Azərbaycan Ukrayna hərbi texnikasını daha ucuz qiymətə almaq üçün əla şans qazandı

18-05-2014, 21:24   

Azərbaycanın xaricdən silah alışında Ukraynanın payı arta bilər. Əsas səbəb isə odur ki, Rusiyanın Ukraynanın işğalını davam etdirməsi fonunda iki ölkə arasında hərbi sahədə də əlaqələr pozulub. İndilikdə Moskva bundan məmnun deyil. Rusiya Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin hesab edir ki, ölkəsinə qarşı sanksiyalar Ukrayna hərbi sənayesinə təsir edə bilər.
Onun sözlərinə görə, müqavilə öhdəliklərinin icrası Ukrayna hərbi-sənaye müəssisələri üçün həyati əhəmiyyət daşıyır. A.Fomin vurğulayıb ki, Rusiya tərəfi ilə hərbi əməkdaşlıqdan imtina sözügedən müəssisələrin bağlanmasını qaçılmaz edəcək. O, həmçinin, mümkün sanksiyaların Rusiyanın silahlanma və hərbi texnika istehsalına mənfi təsir edə biləcəyini deyib: "Sanksiyaların tətbiqi helikopter, hərbi dəniz texnikaları, həmçinin aviasiya vasitələrinin ayrı-ayrı növlərinin istehsalına təsir edə bilər".
Xatırladaq ki, bir müddət əvvəl baş nazir Arseni Yatsenyuk deyib ki, Ukrayna özünə qarşı hərbi təcavüz həyata keçirən Rusiyaya daha silah və hərbi texnika satmaq fikrində deyil: "Silah istehsal eləmək və sonra da bu silahı sənə qarşı müdaxilə həyata keçirən tərəfə vermək ki, ondan sənə atəş açsınlar, biz bunu etməyəcəyik". Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema da rəsmi Kiyevin Rusiya ilə hərbi əməkdaşlığı dayandırmağı planlaşdırdığını bildirib: "Rusiya üçün sonradan bizə qarşı yönəldiləcək məhsul buraxmaq tam ağılsızlıqdır və Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq haqqında qərar artıq baş nazir tərəfindən qəbul edilib. Ukrayna ənənəvi olaraq Rusiya hərbi sənaye kompleksi sahəsində çox fəal əməkdaşlıq edir və Ukrayna ərazisində Rusiyaya ixrac olunan hərbi məhsullar hazırlayan çoxlu müəssisə fəaliyyət göstərir. Rusiya ilə belə əməkdaşlığın qəfildən dayandırılması Ukrayna iqtisadiyyatı üçün ciddi itkilərə yol açacaq. Buna görə də bu gün ölkənin hərbi sənaye kompleksinin məhsulları üçün digər satış bazarlarının axtarışı istiqamətində ciddi iş aparılır. O cümlədən hökumət məhsul ixracını Şərq bazarlarına yönəltmək niyyətindədir".
Rusiya prezidenti Vladimir Putin isə hesab edir ki, Rusiya sahibkarları ilə əlaqələrin kəsilməsi Ukrayna müdafiə sənayesi kompleksi (MSK) üçün fəlakət olacaq: "Ukrayna müdafiə sənayesi kompleksinin rusiyalı tərəfdaşları ilə əlaqələrinin kəsilməsi, çox ehtimal, faciəyə gətirəcək. Nəyə görə? Ona görə ki, onların başqa satış bazarları yoxdur. Sadəcə mövcud deyil. Yeganə istehlakçı yalnız Rusiya silahlı qüvvələridir". Putin həmçinin bəyan edib ki, Rusiya hazırda Ukraynadan tədarük edilən hərbi məhsulların istehsalını 1,5-2,5 il ərzində özündə təşkil etməyə qadirdir. O eyni zamanda işin Ukrayna ilə müdafiə sənayesi kompleksi sahəsində kooperasiya əlaqələrinin pozulmasına çatmayacağına ümid etdiyini bildirib: "Biz ümid edirik ki, iş bu kooperasiya əlaqələrinin qırılmasına çatmaz, hərçənd bu gün tam həcmdə tədarük görmürük. Biz müvafiq hökumət qurumlarının bu tədarüklərin dayandırılması qərarlarını görürük".
Ukrayna baş nazirinin birinci müavini Vitali Yaremanın açıqlamalarından göründüyü kimi, hazırda Kiyev məhsul ixracını Şərq bazarlarına yönəltmək niyyətindədir. Bu fonda isə Ukraynanı maraqlandıran əsas tərəflərdən biri Azərbaycandır. Çünki ölkə hərbi texnika alışı üçün kifayət qədər böyük maliyyə imkanlarına malikdir. Xatırladaq ki, Azərbaycan müxtəlif vaxtlarda Ukraynadan BTR-70, 122 mm çaplı 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu, 152 mm-lik 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, "Mİ-24" vertolyotları alıb. Həmçinin,"R-27" aviasiya raketi, "Toçka-U" kompleksi üçün 9P129-1M buraxıcı qurğusu, "Strela-3" daşınar zenit-raket kompleksləri də alınıb. Ekspertlər hesab edir ki, Azərbaycan indiki şəraitdə Ukrayna hərbi texnikasını həm də əvvəlkindən ucuz qiymətə ala bilər. Çünki Kiyev üçün əsgəri texnikanın satış bazarı elə də böyük deyil. Bu şəraitdə hərbi texnikanı sata bilmək üçün onun qiymətini endirmək zəruri şərtə çevrilir. Azərbaycan isə aşağı qiymətlə Ukraynadan daha çox texnika ala bilər. Hər halda, hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyi gözlənir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.