Yanan bina ilə bağlı istintaq tələsik yekunlaşdırılır
Müzəffər Baxışov: «Yanğınla bağlı daha yüksək vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilməlidir»
Ələsgər Məmmədli: «Bu prosesin ədalətli keçməsində cəmiyyətin böyük gözləntiləri var»
Baş nazirin birinci müavini və yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov Azadlıq prospektində yanan binada təmir işlərinin yeni dərs ilinədək yekunlaşacağını bildirib. “Anspress”ə müsahibəsində binada təmir işinin 15 sentyabra gədər qurtaracağını deyən Abid Şərifov, bunun yeni dərs ili ilə əlaqədar şagirdlərin və tələbələrin dərsə rahat getməsini təmin etmək üçün vacib olduğu söyləyib.
Azadlıq prospektində yerləşən yaşayış binasında baş verən yanğına görə məsuliyyət daşıyanlara gəldikdə isə, Abid Şərifov məsələ ilə bağlı hazırda davam edən istintaqın yaxın 10 gündə bitəcəyini açıqlayıb.
Xatırladaq ki, məlum binada yanğın hadisəsi baş verəndən sonrakı ilk vaxtlarda istintaqın gedişi barədə prokurorluq və Dövlət Komitəsi səviyyəsində açıqlamalar olsa da, sonradan işin gedişi barədə məlumatlara rast gəlinmədi.
Yalnız o bəllidir ki, hadisəyə görə, poleuretan üzlüklər istehsal edən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov, onun müavini Ələkbər Əsgərov, bu şirkətin partnoyur olan “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Belə görünür ki, ortada faciəli ölüm faktları, külli miqdarda madi-mənəvi və psixoloji zərbələr olsa da bu işdə bir neçə nəfər günahkar bilinib məsələni bağlamaq istəyirlər. Halbuki bu məsələyə görə daha yüksək rütbəli məmurlar məsuliyyət daşıyır. Məsələn, Bakı Şəhər Icra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, bu şirkətin məhsullarına sertifikat verən Dövlət Standartlaşdırma, Meteoroligiya və Patent Agentliyinin rəhbərliyi ümumiyyətlə işdən yayındırıldı. Halbuki hər üç qurum baş vermiş hadisədə birbaşa məsuliyyət daşıyır.
Hüquqşünas Müzəffər Baxışov da istintaqı tələsik bitirərək barələrində həbs qətimkan tədbiri seçilən şəxslərin ittiham edilib cinayət işinin məhkəməyə göndərilməsi və bununla da məsələyə son qoyulmasını ədalətli hesab etmir. O, həmin binanın yanmasına görə daha yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu vurğulayır: “Onlar məhkəmə məsuliyyətinə cəlb edilməlidir. Mən həmin şəxslərin adını dəfələrlə sadalamışam. Lakin hələlik onlara ittiham verilməyib. Konkret istintaq altında olan şəxslərə ittiham verib işi məhkəməyə göndərmək çox böyük ədalətsizlik olacaq. Həmin cinayəti törədən digər şəxslər isə cinayət məsuliyyətindən kənarda qalacaqlar”.
Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, istintaq işlərinin vaxtı məsələsində, real təcrübədə tamam başqa mənzərəylə rastlaşılır. Belə ki, QHT və bəzi media təmsilçilərinə qarşı iddia qaldırılanda istintaq işi bəzən aylar və illərlə davam edir. Ələsgər Məmmədli bu mənada yanan binaya məsul olan şəxslərin həbsiylə bağlı cəmiyyətin gözlənti həddində olduğunu da söyləyir: “Həmin işlə bağlı istintaqın sürətlənməsi barədə müəyyən tövsiyələrin olması mümkündür. Bu işin istintaqı və məhkəmənin gedişi prosesin nə qədər obyektiv olduğunu və işə məsul şəxslərin istintaqa cəlb edilib-edilmədiyini ortaya qoyacaq. Onu da deyim ki, cəmiyyətin bu prosesin ədalətli keçməsində çox böyük gözləntiləri var. Həmin gözləntilərin real çıxması müsbət hadisə olardı”.
Nigar