Bir neçə gün bundan əvvəl Şirvanda baş vermiş intihar hadisəsinə dair sensasion detallar məlum olub.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin yerli idarəsinin baş mühasibinin intiharına səbəb QSC-nin rəhbəri Cavid Qurbanovun xüsusi göstərişi ilə aparılan yoxlama və üzə çıxan külli miqdarda yeyinti, korrupsiya faktlarıdır.
Üstəlik məlum olub ki, həmin idarənin rəisi nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərindən biridir.
İnformasiya agentliklərinin xəbərlərində deyilirdi ki, iyulun 18-də günorta saatlarında Şirvan şəhəri, Natəvan küçəsi, 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.
İntihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan dəmiryol idarəsinin baş mühasibi olub. İntiharın mümkün səbəblərinin araşdırıldığı göstərilirdi.
İndi isə virtualaz.org saytı özəl mənbələrdən məlumat əldə edib ki, Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsində Cavid Qurbanovun göstərişi ilə yoxlama aparılıb. Yoxlama nəticəsində ciddi qanun pozuntuları, xüsusilə iri məbləğdə dizel yanacağının mənimsənilməsi aşkar edilib. Həmin yanacaq “Azərbaycan Dəmir Yolları” QSC-yə dövlət qiymətindən aşağı qiymətə ayrılmışdı və dəmir yolu ilə daşınaraq topdansatış bazalarında satılırdı.
Məlum olub ki, idarənin rəisi Ziya Məmmədovun bacısının əri Adil Məhərrəmovdur. Bundan əlavə idarədə nazirin xeyli yaxın və uzaq qohumları da işləyir. Cavid Qurbanovun göstərişi ilə pozuntularda adı keçən bütün vəzifəli şəxslərin, o cümlədən Adil Məhərrəmovun işdən çıxarılacağı gözlənilir.
Adil Məhərrəmov isə virtualaz.org saytının əməkdaşının onun başçılıq etdiyi idarədə aparılmış yoxlama barədəki sualını cavablandırmaqdan imtina etdi. İdarə rəisi əvvəlcə məlumatın mənbəyi ilə maraqlandı.
“Bunu sizə kim deyib?”- deyə rəis əsəbi tonda soruşdu.
Daha sonra “Yoxlama barədə məlumatı sizə kim veribsə, gedin onunla dəqiqləşdirin, bizdə yoxlama-filan olmayıb” deyib telefonu qapatdı.