İlham Əliyevin ABŞ-dan yeni gözləntilərinin arxasında nə durur? Ağ Ev İran dosyesində olduğu kimi, qətiyyət göstərərsə, Güney Qafqazın ən üzücü ixtilafı da tarixin arxivinə verilə bilər...
Gələn ay Nyu-Yorkda BMT Baş Məclisinin yubiley sessiyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Məlum olduğu kimi, belə bir təşəbbüs Qərbdən, daha doğrusu, ABŞ-dan gəlib. Prezidentlərin sonuncu Paris görüşünün ardınca (27 oktyabr 2014) bu, onların (Robert Köçəryanla görüşlər də daxil), sayca 27-ci birbaşa təması olacaq.
Ümidlər təbii ki, indi də qarşıdakı görüşə bağlanıb. Bəzi təhlilçilərə görə, Rusiya prezidenti Vladimir Putinin də eyni vaxtda Nyu-Yorkda olması təmasa xüsusi rəng qata, hətta Rusiya liderinin iştirakı ilə hansısa ilkin anlaşma da əldə oluna bilər.
Belə olub-olmayacağını indidən söyləmək çətindir, ancaq Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamaya göndərdiyi son ad günü təbrikində maraqlı bir detal yer alıb. Sitat: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq”.
***
Dünyanın supergücü kimi, ABŞ-a bəslənən ümidlərin əlbəttə ki, obyektiv və ciddi əsasları var. İranın nüvə proqramı ilə əldə olunan Vyana sazişi də göstərdi ki, Ağ Ev siyasi qətiyyət göstərsə, ciddi şəkildə əl qoysa, Güney Qafqazın ən üzücü ixtilafı da tarixin arxivinə verilə bilər. Bu xüsusda amerikanın ölkəmizdəki sabiq səfiri və Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza bir neçə dəfə belə bir təkliflə çıxış edib ki, Barak Obama Qarabağ məsələsinə şəxsən müdaxilə etməli, problemin tezliklə həlli üçün Azərbaycan və Ermənistan prezidentlərini Ağ Evə dəvət eləməlidir. Yəni nizamlama prosesi bilavasitə ABŞ prezidenti tərəfindən nəzarətə götürülməlidir.
Heç şübhəsiz, Azərbaycan dövlət başçısının Obamadan Qarabağ gözləntisinin arxasında ən əvvəl belə bir reallıq, Vaşinqtonun böyük vasitəçilik potensialına olan inam dayanır. Bu, həm də o anlama gəlir ki, rəsmi Bakı ABŞ-ın, onun Minsk Qrupundakı həmsədri Ceyms Uorlikin son səylərinin real nəticə verməsində maraqlıdır və Rusiyanın problemin nizamlanmasına yönəlik səylərini səmimi saymır, Kremlin Qarabağ təşəbbüskarlığının perspektivinə inanmır.
Gerçəkdən də Bakı son illər Rusiya ilə nə qədər sıcaq münasibətlər qurmağa çalışsa da, ona çoxsaylı, Qərbdə aşkar qıcıq doğuran reveranslar eləsə də, Moskvanın Qarabağ məsələsində Azərbaycanın xeyrinə hansısa addım atmasına hələ ki, nail ola bilməyib. Əksinə, German Sterliqov sindromu, Azərbaycanın öz içində Rusiya məxfi qurumlarına bağlı adamların əli ilə “Avrasiya hərəkatı”nın yaradılması cəhdləri göstərdi ki, Kreml heç nə təklif eləmədən, təzyiqlər yolu ilə Azərbaycanı öz orbitinə qaytarmaq, Qarabağ kartından istifadə eləməklə bundan sonra da Azərbaycan və Ermənistanı öz nəzarətində saxlamaq niyyətindədir.
***
Yaranmış vəziyyətdə pis-yaxşı ümidlər yenə Qərbə, xüsusən də ABŞ-a və onun ədalətinə bağlı və ünvanlı qalır. Ancaq əfsuslar olsun ki, Rusiya kimi bütövlükdə Qərbin - Avropa və ABŞ-ın münaqişəyə yanaşmasında da obyektiv və ədalətli mövqeyi hələ ki, görünmür. İkili standart yanaşması həm Rusiyanın, həm də Avropa və Amerikanın mövqeyində qalmaqdadır.
Acı gerçəklik budur ki, Qarabağ separatçılarının üzünə öz qapısını Qərb ölkələri də, Rusiya da eyni dərəcədə açıq saxlamaqda, erməni separatçılarına üstəlik, maliyyə-siyasi, informasiya dəstəyi verilməkdədir. Baş separatçı Bako Saakyan isə eyni dərəcədə və daima Kremlin, Brüssel və Vaşinqtonun sevimli və arzu olunan müsafiri qismindədir. Əgər Londonun nüfuzlu Kral İnstitutu ona məruzə eləmək üçün İngiltərəyə dəvət edirsə, Rusiya da onu səxavətlə nüfuzlu dövlət ordeni sayılan “Böyük Pyotr” ordeni ilə mükafatlandırır. Sanki separatçılar uğrunda bir rəqabət, yarış gedir...
***
Bütün bunlar əlbəttə ki, açıq-aşkar Azərbaycana, onun ərazi bütövlüyünə qarşı olan, separatizmi qızışdıran hərəkətlərdir. Bir neçə gün öncə isə obyektvliyinə daha çox inandığımız Almaniyanın ictimai radiosu - “Alman dalğası”nın əməkdaşı işğal altındakı Dalıq Qarabağa gedərək, oradan ölkəmiz və onun ərazi bütövlüyü əleyhinə təxribatçı reportaj hazırladı.
Odur ki, Azərbaycan tərəfi mövcud şərtlər altında münaqişənin həllini tezləşdirmək istəyirsə, bacardıqca özünün iqtisadi, hərbi qüdrətini, demokratik imicini daima gücləndirmək haqda düşünməli, təcavüzkar Ermənistanı bu göstəricilər üzrə dəfələrlə üstələməyi bacarmalıdır.
Əlverişli müharibə şərtləri yetişənədək ayrı yol yoxdur. Bu, həm də ona görə lazımdır ki, erməni tərəfinin “Dağlıq Qarabağ əhalisi avtoritar, insan haqlarını ayaqaltı edildiyi Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilməz” kimi iddiası əlindən alınsın.
***
Azərbaycanın əsas üstünlüyü odur ki, beynəlxalq hüquq hələ ki onun tərəfindədir. İstənilən halda münaqişənin ölkəmizin xeyrinə həlli üçün hüquqi baza mövcuddur. Bu - BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT Parlament Assambleyasının, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatınin Dağlıq Qarabağa dair ədalətli, Ermənistanı təcavüzkar kimi tanıyan qətnamələridir, BMT Nizamnaməsidir.
Bu sənədləri heç kim ləğv eləməyib. Azərbaycan prezidentinin Obamaya Qarabağ çağırışının arxasında şəksiz ki, həm də bu reallığın ciddiyə alınacağına olan ümid dayanır.
Siyasət şöbəsi