Baş nazir olmaq istəyən vergilər naziri indidən özünü hücumlardan sığortalamağa çalışır
Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyinin Ərazi Vergilər Departamentləri və Idarələrinin strukturunda müəyyən dəyişikliklər edilib. Nazirlikdən APA-ya verilən məlumata görə, 2 saylı Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər Idarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər Idarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilib.
Vergilər Nazirliyinin strukturunda müəyyən dəyişikliklərlə bağlı vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov əmr imzalayıb.
Vergilər Nazirliyindəki struktur dəyişikliyi ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatda deyilir ki, Fazil Məmmədovun bu addımı qabaqlayıcı tədbir kimi qiymətləndirilməlidir. Bildirilir ki, baş nazir postuna iddialı olan vergilər naziri indidən özünə qarşı hücumları dəf etməyə hazırlaşır. Məsələ burasındadır ki, ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin iclasında vergi işçilərini də tənqid etmişdi. “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, ”krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır",- deyə ölkə başçısı bildirmişdi. Ilham Əliyevin qeyd etdiyi məsələ xüsusilə Vergilər Nazirliyinin Ərazi Vergilər Departamentlərinə və Idarələrinə xasdır. Təsadüfi deyil ki, Fazil Məmmədov da məhz bu strukturlarda dəyişiklik aparır.
Vergilər naziri onsuz da Azadlıq prospektində yanan bina ilə bağlı qohumu olan Binəqədinin icra başçısı Xaləddin Isgəncərova görə ciddi zərbə alıb. Yeri gəlmişkən, “Yeni Müsavat” qəzeti yazıb ki, Binəqədidə binaların üzlənməsinə ayrılan vəsait dövlət büdcəsindən verilməyib. Həmin vəsait Fazil Məmmədovun olub: “Məlumdur ki, vergilər naziri 3 rayonun - Binəqədi, Şəmkir və Gədəbəyin qeyri-rəsmi kuratorudur. Həmin rayonlardakı abadlıq işlərinə də icra başçıları vasitəsilə nazirin özü nəzarət edir. Belə iddia var ki, Binəqədidəki binanın üzlənməsinə nazirin nəzarətindəki hesabdan pul ayrılıb. Yəni yanan binaya ”ölüm paltarı" Fazil Məmmədovun pulu hesabına alınıb".
Bundan başqa Fazil Məmmədovun adı “obnoliçka əməliyyatları”nda hallandırılır. Məlumat üçün deyək ki, “obnoliçka əməliyyatları” imkansız, savadı olmayan vətəndaşların adına şirkətlər yaradılmaqla həyata keçirilir. Həmin şirkətlər vasitəsilə iri məbləğli maliyyə əməliyyatları aparılır, lakin vergi ödənilmir. Şirkətin vergi borcu 1 milyon manata çatanda “sahibi” həbs olunur. Bu işin əsas fiqurantları isə məsuliyyətdən kənarda qalaraq yeni qurbanlar tapır. Hazırda “obnoliçka əməliyyatları”na görə həbsxanalarda yüzlərlə şəxs cəza çəkir. Onlardan biri də Sumqayıt şəhər sakini Şamil Əliyevdir.
Şamil Əliyev 2012-ci ildə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun adına bir neçə şirkət açılıb. Istiqlal.az-ın məlumatına görə, məhz Şamil Əliyevi bu işə cəlb edən mütəşəkkil dəstə özlərinin himayədarı kimi Fazil Məmmədovun adını çəkiblər. Şamil Əliyev bu barədə cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən ölkə başçısı Ilham Əliyevə ünvanladığı müraciətdə bildirib. Şamil Əliyev yazır ki, onu bu işə Sumqayıt sakinləri olan Əmrah və Cəbrayıl adlı şəxslər cəlb edib: “Işin mahiyyəti mənə aydın deyildi. Mənə demişdilər ki,şirkət açmışıq səni ora müdir təyin edəcəyik. Mən onlara ali təhsilli olmadığımı, savadsız olduğumu bildirdikdə dedilər ki, bunun üçün savad lazım deyil. Sənin işin yalnız müəyyən sənədlərə imza atmaq olacaq. Sonradan öyrəndim ki, onların da rəhbəri Bakıda yaşayan Şahoğlan adlı şəxsdir. Amma hamı ona Şahin deyirdi. Bildirirdilər ki, bizim arxamızda vergilər naziri dayanır. Məni əmin etdilər ki, bu işdə heç bir qanunsuzluq yoxdur. Hər dəfə bankdan pul çıxarılanda mənə 10-20 manat civarında pul verirdilər. Mən isə adətən 500 min, bəzən bundan da artıq məbləğlərə imza atırdım. 2012-ci ildə həbs olunarkən məlum oldu ki, mənim 1 milyondan artıq vergi borcum var. Istintaq zamanı dedim ki, axı mən 10-20 manat maaş almışam bunun vergi borcu necə 1 milyondan artıq ola bilər? Mənə izah etdilər ki, səni aldadıblar, adına şirkətlər açaraq maxinasiyalar ediblər,bütün məsuliyyət də sənin ayağına yazılıb. Məndən bu işləri kimin gördüyünü soruşdular. Mən də Əmrah, Cəbrayıl və Şahoğlan haqqımda bildiklərimi dedim. Lakin nədənsə onlar barəsində heç bir tədbir görülmədi. Bu zaman mən əmin oldum ki, həqiqətən də onları yüksək səviyyədə himayə edənlər var”.
Bütün bunlarla yanaşı bir də vergi departamentlərindən çoxsaylı şikayətlər Fazil Məmmədovun baş nazir olmaq planlarını alt-üst edə bilər. Bu baxımdan nazir indidən özünü sığortalamağa çalışır.