Mehman Sadıqovun rəhbərlik etdiyi qurumda hökm sürən problemlər şikayətlərin artmasına səbəb olub
Gürcüstandan ölkəmizə idxal olunan malların rəsmiləşdirilməsi düzgün aparılmır
Ölkəmizdə qanun pozuntularının daha çox müşahidə edildiyi qurumlardan biri də Dövlət Gömrük Komitəsidir (DCK). Qeyd edək ki, komitənin tabeliyindəki idarə və məntəqələrin fəaliyyətində yer alan nöqsanlar zaman keçdikcə artır və belə olan təqdirdə vətəndaşların haqlı narazılığı ortalığa çıxır. Bu sahədə mövcud olan problemlər Tovuz Gömrük İdarəsindən də yan keçməyib. Candargöl, Girzan, Poylu, Sınıq Körpü, Sadıxlı, Böyük Kəsik və II-ci Şıxlı postlarından ibarət olan idarədə özbaşınalığın hökm sürdüyü bildirilir. Bu barədə redaksiyamıza məlumatlı mənbələr tərəfindən informasiya ötürülüb. Onların sözlərinə görə, idarənin rəisi Mehman Sadıqov bura işi düşən vətəndaşları heç bir əsaslı səbəb olmadan incidir, gömrük sahəsinə aid olan qanunları ayaq altına atmaqdan çəkinmir: "Məsələn, Sınıq Körpü Gömrük-Keçid məntəqəsindən Gürcüstana keçib-qayıdan vətəndaşlar gömrük əməkdaşlarının özbaşınalığından, burada sərhəd tanımayan qanunsuzluqlardan narazıdırlar. Burda insanlar saatlarla gözləməli olurlar ki, gömrük əməkdaşları nə vaxt insafa gəlib onları yoxlayıb buraxacaqlar. Qəsdən yoxlama prosesini gecikdirirlər. Gürcüstan tərəfinə keçərkən və oradan qayıdarkən avtobusun yoxlanılması beş saata yaxın vaxt aparır. Minik avtomobili ilə gələnlər isə nəyinsə sayəsində öz növbəsini qabağa saldırır və postu tez keçirlər. Avtobus sürücüləri isə onlardan tələb olunanı verə bilmir və bu səbəbdən saatlarla orada yubanmaq məcburiyyətində qalırlar. Digər tərəfdən, Gürcüstandan Azərbaycana gətirilən hər bir qoyuna görə əlavə 50-60 dollar məbləğində pul tələb edilir. Həmçinin Gürcüstandan Azərbaycana iribuynuzlu mal-qara gətirən sahibkardan yük maşınlarının hər birinə 7500-8000 manat "şirinlik" istənilir". Mənbənin sözlərinə görə, Mehman Sadıqov öz istəklərini ön plana çəkdiyi üçün Tovuz Gömrük İdarəsinin, habelə ona tabe olan postların fəaliyyəti tamamilə acınacaqlı vəziyyətə düşüb: "Ölkəmizə Gürcüstandan idxal olunan hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Gürcüstanın statistika komitəsi məlumat yayıb ki, 2014-cü ilin 9 ayı ərzində bu ölkədən Azərbaycana 425.8 milyon dollarlıq mal ixrac olunub. Həmin ixracın 207.2 mln. dollarını avtomobil ixracı təşkil edib. Azərbaycan Gömrük Komitəsi isə məlumat verir ki, 2014-cü ilin 9 ayı ərzində Gürcüstandan Azərbaycana 79.2 milyon dollarlıq mal gətirilib. Gürcü tərəfin məlumatından belə aydın olur ki, bu ölkədən Azərbaycana gətirilən hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Nəticədə yerdə qalan digər vəsait kimlərinsə cibinə gedir". Bu arada, bir müddət əvvəl Qazax rayonu Daş Salahlı kənd sakini Zülfüqarov Samir Nəbi oğlu Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovdan müvafiq orqanlara şikayət edib. O bildirib ki, Ceyrançöl qışlaq sahələrindəki fermer yatağında bəslədiyi heyvanlardan 14 baş iri buynuzlu heyvanı Tovuz mal-qara bazarına satmağa gətirərkən gömrük idarəsinin əməkdaşları tərəfindən saxlanılıb: "Min bir zillətlə kökəldib, satışa çıxarıb, beş-üç manat qazanmaq istəyirdim. Təxminən iki həftəyə yaxın ac-susuz saxlanan heyvanlar arıqlayıb, ət tökdülər. Ölkə prezidentinin kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi üçün bu qədər sərəncamlar, tapşırıqlar verərək, fermerlərə hər cür yardımlar edilməsi üçün səylər göstərməsinə rəğmən, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov kimi məmurların özbaşınalıqları mənə elə gəlir vətəndaşlarımızda bilərəkdən sosial narazılıqlar yaradır. Mehman müəllimə məni niyə get-gələ salmısınız, niyə heyvanlarımı vermirsiniz sualını verəndə "Sən bir izahat yaz ki, heyvanları Gürcüstan sərhədlərindən oğurluq yolla keçirmisən. Biz də yüngül bir şey "aformut" eləyib buraxaq" deyə cavab verdi". İdarə rəisinin özbaşına əməli bununla bitsə dərd yarıdır. Bu yaxınlarda MİTİ adlı şirkətin nümayəndəsi mətbuata müraciət edərək idarədəki acınacaqlı duruma narazılığını bildirib: "Mövcud qanunvericiliyə görə, damazlıq məqsədilə ölkəyə idxal olunan mal-qara dövlət rüsumundan azaddır. Ancaq bizdən dövlət rüsumu tələb edirlər. Gömrük əməkdaşları bizə deyir ki, iribuynuzlu mal-qaranın ölkəyə gətirilməsinə Tovuz gömrüyünün rəisi Mehman Sadıqov qadağa qoyub. Zəruri sənədlərin hamısını Tovuz gömrüyünün əməkdaşlarına təqdim elədik. Ancaq onlar bizim malı buraxmadılar". İdarənin maliyyə şöbəsinin müdiri Pərviz Rəhimov isə şirkətin damazlıq üçün iribuynuzlu mal-qara idxal etdiyini təsdiqləyib: "Bu şirkət 10 gün əvvəl ölkəyə iribuynuzlu mal-qara gətirib. Heç kim onlardan gömrük rüsumu tələb etmir. Onlar gömrük baxışı olmadan mal-qara gətiriblər. Eyni zamanda, mal-qara baytarlıq müayinəsindən keçməlidir. Həm də aydınlaşdırmaq lazımdır ki, həqiqətənmi, mal-qara damazlıq məqsədilə gətirilib". İdarənin əməkdaşları öz qanunsuz əməllərini bu formada izah etməyə çalışıblar. Amma faktlar göz qabağındadır. Mehman Sadıqov işini nöqsansız görsəydi, onunla bağlı bu qədər şikayət olmazdı. Hesab edirik ki, belə şəxsin vəzifədə saxlanması Tovuz Gömrük İdarəsinin gələcək fəaliyyətində ciddi fəsadların üzə çıxmasına səbəb ola bilər. Odur ki, DGK sədri Aydın Əliyev idarə rəisinin barəsində tezliklə müvafiq tədbir görməlidir.Gündəlik Bakı
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
mediaxeberleri.az