Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun vəzifədən çıxarılması gündəmə gəlib.
Bu barədə JAM.AZ-a rayon İcra Hakimiyyətindəki mənbədən məlumat daxil olub.
Mənbə bildirir ki, adı müxtəlif qalmaqallarda hallanan Məmmədovun Sumqayıta başçı gəlmək fikri olub və bunun üçün xeyli çalışıb. Amma Eldar Əzizov və onu himayə edən klan Alimpaşa Məmmədova böyük əngəl yaradıb. Hətta vəziyyət o həddə çatıb ki, icra başçısının keçmişi ilə bağlı bütün kompromatlardan istifadə olunub, onunla bağlı dövlət rəhbərliyinə ilginc məlumatlar verilib.
Mənbənin sözlərinə görə, artıq bir həftədir ki, icra başçısı ciddi narahatçılıq keçirir və bunu başqalarından da gizlətmir: "O, ciddi təzyiq və müdaxilələrə məruz qaldığını deyir. Ola bilsin ki, yaxın günlərdə İcra Hakimiyyətinə və rayona yoxlamalar göndərilsin".
Məlumata görə, ölkə başçının dəfələrlə Şəmkirin sosial inkişafı üçün ayırdığı maliyyə vəsaitlərinin də düzgün xərclənmədiyi, böyük məbləğdə yeyinti faktlarının olduğu üzə çıxıb: "Bu da Alimpaşa Məmmədovu ciddi şəkildə qorxuya salıb. Çünki o, ölkə başçısının onunla bağlı sərəncamını hər an gözlyir".
Qeyd edək ki, Alimpaşa Məmmədov ötən ilin oktyabr ayında Şəmkirə icra başçısı təyin olunub. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş A.Məmmədov vergilər naziri Fazil Məmmədovun “vuran əli” hesab olunub. Belə ki, zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. A.Məmmədov əvvəllər isə Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Görünən odur ki, Şəmkirin icra başçısı postu Məmmədovun karyerasının son pilləsidir və onunla bağlı artıq qərar verilib.
Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.