Prezident İlham Əliyevin də narahatçılığına səbəb olan problemə qısa baxış
Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin və eləcə də həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq hazırda ölkədə ümumi daxili məhsul istehsalında özəl sektorun payı artıb. Eyni zamanda qeyd etmək lazımdır ki, sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bu sahədə bir sıra problemlər hələ də tam aradan qaldırılmamışdır.
Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının işi qənaətbəxş sayıla bilməz. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir.
Xatırladaq ki, indiyədək sahibkarlıq sahəsində qanunsuz yoxlamaların aparılmasının qarşısının alınması ilə bağlı çoxlu qanun, fərman və sərəncamlar verilib. Mərhum Heydər Əliyevin prezidentliyi dövründən başlayaraq belə sənədlərin qəbul olunmasına başlanılıb. Ancaq bu bir faktdır ki, ölkəmizdə sahibkarların işinə qanunsuz olaraq müdaxilə edənlərin sayı və müdaxilə gücü azalmayıb. Onların içərisində adi post-patrul polisindən, sahə müvəkkilindən tutmuş məmura qədər çoxlu qanunsuz yoxlayıcılar var. Prezident İlham Əliyev isə Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə olduqca mühüm addımlar atıb. Prezident 28 avqust 2013-cü il tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Bu qanunun təcrübədə sahibkarlığın və özəl sektorun inkişafında verdiyi töhfələr isə danılmazdır.
Bu günlərdə isə prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bəzi dövlət qurumlarının əməkdaşlarının sahibkarlardan qanunsuz pul toplaması hallarını yenidən gündəmə gətirməsi sahibkarları sevindirib. Xatırladaq ki, prezident həmin iclasda sahibkarların problemlərindən danışarkən bir sıra dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyinin bəzi əməkdaşlarının sahibkarlardan qanunsuz pul topladığını bildirmişdi. Ölkə başçısının sahibkarlardan tələbi isə verginin tam olaraq ödənilməsi ilə bağlı idi.
Amma sahibkarlar onlardan vergi ödənişi adıyla pul tələb olunduğunu bildirirlər. Halbuki iqtisadçı-ekspertlər qanuna görə yoxlanışların belə olmadığını və vergi xidməti əməkdaşlarının sahibkarları necə gəldi yoxlamasının qadağan olduğunu deyirlər. Yoxlama zamanı sahibkarın kassadan istifadə etmədiyi aşkarlanarsa o, maksimum 400 manat cərimələnə bilər. 3-cü cərimələnmə zamanı sahibkarlıq subyektinin fəaliyyətinə xitam da verilə bilər. Kameral yoxlama isə yalnız sahibkarların hər rüb ərzində və illik vergi xidməti orqanlarına göndərdiyi hesabatlar zamanı online qaydada aparılır və əlavə suallar sahibkardan e-mail vasitəsi ilə soruşulur. Yalnız cinayət xarakterli və vacib məlumatlar aşkarlanarsa bu müddət 3 aya qədər artırıla bilər. Vergi ödənişlərinə gəlincə, sahibkarlar qazancından aslı olaraq 2 növ vergi ödəməlidir.
Prezident İlham Əliyevin də məlum müşavirədə vurğuladığı kimi sahibkarlara maneçilik yaradan strukturlardan biri də yerli icra hakimiyyətləridir. Sahibkarları müxtəlif bəhanələrlə sıxışdıraraq onların qarşısında müxtəlif qanunsuz tələblərin qoyulması isə bütövlükdə ölkədə yaradılmış münbit biznes mühitinə uyuşmur. İnanmaq istərdik ki, prezidentin müdaxiləsindən sonra nəhayət, vəzifə səlahiyyətlərindən sui-istifadə cəhdlərində bulunanlar tamahlarına “dur” deyə biləcək, respublikada sahibkarlığın inkişafına qatqıda bulunmasalar da heç olmasa bu prosesə mane də olmayacaqlar.