Bəzi məmurların vergi borcunu niyə az ödəməsilə bağlı araşdırmalar aparılır; seçkidən sonra bir neçə yüksək vəzifəli şəxs «vurula» bilər
Parlament seçkilərindən sonra bir neçə məmur cəzalandırıla bilər. Iqtidardakı mənbənin “Azadlıq”a bildirdiyinə görə, bunun kökündə ölkə başçısı Ilham Əliyevin həmin məmurların maliyyə məsələlərində xəyanəti ilə bağlı ciddi şübhələrinin olması dayanır.
Mənbə bildirir ki, ölkə başçısının Nazirlər Kabinetinin iclasında vergilərlə bağlı sərt çıxışı təsadüfi deyil. Bəzi dövlət qurumları vergi borclarını ya çox az verir, ya da ümumiyyətlə verə bilmir. Bu da ölkə başçısının həmin məmurlardan şübhələnməsinə səbəb olub.
Məsələn, “AZAL”ın 2014-cü il üçün vergi ödənişləri 29.7 milyon manat hesablansa da, faktiki ödəniş 14.6 milyon manat olub.
“Azərenerji” ASC isə 215.4 milyon manat vergi ödəməli olduğu halda, onun 146.8 milyonunun ödəyə bilib.
“Azərbaycan Dəmir Yolları” QSC üçün 24.6 milyon manat vergi nəzərdə tutulsa da, faktiki ödəmə bunun cüzi hissəsi olub: 3.2 milyon manat.
“Xəzər Dəniz Gəmiçiliyi”ndə oxşar vəziyyətdədir. Hökumətin hesabladığı vergi borcu 29.7 milyon manat olduğu halda, qurum cəmi 7 milyon manat ödəyib.
“Azərsu” isə 29.8 milyon manat vergi borcu olub. Amma ödəniş 10.2 milyon manat təşkil edib.
Təsadüfi deyil ki, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin səlahiyyətləri əlindən alınıb. Həmin vaxt “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri olan Arif Əsgərov da Cavid Qurbanovla əvəzlənib. Mənbə bildirir ki, “AZAL”la bağlı müzakirələr, ölkə başçısının Cahangir Əsgərovu sərt tənqid etməsi də təsadüfi deyil. Mənbənin sözlərinə görə, vergi borclarını az ödəyən qurumlarda ciddi yoxlamaların aparılacağı və bu yoxlamaların nəticəsindən asılı olaraq tədbirlər görüləcək. “Bu halda heç şübhəsiz bir neçə məmur cəzalanlırıla bilər”,- deyə mənbə əlavə edib.