Ukraynada seçki günü Rusiya-Qərb müharibəsinin başlanğıcı ola bilər

18-05-2014, 21:25   

Rusiya sərhədlərdə mayın 25-də hərbi aviasiya manevrlərinə qərar verdi

Ukrayanada cərəyan edən gərgin hadisələr fonunda bu ölkədə mayın 25-də seçkilərin baş tutub-tutmayacağı ciddi sual altına düşüb. Digər tərəfdən maraqlı qüvvələrin prosesə müdaxiləsi də qeyri-müəyyən vəziyyətin hökm sürməsinə gətirib çıxarır. Hazırda Qərb seçkilərin baş tutmasında, Rusiya isə tam əks vəziyyətin yaranmasında maraqlı tərəf kimi çıxış edir.
Kremlin əlində əsas təsir vasitəsi Ukraynanın cənub-şərqində fəaliyyət göstərən separatçılardır. Məhz bu separatçılara görə seçkilər heç də ölkənin bütün bölgələrində həyata keçirilməyəcək. Belə vəziyyət seçkilərin baş tutmasını sual altına alır.
Bundan əlavə məlum olub ki, Rusiya 21-26 may tarixlərində Ukrayna ilə həmsərhəd Voronej vilayətində "Aviadarts-2014" adı altında hərbi təlimlər keçirəcək. Hərbi təlimlərlə bağlı diqqətçəkən məqam isə ondan ibarətdir ki, göstərilən tarix Ukrayna prezident seçkilərinin keçirildiyi tarixlə üst-üstə düşür. Hərbi təlimlərdə 71 hərbi təyyarə və vertolyotun heyəti iştirak edəcək.
Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçik tarixin qəsdən seçildiyini istisna etmir. "Tamamilə mümkündür ki, Rusiya Müdafiə Nazirliyində Ukraynada formalaşan hərbi-siyasi vəziyyət əsas tutulub". Hərbi Proqnozlaşdırmalar Mərkəzinin rəhbəri Anatoliy Tsıqanyuk da eyni fikirdədir: "Mayın 9-da aviasiyamız imkanlarını Qərbə əla nümayiş etdirdi. Təyyarələr Krıma qədər uçdu və geri qayıtdı. Görünür, uğuru möhkəmləndirməyə qərar veriblər". Bütövlükdə isə hərbi ekspert bu cür təlimlərin effektivliyinə şübhə edir. "Nazir Sergey Şoyqu Müdafiə Nazirliyinə diqqəti cəlb etmək üçün hər şey edir. Amma bu, Rusiya ordusu üçün faydalı deyil, xüsusən Şoyqunun özünə. Bu cür təlimlərin keçirilməsinə sərf olunan vəsaiti yeni tank və təyyarələrin alınmasına xərcləmək olardı".
Qərb isə Ukraynada seçkilərin keçirilməsində maraqlıdır. Bu fonda ABŞ Dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə yardımçısı Riçard Stengel Ukraynada seçkilərə regional dəstəyin artırılması məqsədilə Ukrayna, Latviya və Brüsselə səfərə başlayıb.
Stengel Birləşmiş Ştatların Ukraynada erkən prezident seçkilərinə dəstəyi, ABŞ və Rusiya arasında münasibətlər barədə də maraqlı fikirlər səsləndirib: "Biz mayın 25-də keçriləcək prezident seçkilərini dəstəkləyirik. Seçkilər demokratiyanın və dəyişikliyin əsasıdır. Biz seçkilərin azad və ədalətli keçirilməsinə bacardığımız qədər dəstək verəcəyik. Seçkilər həmişə ideal olmur və problemlər də olur, inkişaf etmiş demokratik ölkələrdə də seçkilər zamanı problemlər olur və biz rusların Şərqi Ukraynada nə edə biləcəyini narahatlıqla izləyirik. ABŞ prezidenti və dövlət katibi Rusiyadan mayın 25-i seçkilərinə müdaxilə etməməsini istəyib və biz onların bunu etməyəcəyinə ümid bəsləyirik".
Riçard Stengel ABŞ-ın və Avropa müttəfiqlərinin Krımın ilhaqı və Ukraynanın şərqində yaranmış gərginliklə əlaqədar Rusiyaya tətbiq etdiyi sankiyaları da şərh edib. O deyib ki, Rusiya mayın 25-i seçkilərin keçirilməsinə müdaxilə etsə, daha ciddi sanksiyaların tətbiq edilməsi mümkündür.
"Sanksiyalar bir vasitədir, onları ya artırmaq, ya da məhdudlaşdırmaq olar. Prezident Barak Obama sanksiyaların adekvat olmasını istəyib və ruslar mayın 25-də seçkilərə müdaxilə edərsə, onun dediyi kimi bunun nəticələri olacaq. Bu nəticələrdən biri də daha ciddi, ya da müəyyən sektoru əhatə edən sanksiyaların tətbiq edilməsidir. Lakin biz seçkilərin necə keçiriləcəyini görəcəyik, seçkilərin azad və ədalətli keçirilib-keçirilmədiyini, rusların müdaxilə edib-etməyəyini görəcəyik və bundan sonra seçkilər azad və ədalətli keçirilibsə, sanksiyaların adekvat olub-olmadığı müəyyən ediləcək". Riçard Stengel Ukraynanın şərqində Rusiyanın apardığı təbliğat və Qərbin bu təbliğata qarşı görə biləcəyi tədbirlərlə bağlı sualı cavablandıraraq, ABŞ-ın azad media və azad informasiyaya çıxış imkanını dəstəklədiyini və Rusiyanın təbliğat maşınının Ukraynada hadisələrə fərqli rəng verdiyini bildirib":Təbliğat o zaman uğurlu olur ki, başqa baxış yoxdur və eyni uydurma və yalanlar sonsuza qədər təkrar olur. Biz azad media, burada və Rusiyada informasiyadan azad istifadə edilməsini dəstəkləyirik. Lakin yalana qarşı həqiqəti göstərmək kimi mübarizə aparmaqdan daha çox fantastika qarşısında reallığı göstərməlisiniz. Biz də təkcə ifadə azadlığı və azad jurnalistikaya imkan yaratmaq deyil, həm də ABŞ-ın məsələlərlə bağlı baxışların göstərərək bunu etməyə çalışırıq. Mən iki gün Kiyevdə oldum, gözəl bahar havası var idi, insanlar kafelərdə oturmuşdu.
Rusiya təbliğat maşını deyir ki, Kiyev mühasirədədir və adamlar azad hərəkət edə bilmir, lazım olan təchizatı ala bilmir. Bu da uydurmadır və tamamilə yalandır. Bunu hər gün görmək olar. Mənim işimin bir hissəsi insanların reallığı görə bilməsini təmin etməkdir və biz də mümkün olan qədər bunu etməyə çalışırıq".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.