dünya iqtisadi siyasətindəki rolu artarsa, bu, sabah Rusiya üçün böyük bir problemə çevriləcək.
Ona görə də Kreml istəyir ki, Azərbaycanda mövcudluğunu tam şəkildə bərpa etsin. Doğrudur, Moskvanın Bakıya təsir imkanları var, amma o tam güclü şəkildə deyil. Bugünkü siyasət də məhz buna doğru yönəlib. Bu, çox həssas bir prosesdir və bu məsələlərdə bütün mövcud dövlət təhlükəsizlik orqanlarının koordinasiyalı şəkildə işləməsi vacibdir. Əks halda, hər an Rusiyanın siyasi təzyiqi və manevri ilə üzləşə bilərik. Unutmaq lazım deyil ki, Rusiya bizdən daha çox məlumata və gücə sahibdir. Bu gücə qalib gəlməyin və dövlətin təhlükəsizliyinin qorunmasının bir yolu var - o da beynəlxalq güclərlə bərabər addımlar atmaq. Qərb və Avropa ilə əlaqələrin yenidən möhkəmləndirilməsi sabahkı Rusiya təhlükəsinin qarşısını tam şəkildə ala biləcək”.
Söhbət əlbəttə ki, həm də Qarabağ məsələsinin ədalətli həllindən gedir. Rusiya ilə bu, mümkün görünmür artıq.
Siyasət şöbəsi/musavat.com/