İcra başçıları üçün avqust sınağı; Prezident İlham Əliyevin son aylar komandasındakı problemlərdən açıq danışmasının sirri çözülür; “biz hakimiyyət üçün çox vacibik” düşünən xeyli arxayınlaşmış məmur təbəqəsini islah etmək, belə görünür, indi daha çətindir; kadr islahatları şəhər və rayonların icra başçılarının dəyişdirilməsi ilə başlayacaq və sonra daha iri fiqurları əhatə edəcək
Son aylar prezident İlham Əliyev keçirdiyi müşavirələrdə bir neçə dəfə hakimiyyət komandasındakı problemlərə toxunaraq ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışıb və sərt cəza tədbirlərinin görüləcəyini deyib.
Uzun müddətdir ki, prezidentin öz komandasında ciddi dəyişiklik edəcəyi ilə bağlı mediada müxtəlif səpkidə müzakirələr getsə də, bu dəfə situasiya fərqlidir. Əvvəla, ona görə ki, komandada kadr dəyişikliyinin zəruriliyi barədə indi birinci şəxsin özü anons edir və bu, artıq hansısa mənbənin iddiası deyil. Prezident ayrı-ayrı məmurların rəhbərlik etdiyi nazirliklərin fəaliyyətindən narazılığını açıq dilə gətirir ki, bu da səbəbsiz deyil. Uzun illərdir ki, daxili faktorlar ciddi kadr dəyişikliklərini tormazlayırdı. İqtidarda üst mövqe tutanların “bizə dəysələr, müxalifət hakimiyyəti ələ keçirəcək” kimi arqumentləri daha keçərli deyil.
“Köhnə qvardiya” da əvvəlki gücünü itirib və dəyişikliklərə qarşı sərt mövqeyini müdafiə edə bilmir. Dəyişikliyi zəruri edən daha bir ciddi səbəb həm də dünyanın yeni dəngələridir. İranın Qərblə anlaşmasından sonra Azərbaycan hakimiyyəti təkcə xarici siyasətdə deyil, daxildən də rahatlıq qazanmaqdadır. Daha bir mühüm amil isə neftin qiymətinin düşməsinin yeni iqtisadi reformalar tələb etməsidir. Büdcə əvvəlki kimi neft pulu ilə dolub-daşmır və yaranmış vəziyyət yeni iqtisadi şərtlərlə işləməyi diktə edir. Bunun üçün isə dövlət büdcəsini ata malı kimi mənimsəyən məmurların nəfsinin qarşısını kəsmək çox vacibdir.
“Biz hakimiyyət üçün çox vacibik” məntiqi ilə düşünən xeyli arxayınlaşmış məmur təbəqəsini islah etmək, belə görünür ki, indi daha çətindir. Hər nə qədər prezident səviyyəsində nəzarət olsa da, bəzi məmurlar artıq islaholunmaz həddə korlanıblar. Bəziləri isə o həddə maliyyə cəhətdən “şişib” ki, gözləri ayaqlarının altını görmür, bu kimi xəbərdarlıqlardan nəticə çıxarmırlar. Bu isə xüsusilə rayonlarda ciddi narazılıq yaradır.
Narazılıqları əvvəlki kimi yönəldəcək müxalifət olmasa da, iqtidardakı düşünən başlar yaxşı anlayır ki, bu sakitlik günlərin birində elə bil kortəbii sosial partlayışla nəticələnə bilər ki, bunun fəsadları çox ağır olar.
Bu səbəbdən də illərdir ertələnən ciddi kadr islahatları mütləq həyata keçirilməlidir. Prezidentin son çıxışları da sübut edir ki, dövlət başçısı dəyişikliklərin labüdlüyünü hamıdan yaxşı başa düşür və bunları reallaşdırmağa çalışacaq.
Məlumatlara görə, dövlət başçısı iqtisadi komandasını yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara, hətta könüllü getmək istəməyən iri korrupsiyaçıları həbs etdirməyə belə qərarlıdır. Belə məlumatlar var ki, bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi artıq hazırdır və ən yaxın zamanda elan edilə bilər.
“Kadr islahatları şəhər və rayonların icra başçılarının dəyişdirilməsi ilə başlayacaq”. Məlumata görə, icra başçıları avqustun 5-dək məzuniyyətə göndərilib və onlar qayıtdıqdan sonra talelərinə aydınlıq gələcək. Bu barədə “Yeni Müsavat”a hakimiyyət kluarlarında gedən söz-söhbətlərdən məlum olub. İddiaya görə, hakimiyyət məmur-oliqarxların vurulması, səlahiyyətsizləşdirilmək üçün rayonların icra başçılarından başlamaq niyyətindədir. İqtidar istəyir ki, bütün rayonların icra başçılarını Prezident Administrasiyasına tabeçilik göstərən, başqa bir yerə bağlılığı olmayan kadrlardan formalaşdırsın.
Kadr dəyişikliyinin bu düsturu kifayət qədər realdır. Çünki inzibati idarəetmə mexanizmi bir neçə güc mərkəzinin əlində cəmləşdikdə hər hansı dəyişikliyi reallaşdırmaq çətinləşir. Hakimiyyət texnoloqları bəzi superoliqarxların getdikcə varlanmasını, iqtisadi güclərini artırmasını da nəzərə alaraq onların inzibati idarəetmə aparatı üzərində təsir rıçaqlarına malik olmasını təhlükəli hesab edir. Məlumatlarda o da deyilir ki, kadr dəyişikliyi təkcə icra başçılarının deyil, bütün sahələri, eləcə də Nazirlər Kabinetini də əhatə edəcək.
“Yeni Müsavat”