“Vidadi adlı şəxs mənə bildirdi ki, şüşəni artıq on ildir ki, Azərbaycana onlar gətirir və başqa heç kəs gətirə bilməz”
Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 1B, mənzil 1 ünvanda yaşayan sahibkar Mustafayev Səxavət Nurəhməd oğlu Prezident İlham Əliyevə şikayət məktubu göndərib.
AzMedia.İnfo bildirir ki, sahibkar məktubun bir nüsxəsini də AzPolitika.info saytına təqdim edib. Səxavət Mustafayev minlərlə çarəsiz sahibkar kimi, Dövlət Gömrük Komitəsindən, monopoliyadan şikayət edir, üzləşdiyi qanunsuzluq və özbaşınalıq haqda ətraflı bəhs edir.
Problemin aktuallığını nəzərə alaraq, sahibkarın ürəkağrıdan məktubunu şərhsiz və olduğu kimi təqdim edirik.
“Cənab Prezident!
Mən sahibkar olaraq, 02 fevral 2015-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində yerləşən “Saratovstroysteklo” ASC ilə şüşə lövhələrin alqı-satqısı barədə müqavilə bağlayaraq, pulunu qabaqcadan ödəməklə “Saratovstroysteklo” ASC-dən bir vaqon şüşə lövhə almışam. “Saratovstroysteklo” ASC tərəfindən tam qanuni əsaslarla ünvanıma göndərilmiş şüşə lövhələrlə dolu olan vaqon, 03 mart 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasına gəlib çıxmasına baxmayaraq, bu günədək mən həmin vaqonda olan şüşənin gömrük rəsmiləşdirilməsini həyata keçirə bilməmişəm. Buna səbəb isə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının fəaliyyətsizliyidir.
03 mart 2015-ci il tarixdə Biləcəri stansiyasından mənim mobil telefonuma zəng edərək bildirdilər ki, ünvanıma gələn vaqonu Yalama stansiyasında gömrük əməkdaşları saxlayıblar və sənədləri də araşdırma məqsədi ilə götürüblər. Mən 04 mart 2015-ci il tarixdə Yalama stansiyasına getdim və stansiya rəisi ilə görüş zamanı sonuncu mənə bildirdi ki, həmin vaqon artıq Biləcəri stansiyasındadır. Yalama stansiyasındakı gömrük postunun rəisi ilə görüş zamanı isə,o, mənə bildirdi ki, ünvanıma “Saratovstroysteklo” ASC tərəfindən göndərilmiş vaqona aid sənədlər həqiqətən də gömrük əməkdaşları tərəfindən götürülüb və hazırda həmin sənədlər Bakı Baş Gömrük İdarəsindədir. Yalama stansiyasındakı gömrük postunun rəisi mənə Vidadi adlı bir nəfərin mobil telefon nömrəsini (050-208-04-54) verdi və bildirdi ki, bu telefonla əlaqə saxlayıb vaqonun sənədlərini götürə bilərəm. Mən Bakıya gəlib 050-208-04-54 saylı telefona zəng etdim. Həmin şəxs məni Fabrisus küçəsində yerləşən ofislərinə dəvət etdi. Mən həmin yerə getdim və başa düşdüm ki, bura “Trans Broker” MMC-nin ofisidir. Mənim zəng etdiyim adam isə həmin “Trans Broker” MMC-nin əməkdaşıdır.
Vidadi adlı şəxs mənə bildirdi ki, şüşəni artıq on ildir ki, Azərbaycana onlar (yəni “Trans Broker” MMC) gətirir və başqa heç kəs gətirə bilməz. Sonra o mənə bildirdi ki, şüşənin hər tonuna 700 AZN (yeddi yüz manat) olmaqla, təqribən 47 000 AZN (qırx yeddi min manat) pulu ona ödəyib, ünvanıma gələn şüşəni götürə bilərəm və bundan sonra mənə artıq gömrük rüsumu ödəmək lazım olmayacaq. Gömrük rüsumunu mənim yerimə “Trans Broker” MMC ödəyəcək. Mən bu təklifi qəbul etmədim və Vidadi adlı şəxsdən ünvanıma gəlmiş vaqonun yol sənədinin surətini mənə verməsini xahiş etdim. Vidadi ünvanıma gəlmiş, içində şüşə lövhələr olan vaqonun yol sənədinin surətini kabinetindəki kseroks aparatında çıxarıb mənə verdi. Bununla da mənə məlum oldu ki, ünvanıma gəlmiş vaqonun sənədləri DGK-ya aidiyyəti olmayan bir yerdədir və bu hadisə məni çox sarsıtdı.
Bundan sonra mən 04 mart 2015-ci il tarixdə Biləcəri stansiyasına gedərək ünvanıma gəlmiş vaqonun sənədlərini soruşdum. Biləcəri stansiyasındakı gömrük postunun rəisi mənə bildirdi ki, belə bir vaqon Azərbaycana gəlməyib və həmin vaqona aid heç bir sənəd də yoxdur. O zaman mən Biləcəri stansiyasında həmin vaqonu tapıb, vaqonun yanında dayanaraq fotoşəklini çəkdim. Həmin fotonu mən Biləcəri stansiyasındakı gömrük postunun rəisinə göstərəndə, o, bərk əsəbiləşdi və bir daha mənə bildirdi ki, həmin vaqona aid heç bir sənəd yoxdur. Onda mən həmin fotonu da əlavə etməklə, 10 mart 2015-ci il tarixdə DGK-nın sədri cənab Aydın Əliyevə məktubla müraciət edərək xahiş etdim ki, bu vaqonun Rusiya-Azərbaycan sərhədini necə keçməsini aydınlaşdırsın. Bundan sonra 13 mart 2015-ci il tarixdə ünvanıma gəlmiş vaqona aid olan sənədləri mənə verdilər. Sənədləri alıb Bakı Baş Gömrük İdarəsinə getdim, müvafiq sənədləri təqdim edərək gömrük bəyannaməsini yazdırdım. Lakin növbəti mərhələdə mənə bildirdilər ki, şüşə Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilir. Mən sənədləri də görürüb Sumqayıt Baş Gömrük İdarəsinə gedərək ünvanıma gəlmiş vaqonda olan şüşəni rəsmiləşdirmək üçün müraciət etdim. Oradan da məni yenidən “Trans Broker” MMC-yə və onun əməkdaşı Vidadi adlı şəxsə yönləndirdilər. Beləliklə, Sumqayıt Baş Gömrük İdarəsində də mənim ünvanıma gəlmiş vaqonda olan şüşəni rəsmiləşdirməyə imtina etdilər. Elə həmin gün, 13 mart 2015-ci il tarixdə mən DGK-nın sədri cənab Aydın Əliyevə yazılı ərizə ilə müraciət edərək, sözügedən vaqonda olan şüşənin rəsmiləşdirilməsi üçün tabeçiliyində olan müvafiq strukturlara göstəriş verməsini ondan xahiş etsəm də, heç bir cavab almamışam.
Cənab Prezident!
DGK-da qarşılaşdığım bu qanunsuzluqlarla bağlı 19 mart 2015-ci il tarixdə mən Sizə yazılı məktubla müraciət etmişəm. İnternet ünvanınıza da yazmışdım. Hesab edirəm ki, həmin müraciətim Sizə çatmayıb. Əks halda nəticə olardı. 13 mart 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət Xidmətinə müraciət etmişəm. Bundan sonra 20 may 2015-ci il tarixdə mən AR-nın baş prokuroru cənab Zakir Qaralova, AR Milli Məclisinin sədri cənab Oqtay Əsədova, AR-nın baş naziri cənab Artur Rəsizadəyə, DİN-ə, MTN-ə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, AR DGK-nın sədri Aydin Əliyevə, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna xanım Səfərəliyevaya yazılı müraciətlər göndərmişəm. Müraciət etdiyim orqanlar isə mənim müraciətimi aidiyyəti üzrə baxılması üçün DGK-ya göndəriblər. DGK isə tam fəaliyyətsizliyini ortaya qoyub. Biləcəri stansiyasında vaqonun dayanmasıma görə, mənə hesablanan cərimələrin məbləği artıq 20 000 (iyirmi min) AZN-ə çatır. Mən evimi girov qoyub bankdan pul götürmüşəm. Bu sıxıntılar içində mən nəinki işləyib qazanc əldə edə bilmirəm, hətta banka olan borcumu da ödəyə bilmirəm. O biri tərəfdən də Rusiya Federasiyasındakı tərəfdaşlarım qarşısında götürdüyüm öhdəlikləri yerinə yetirə bilmədiyimdən bir sahibkar kimi imicimi itirirəm, etibarsız tərəfdaş kimi tanınıram.
Sizin 13 iyul 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışınıza baxdım. Sahibkarlara və məmurlara olan tapşırıq və tövsiyyələrinizi dinlədim. Mən hesab edirəm ki, Dövlət Gömrük Komitəsində və onun strukturlarında baş verən qanunsuzluqlardan məlumatsızsınız. Əks halda bu özbaşınalıqlara son qoyulması barədə tapşırıq verərdiniz. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də son ümid yerim Sizsiniz. 03 mart 2015-ci il tarixdə Biləcəri stansiyasına mənim ünvanıma gəlmiş şüşə lövhələrlə dolu vaqonun gömrük rəsmiləşdirilməsindən keçməsi üçün müvafiq strukturlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə: Mustafayev Səxavət
Tel: 070-200-10-60