Raqub Məmmədov üzə durmağa adam axtarır

27-07-2015, 21:46   
Raqub Məmmədov üzə durmağa adam axtarır
Ağdamın icra başçısı tənqidi materallar dərc etdiyinə görə, JAM.AZ-ın rəhbərini şərləyib, tutdurmaq istəyir

Ağdamın icra başçısı Raqub Məmmədov haqqında JAM.AZ-da yayımlanan məlumatlardan ciddi şəkildə narahat olmağa başlayıb. Etibarlı mənbələrdən aldığımız məlumata görə, rayonun rəhbəri yazılanlardan narahat olduğunu büruzə verməsə də, üzləşdiyi problemi çözmək üçün başqa variantlara əl atmağa başlayıb.

Mənbənin JAM.AZ-a verdiyi məlumatda deyilir ki, Raqub Məmmədov saytımızın rəhbəri Fikrət Fəraməzoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verməyi planlaşdırır. Amma məsələ təkcə bununla da bitməyəcək. Qeyd olunur ki, Ağdamın icra başçısı JAM.AZ-ın baş redaktorunun üzünə məhkəmədə durmaq üçün adamlar da yığmağa başlayıb. Yəni, şərləmə yolu ilə həbsinə nail olmaq istəyir.

Məsələ ilə bağlı açıqlama verən Fikrət Fəraməzoğlu bildirib ki, Ağdamın icra başçısının belə bir addım ata biləcəyindən şübhə etmir. Onun sözlərinə görə, Raqub Məmmədov icra başçısı olsa da, daha çox hüquq mühafizə orqanının rəhbəri kimi davranmaqdan da qalmır. «Həqiqət hər nə qədər şirin olsa da, məmurlar üçün çox acıdır. Çünki əməllərinin üzə çıxmasından həddən ziyadə əndişəli olurlar. Raqub Məmmədovun məni xüsusi ittiham qaydasında məhkəməyə verib, həbsimə nail olmaq istədiyindən xəbərdaram. Amma onun üzümə durğuzmaq üçün adam yığmasına xeyli təəccüb etdim. Ağdamın icra başçısı deyəsən Tərtərdəki postu ilə indiki vəzifəsini səhv salıb».

Fikrət Fəraməzoğlu daha sonra vurğulayıb ki, o, belə vəziyyətlərə çoxdan alışıb və məmur təhdidlərindən də qətiyyən qorxusu yoxdur. «Raqub Məmmədov buyurub bizi məhkəməyə verə bilər. Bu onun təbii haqqıdır. Amma bizim də müdafiə olunmağımız üçün yetərli qədər arqumentlərimiz və faktlarımız var. Buyursun məhkəməyə müraciət etsin. Məsləhətim budur ki, Raqub Məmmədov bizi keçmiş icra başçısı Nizami Sadıqovla da səhv salmasın».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.