Binəqədinin icra başçısı istintaqa ifadə veribmi…

28-07-2015, 10:42   
Binəqədinin icra başçısı istintaqa ifadə veribmi…
15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı Xaləddin İsgəndərovun əleyhinə ifadələr olduğu bildirilir

Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin xəsarət almasına səbəb olan dəhşətli yanğından 2 aydan çox vaxt ötür. Bu müddət ərzində vəzifəli şəxs adına poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs olunublar.
Tutulanların biləvasitə binanın ölüm üzlükləri ilə üzlənməsinə qərar vermə səlahiyyətinin olması haqda məlumat yoxdur. Bilinmir ki, bina hansı hesabdan maliyyə ayrılmaqla üzlənib, “ölüm paltar”ını binaya kimin göstərişi ilə vurublar. Olaydan dərhal sonra yayılan məlumatlarda binanın üzlənməsinə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun göstəriş verdiyi haqda məlumatlar yayılmışdı. Normalda istintaqçıların yanğınla bağlı icra başçısına suallar vermək səlahiyyətləri var. Məsələn, Xaləddin İsgəndərovdan soruşa bilərdilər ki, binanı hansı hesabdan üzlətdirmisiz? İlk baxışdan sadə görünən bu sualı istintaqçıların başçıya vermələrini zəruri edən digər bir yayılmış məlumat idi. Xatırlayırsınızsa, binadakı dəhşətli yanğından sonra qəsdən yandırılması fərziyyəsinin tərəfdarları həddən artıq çox idi. Üstəlik, yanğın Azərbaycan 1-ci Avropa Oyunlarına ev sahibliyi edəcəyi günlərin ərəfəsinə təsadüf edirdi…
Ekspertlər bildirir ki, istənilən halda Xaləddin İsgəndərov istintaqçıların suallarını cavablandırmalı idi.
İcra başçısının ifadəsi istintaq sənədləri arasında olmayacaqsa, deməli, istintaq elə də dərin araşdırmalara baş vurmayıb. Yəqin ki, yaxın zamanlarda iş üzrə istintaqın yekunlaşmasından sonra araşdırmaların hansı səviyyədə aparıldığı bilinəcək.
Qeyd edək ki, yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov ANS-ə müsahibəsində istintaqın yaxın 10 gündə bitəcəyini açıqlayıb. Dövlət komissiyası təkcə Binəqədidə deyil, həmçinin Xətaidəki yanğınla bağlı da tam hesabat hazırlayıb prezidentə təqdim etməlidir. Dövlət Komissiyası hər iki binanın niyə və nədən yanması ilə bağlı dəqiq məlumat verməli, bu işdə məsuliyyətsizlik edən bütün dövlət qurumlarının adını çəkməlidir. Çünki dövlət başçısı komissiyanın iclasında “hamı məsuliyyəti bir-birinin üzərinə atmaq istəyir” deyərək hüquq-mühafizə orqanlarından ciddi araşdırma tələb edib. Bu səbəbdən də komissiyanın sədri Abid Şərifov hələ bir müddət əvvəl “heç kimin məsuliyyətini üzərimə götürən deyiləm” kimi mesaj göndərərək bir neçə məmuru çətin sınaq gözlədiyinə işarə edib.
A.Şərifovun istintaqın 10 günə yekunlaşacağını deməsi onu göstərir ki, prezident bu məsələni diqqətdə saxlayır və güman ki, yaxın günlərdə dövlət komissiyasının iclası keçiriləcək. Redaksiyamıza daxil olan məlumata görə, əslində istintaqın tam yekunlaşmasından söhbət getmir, çünki əsasən də Binəqədidəki yanğınla bağlı həbs edilənlər məsuliyyətin yalnız onlara “yüklənməsi” ilə razılaşmırlar.
Qəzənfər Novruzovun istintaqda verdiyi ifadəsində isə Binəqədinin icra başçısı Xaləddin İsgəndərov barədə şok məlumatlar açıqladığı deyilir. Məlumata görə, Xətaidəki yanmış bina ilə bağlı gözlənilməz həbslər də icra başçısı Razim Məmmədovu çıxılmaz vəziyyətə salıb. Bu işdə həbs edilənlər də məsuliyyəti Xətai İcra Hakimiyyətinin yetkililərində görürlər.
Xatırladaq ki, Xətaidəki binada baş verən yanğın da eyni icraatda birləşdirilərək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır. Baş Prokurorluq bu müddət ərzində yalnız onu bildirib ki, istintaq davam edir və hadisənin baş verməsində təqsiri olan digər vəzifəli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək onların məsuliyyətə cəlb olunması istiqamətində istintaq əməliyyat tədbirləri aparılır.
musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.