Əli Orucov: "Hakimiyyətə iddialı olan müxalifət partiyası gücünü hansısa ölkə prezidentindən yox, xalqdan almalıdır"
"Bu cür taktika tamamilə uğursuz və məğlubiyyətə məhkum bir taktikadır"
Azərbaycan müxalifətinin ötən iyirmi illik tarixinə nəzər salsaq görərik ki, dəfələrlə müxtəlif birliklərdə birləşsələr də, ölkədə siyasi proseslərə təsir göstərə bilməyiblər. Təmsil olunduqları birliklərin nə taktiki gedişləri, nə də manevr xarakterli digər addımları onlara ictimaiyyətin etimad göstərməsinə gətirib çıxarıb.
Xüsusən də 1998-ci ildən sonra müxalif partiyaların müxtəlif adda blok və birliklər yaratması daha qabarıq formada özünü göstərib. Ötən müddət ərzində sözügedən tendensiya dəyişməz qalıb.
Son illər müxalifətin fəaliyyətində tez-tez taktiki dəyişikliklər etməsi və xarici dövlətlərdən imdad diləməsi də bir fayda vermir. Məsələ ondadır ki, 2010-cu ilin sonlarında parlament seçkilərinin nəticələrinə etiraz olaraq bir qrup müxalifət partiyası İctimai Palatada birləşdi. Ancaq İP müxalifətin fəaliyyətində dönüş yarada bilmədi. Bununla kifayətlənməyən ənənəvi müxalifət ötən ilin mayında müxalifətin daha geniş spektrini bir arada birləşdirməkdən ötrü Milli Şuranı təsis etdi. Ancaq heç seçki başlamamış qurum daxilində mövcud olan kəskin ziddiyyətlər özünü göstərdi. Burada bir diqqətçəkən məqam ondan ibarətdir ki, ənənəvi müxalifət son seçki dönəmində Rusiya prezidenti Vladimir Putini özünə nəfəslik hesab edirdi. Hətta illərlə Rusiyanın işğalçılıq, müstəmləkə siyasətindən dəm vuran və bu haqda ağızdolusu danışan partiya sədrləri belə, RATİ-də təmsil olunan Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini dəstəklədilər. Halbuki, hamıya məlum idi ki, RATİ Putinin xeyir-duası ilə yaradılıb. 2013-cü il avqustun 16-da V.Putin Azərbaycana səfər etdikdən sonra, ümumiyyətlə, R.İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması məsələsi gündəmdən çıxdı. Daha doğrusu, Putin bunu etmədi və beləcə, radikal müxalifətin Putinə olan ümidləri puça çıxdı. İndi də bu "missiyanı" Ollandın üzərinə qoymaq istəyirlər. Məsələ ondadır ki, bu günlərdə Bakıda səfərdə olan Fransa prezidenti Fransua Olland bir neçə radikal müxalifət partiyasının sədrləri ilə görüşdü. Müxalifət təmsilçiləri bunu belə yozmağa başladılar ki, guya Qərb müxalifətə stavka edir, tabu sındırıldı və s. Halbuki, bu, etika xatirinə sıradan bir görüş idi.
Maraqlıdır, bütövlükdə müxalifətin bu cür taktika seçməsi nə deməkdir?
Sözügedən məsələni dəyərləndirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov hesab edir ki, bu cür taktika tamamilə uğursuz və məğlubiyyətə məhkum bir taktikadır: "Çünki hansısa xarici qüvvələrə deyil, xalqa arxalanmaq lazımdır. Xarici qüvvələrə stavka edərək hakimiyyətə gələn siyasi qüvvənin ömrü az olur. Həmin siyasi qüvvə müstəqil xarici siyasət kursu yeridə bilmir və marionet xarakter daşıyır. Digər tərəfdən, istənilən halda, hər hansı bir müxalifət partiyası xalqdan deyil, xaricdən kömək umursa, həmin siyasi təşkilatın hakimiyyətə gəlmək perspektivi yoxdur. Təəssüflər olsun ki, Azərbaycanda hələ də ümidini Qərbə, Rusiyaya bağlayan partiyalar var. Onlar anlamaq istəmirlər ki, bu cür mübarizə üsulunun gələcəyi yoxdur. Hakimiyyətə iddialı olan müxalifət partiyası gücünü hansısa ölkə prezidentindən yox, xalqdan almalıdır".