“AZINKO-holdinq”in prezidenti olan Malik Həsənovun adı Beynəlxalq Bank qalmaqalına da qarışıb
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-holdinq”in prezidenti Malik Həsənov bu ilin noyabrında keçiriləcək parlament seçkilərində deputat mandatını təhvil verməli olacaq. Xəbərlərə görə, YAP 67 saylı Cəlilabad şəhər seçki dairəsindən çox tanınmış bir şəxsin deputat mandatı almasını istəyir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının siyahısından seçilən, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan M.Həsənov parlamentdə olduğu 5 il müddətində bir dəfə də olsun danışmayıb və onu hətta parlament jurnalistləri belə tanımırlar.
Məlumdur ki, hakimiyyət parlamentdə passiv deputatların siyahısını hazırlayıb ki, onların sırasında komitə sədrinin qardaşının adı “birincilər” sırasında var.
Məlumata görə, M.Həsənovun adı Beynəlxalq Bank işinə də qarışıb. Belə ki, Həsənovların xalası oğlu Xalis Bağırovun uzun müddət rəhbərlik etdiyi Beynəlxalq Bankın Cəlilabad filialında da maliyyə yoxlamaları ciddi qüsurlar aşkar edib. Bir məlumata görə, X.Abbasovun rəhbəri olduğu filialda təkcə komitə sədrinin deyil, həmçinin Malik Həsənov və Cəlilabadın icra başçısı Əziz Əzizovun da çirkli pullarının “yuyulması” faktı üzə çıxıb.
Maraqlı məqamlardan biri də odur ki, Beynəlxalq Bankın Cəlilabad filialı ilboyu bircə dəfə belə istehlak krediti verməyib. Bu filialı yaratmaqla komitə sədrinin biznesinə rəhbərlik edən deputat qardaşı toplanan pulları xaricə rahat transfer etmək niyyəti güdüb. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsilə həyata keçirilib. K.Həsənova aid olduğu deyilən “Baku Mall” (keçmiş “Qələbə” kinoteatrının yerində tikilib) ticarət mərkəzindən əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir.
Yeri gəlmişkən, Beynəlxalq Bankdan kredit götürüb qaytarmayan oliqarxların bəzilərinin əmlakları barədə bütün məlumatları hakimiyyətə K.Həsənovun rəhbərlik etdiyi komitə verib. Bu səbəbdən də K.Həsənov özünə xeyli düşmən də qazanıb. İndi onun deputat qardaşına yenidən mandat verilməyəcəyi xəbəri onun rəqiblərinin hərəkətə keçdiyini göstərir.
Xəbər xidməti /musavat.com/