Qəzetimizin səhifələrində dərc etdiyimiz çoxsaylı materiallarda biz dəfələrlə belə bir faktı vurğulamışıq ki, bu gün Bakıda fəaliyyət göstərən, paytaxtımızın sakinlərinə və qonaqlara mədəni xidmət edən ictimai iaşə obyektlərinin sayının getdikcə artması, əlbəttə ki, ümumi maddı rıfahın yüksəlməsini, istirahət və əyləncə məkanlarına maraq və tələbatın artdığını vurğulayan göstərici kimi qiymətləndirilməlidir. Son zamanlar isə ölkəmizin həm də sevilən turizm mərkəzlərindən birinə çevrilməsi fonunda, beynəlxalq standartlara cavab verən kafe və restoranlar şəbəkəsinin inkişaf etdirilməsi həm də iqtisadi baxımdan zəruridir. Lakin biz hər dəfə belə bir həqiqəti də diqqət mərkəzinə çəkmişik ki, prosesin müvafiq instansiyaların ciddi nəzarəti altında deyil, kortəbii şəkildə həyata keçməsi halları çox zaman ciddi ictimai fəsadlara yol açır. Belə fəsadlardan biri də ictimai iaşə obyekti adı altında pərdələnərək fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının son zamanlar xüsusilə çoxalmasıdır. Acınacaqlı haldır ki, məhz son illər ərzində həm paytaxtda, həm də bölgələrimizdə müxtəlif yeni pritonların yaranmasında xüsusi dinamika müşahidə olunur. Redaksiyamıza yeni daxil olmuş növbəti məlumatda isə bu kimi əxlaqsızlıq yuvalarından birinin də paytaxtın Xətai rayonu Şirvani küçəsiəndə, “Əlillərin bərpa mərkəzi”nin bilavasitə yaxınlığında yerləşən “Azəri” kafesinin olduğu bildirilir. Mənbə göstərir ki, bu kafeyə “sıradan” müştərilərin gəlməmələri üçün xüsusi tədbirlər də görülüb. Belə ki, kafedə müştərilərə təklif olunan ən ucuz pivənin bir şüşəsinin qiyməti 4 manatdır. Lakin, qeyd olunduğu kimi, Cahangir adlı şəxsin işlətdiyi bu obyektin əsil fəaliyyət profili tamamilə başqadır. Bunu kafeyə daxil olan kimi anlamaq olur. Obyektin içərisi daima müxtəlif yaşlı qızlarla doludur və onlardan istənilən biri ilə hər zaman intim xidmət barədə danışıb razılığa gəlmək olar. Razılığa gəlmək də deyəndə ki, əslində burada danışılası bir mövzu da yoxdur. Belə ki, pritonda standart qiymətlər rəhbərlik tərəfindən artıq müəyyənləşdirilmişdir. Qızlardan istənilən birinin “qiyməti” 20 manatdır. Üstəgəl 20 manat da otağa görə ödəmək lazımdır. Maraqlıdır ki, Xətai RPİ-nin 34-cü Polis Bölməsinin nəzarətində olan ərazidə yerləşən bu pritonun fəaliyyəti göz qabağında olsa da, rayonun hüquq-mühafizə bu rüsvayçılığı durdurmaq üçün heç bir tədbir görmürlər. Məlumata görə, Cahangir özü bu halı bütün lazımi instansiyaların “haqqını” vaxtlı-vaxtında çatdırması ilə izah edir. Bu isə ətraf ərazilərdə yaşayan sakinlərin və xüsusilə də “Əlillərin bərpa mərkəzi”ndə reabilitasiya kursları keçən vətəndaşların hiddətinə səbəb olur. Bu xüsusda aldığımız son məlumatda bildirilir ki, əlil vətəndaşlar “Azəri” kafesi adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasının bağlanması tələbi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Prezident Administrasiyasına xüsusi müraciət göndərməyə hazırlaşırlar..http://teref.info/