İldırım Məmmədovun dostu Eldəniz Alıyev özünü əvvəlcə Təhsil Nazirliyinin, daha sonra MTN-in işçisi kimi təqdim etməsi ortalığı qarışdırıb, iş polisə düşsə də, müəmmalı şəkildə bağlanılıb
Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Məmmədovla bağlı yetərli qədər şikayətlər olsa da, onun haqqında hər hansı bir tədbirin görülməsi indiyədən müşahidə olunmayıb. Xüsusən də yeni rektor Yusif Yusifovun himayəsinə sığınmış Məmmədov universitetdə sözün həqiqi mənasında «at oynadır».
Bildirək ki, İldırım Məmmədovun neqativ işləri, lazımi səviyyədə bacarığının və biliyinin olmaması da çoxdanın müzakirə olunan məsələlərindəndir. Amma son günlər onunla bağlı olduqca ilginc bir məsələ ortaya çıxıb. Və işin üstü açılsa da, yenə də hər hansı bir tədbir görülməyib. İndi isə iki il bundan əvvəl baş vermiş hadisənin təfərrüatları ilə tanış olun.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, 11.03.2013-cü il tarixdə İldırım Məmmədov Bərdənin mal bazarında heyvan satışı ilə məşğul olan dostu Eldəniz Alıyevi Gəncəyə yanına çağıraraq, ona şikayət edir. Şikayətinin məğzi də ondan ibarət olur ki, rektor Yadigar Əliyev onu incidir və belə davam edərsə, aqibəti yaxşı olmayacaq. Ona görə də, danasatan dostuna tövsiyyə edir ki, plan qurub və onun icrasında yardımçı olsun.
Eldəniz Alıyev təbii ki, dostunun xahişini yerə salmır. Və rektoru qorxutmaq üçün planın icrasına başlanılır. İldırım Məmmədov adıçəkilən şəxsi özü ilə bazara aparıb, ona yaxşı bir kostyum, ayaqqabı, çanta, bloknot və dəftər alaraq, abıra salır. Sonra isə geyindirib, keçindirib GDU-ya gətirir. Daha sonra isə Alıyevi universitetin kollektivinə təqdim edərək bildirir ki, bəs, bu şəxs Təhsil Nazirliyindən gəlib, yoxlama aparacaq.
Rektor Yadigar Əluyev də baş verəndən narahat olaraq, təcili addımlar atır. Qısa müddətdə danasatan oğlana otaq ayırır. Onun narazı qalmaması üçün isə bütün şəraiti yaradır. Eldəniz Alıyev də plana uyğun olaraq, bütün müəllim və tələbələri yanına çağıraraq, onlardan izahat alır, tələbələrin davamiyyətini yoxlayır.
JAM.AZ xəbər verir ki, işin üstü çox keçmir ki, açılır. Buna səbəb isə Təhsil Nazirliyindən gələn qəfil zəng olur. Belə ki, rektora nazirlikdən zəng edən şəxs ona müəyyən bir tapşırıq verildiyini çatdırır. Amma rektor bildirir ki, Təhsil Nazirliyindən yoxlama gəlib və bu səbəbdən də həmin işi icra edə bilməz. Nazirliyin əməkdaşı isə «Biz GDU-ya heç bir yoxlama göndərməmişik» deyib, israr edincə rektor məsələni araşdırmağa başlayır.
Sabiq rektor danasatan Eldəniz Alıyevini yanına gələrək, ondan kim olduğunu soruşur. Qarşı tərəf də işin üstünün açılacağını görərək, iddia edir ki, bəs, o, guya, Təhsil Nazirliyindən deyil, MTN-in təhsilə nəzarət şöbəsindən gəlib. Hətta rektoru inandırmaq üçün ona saxta sənəd də göstərir.
Təbii ki, rektor bunun tələ olduğunu anlayır və təcili olaraq MTN-nin Gəncə şəhər şöbəsi ilə əlaqə saxlayaraq, onlara məlumat verir. Nəticədə məlum olur ki, ümumiyyətlə, MTN-də belə bir şöbə yoxdur və Eldəniz Alıyev də saxtakarlıqla məşğul olub. Bu azmış kimi, universitetə polis çağırılır və İldırım Məmmədovla danasatan dostu Eldəniz Alıyev Nizami rayon Polis Şöbəsinə aparılır.
JAM.AZ-ın araşdırmalarına görə, işin təhqiqatını baş leytenant Elçin Dünyamalıyev aparıb. Həmin vaxtı Eldəniz Alıyev işin çətinə düşdüyünü görərək, bütün hər şeyi açıb, deyir. Amma maraqlıdır ki, ortada bu cür ciddi fakt varkən, məsələ təhqiqat səviyyəsindən o yana keçməyib. Və iki il bundan əvvəl baş vermiş olay bağlı olaraq qalıb.
Bu əsnada onu da bildirək ki, sözügedən işlə bağlı rəsmi sənəd də artıq üzə çıxıb. Həmin sənədə əsasən aparılan araşdırmalar isə yaxın günlərdə oxuculara təqdim olunacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.